Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar – ARAŞDIRMA
Yanukoviçlə Putin aprelin 21-də Rusiyanın Krımdakı Qara dəniz donanmasının icarə müddətinin əlavə 5 il də olmaq (yəni 2047-ci ilədək) şərtilə daha 25 illiyə uzadılmasına dair qalmaqallı Xarkov sazişini imzalayan kimi Azərbaycanda da yaxşı tanınan britaniyalı hüquq müdafiəçisi, “Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatının proqram direktoru Maks Taker Kiyevə köçdü. O, burada aparıcı Qərb təşkilatının regional nümayəndəliyinə rəhbərlik edirdi.
Bu suala uzun müddət cavab tapa bilmədim: Kiyevdə belə çox qalmaq M.Takerin nəyinə lazım idi? O, uzun illər ərzində, yeni inqilabi şərait yaranana qədər Kiyevdə nə iş görürdü? Ukrayna və Azərbaycan üzrə isxtisaslaşan bu britaniyalının başı bəlkə ukraynalı məhbusların hüquqlarının müdafiəsinə bərk qarışıb?! Onun Kiyevə gəlişinin Yanukoviçin şəxsi hakimiyyətinin möhkəmlənməyə başlaması ilə eyni vaxta düşməsi bəlkə sırf təsadüf olub?!
M.Taker çıxıb gedəndən sonra Ukrayna mətbuatında onun fəaliyyəti ilə bağlı cəmi 10 xırda və əhəmiyyətsiz dumanlı informasiyaya rast gəlmək olar. Bu isə onu deməyə əsas verir ki, Maks Kiyevdə nəsə daha ciddi işlərlə məşğul imiş. Bu nəsnə isə məhbusların hüquqlarının müdafiəsindən də vacib və əhəmiyyətli imiş.
Mənim gəldiyim bu əqli və məntiqi nəticəni amerikalı ekspert Pol Kreyq Robertsin sensasion etirafı da təsdiqləyir. P.K.Roberts öz məqaləsində (“Washington Orchestrated Protests Are Destabilizing”) əminliklə yazır: “Qərbi Ukraynadakı etiraz aksiyalarını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Dövlət Departamenti, həmçinin Vaşinqton və Aİ-nin maliyyələşdirdiyi QHT-lər təşkil etmişdi. Həmin QHT-lər MKİ və Dövlət Departamenti ilə əlbir işləyirlər” (Ukraine - https://azvision.az/redirect.php?url=http://www.paulcraigroberts.org/2014/02/12/washington-orchestrated-protests-destabilizing-ukraine/).
Tutaq ki, Taker Kiyevdə bu illər ərzində doğrudan da məhbusların dərd-səri ilə məşğul olub, Pol Kreyq isə Rusiya tərəfindən ələ alınıb. Bəs onda amerikalı “qırğı” xanım Nulandın etirafına nə sözünüz?! Viktoriya Nuland hələ Kiyevdə mitinqçilərə ABŞ kökələri paylanmazdan əvvəl, dinc Avromaydan etirazlarının ən qızğın çağında - 2013-cü il, dekabrın 13-də Vaşinqtondakı Milli Mətbuat Klubunda açıq mətnlə demişdi ki, “ABŞ Ukraynada təşviqat işlərinin aparılmasına on milyonlarla dollar xərcləyib”.
Bu məbləğ bəlkə də inandırıcı görünmür. Amma fakt faktlığında qalır. Ukraynada beynəlxalq statusu olan 400-dək fond, humanitar sferada çalışan 350-dən çox beynəlxalq təşkilat, xarici QHT-lərin 180 yerli bölməsi fəaliyyət göstərir. Yəni Yuşşenko ilə Yanukoviçin milli təhlükəsizliyi təmin etmək sahəsində nəsə bir iş görməyə macal tapmamasından istifadə edən Qərb bu ölkədə demokratiya uğrunda mübarizə üçün əla platsdarm yarada bilmişdi. Bu cəbhənin öncülləri arasında ABŞ və Qərbin kəşfiyyat orqanlarının yardımçı qurumları - Azərbaycan ictimaiyyətinə də yaxşı tanış olan, daxili siyasi vəziyyəti gərginləşdirmək məqsədi güddükləri üçün Azərbaycandan qovulan aşağıdakı təsisatlar vardı: Milli Demokratiya İnstitutu (MDİ/NDİ), Beynəlxalq Pespublikaçılar İnstitutu (İRİ), habelə ABŞ səfirliyi, Soros Fondu (Açıq Cəmiyyət İnstitutu), “Revenew Watch” kimi qurumların fəaliyyətini koordinasiya edən USAİD...
Azərbaycanda olduğu kimi Ukraynada da MDİ-nin “siyasi fəalların seçkiqabağı kampaniyaya hazırlanması məqsədilə onlara yardım göstərilməsi” üçün reallaşan xüsusi proqramlarının sayı sürətlə artırdı. MDİ bu kampaniyaları nədənsə yalnız “Batkıvşina”, “Bizim Ukrayna”, “Azadlıq”, UDAR, “Dəyişikliklər cəbhəsi”, NRU və s. bu kimi müxalifətçi qurumlar üçün aparırdı.
Bu yaxınlarda Azərbaycanda fəaliyyəti dayandırılan ABŞ “Sülh korpusu” da Avromaydan hadisələrinə qədər Ukraynada çox fəal idi. “Sülh korpusu”nun Ukraynada hətta balaca rayon mərkəzlərinə qədər bütün ölkəyə səpələnmiş 472 könüllüsü vardı. Azərbaycanda isə onun 108 fəalı vardı. “Sülh korpusu” Ukrayna və ya Azərbaycan kimi ölkələrdə nə işlə məşğuldur? Cavab aydındır. Əlbəttə ki, sonradan ABŞ-ın müvafiq analitik mərkəzlərinə göndərilən informasiyaları toplamaqla və ölkədə müvafiq və zəruri məlumat meydançası (bazası) yaratmaqla məşğuldur.
“Sülh korpusu” ilə yanaşı USAİD də bu istiqamətdə həlledici rol oynayır. USAİD Azərbaycanda olduğu kimi Ukraynada da ciddi məqsədlər güdürdü. Məqsəd sosial şəbəkələr vasitəsilə ictimai rəylə işləyəcək amerikapərəst və avropapərəst jurnalistlər və bloggerlər şəbəkəsi yaratmaq idi. Bu proqram Ukraynada hər halda konkret nəticələr verdi. Ukraynanın Rusiyaya meylli cənub-şərq regionları ideoloji və təbliğat-təşviqat baxımından qısa müddət ərzində ciddi şəkildə “emal olundu”. Nəticə göz qabağında idi: rusiyapərəst regionlarda Kreml tərəfindən təşkil olunan “putinq-mitinq”lərə 1000-dən artıq adam yığmaq mümkün olmurdu. Halbuki 7-8 il qabaq həmin regionlarda ruspərəst ukraynalıların mitinqlərinə on minlərlə adam gəlirdi. Vəziyyət kökündən dəyişib.
Metodologiyada daha bir oxşarlıq var. Əgər Azərbaycan və Türkiyə kimi ölkələrdə üstünlük ABŞ-ın Pensilvaniya ştatından idarə olunan nurçuluğa (bu cərəyanı da Azərbaycana Türkiyənin əli ilə sırımağa cəhd edirdilər) verilirdisə, Ukraynada Pyastovsk və ya Yagellonsk ordeni doktrinası qüvvədədir. Bu dini (geosiyasi) məktəbin mərkəzi qərargahı Londonda yerləşir. Yeri gəlmişkən, polşanın indiki siyasi rəhbərliyi bu məktəbin ciddi təsiri altındadır. Həmin məktəb vasitəsilə Ukraynadakı ictimai əhval-ruhiyyəyə də ciddi təsir göstərilir. Nurçular bir vaxtlar Azərbaycan Prezident Administrasiyasındakı adamlarına təsir göstərdikləri kimi...
2005-ci ildəki narıncı kult zamanı Bakıda peyda olan CANVAS məşq məktəbi (Belqrad) də Ukraynadadır. Bu təşkilat Yanukoviç əleyhinə keçirilən mitinqlərdə fəal iştirak edib. Mexanizmlər isə ərəb baharı texnologiyasını çox xatırladırdı...
Yeri gəlmişkən, bir çoxlarının düşündüyünün əksinə olaraq, prezidentlərinin devrilməsinə heç də milyardlarla dollar lazım deyil. Yanukoviçin devrilməsi üçün hazırlanan xüsusi əməliyyatın ABŞ vergiödəyicilərinə neçəyə başa gəldiyini söyləmək hələ bir qədər çətindir. Bunu yəqin ki, bir müddətdən sonra biləcəyik. Amma Yanukoviçə qarşı 10 əvvəl keçirilən ilk xüsusi əməliyyat 18,3 milyon dollara başa gəlmişdi. Prezident Barak Obamanın milli təhlükəsizlik məsələləri üzrə xüsusi köməkçisi, ABŞ-ın Rusiyadakı indiki səfiri Maykl Makfol bunu açıq şəkildə etiraf etmişdi. M.Makfol narıncı inqilab zamanı bütün maliyyə yardımlarını şəxsən özü koordinasiya etmişdi. Həmin pulların 68 faizi seçki prosesinə və siyasi partiyaların fəallaşdırılmasına yönəldilmişdi. Pulların qalan hissəsi isə Azərbaycanda da yaxşı tanınan, haqqında danışdığımız vaxt isə MDİ-nin Ukrayna nümayəndəliyinə rəhbərlik edən Aleks Qriqoryevsin vasitəsilə bölünüb xərclənmişdi. Mülki sektor fəallarının maliyyələşdirilməsi “Freedom Housе” vasitəsilə həyata keçirilmişdi. Mətbuata isə 1,2 milyon dollar verilmişdi.
Yanukoviçin ilk məğlubiyyətinə 20 milyon dollara qədər lazım olmuşdusa, artıq 2011-ci ildə Rusiyadakı prezident seçkiləri üçün 50 milyon dollar ayırmaq alazım gəldi. ABŞ Konqresi bu pulu 2011-ci ilin sonlarında ayırmışdı. Putini devirmək mümkün olmasa da Kremlin əsəblərini Bolotnayada o ki var korladılar. Vəziyyət az qala nəzarətdən çıxacaqdı...
Burada da maliyyələşdirmənin əsas mexanizmi vətəndaş cəmiyyəti - QHT-lər idi. Vaşinqton qeyri-hökumət sektorunun güclənməsində məhz elə buna görə həmişə maraqlıdır. Bu strukturlar hakimiyyət üzərində nəzarət funksiyasını yerinə yetirmək aləti sayılır. QHT-lərin ölkənin siyası həyatındakı rolunun gücləndirilməsi idarəolunan tənqidçi kütlənin yaradılmasını şərtləndirir...
2013-cü il prezident seçkilərindən 9-10 ay əvvəl Azərbaycanda da buna bənzər hadisələr olmuşdu. O vaxt Bakının mərkəzində qəfildən, elə hakimiyyət üçün də gözlənilməz şəkildə passionar və yaxşı idarə olunan, sıralarında gəncləri və ziyalıları birləşdirən radikal ovqatlı bir kütlə formalaşdı. Bu kütlə barrikadalar qurub hakimiyyətlə açıq qarşıdurmaya getməyə hazır idi. Azərbaycan hakimiyyəti bu kütlənin yaranıb formalaşması prosesini nəzərdən qaçırmışdı. Bu proses heç kimin diqqətini çəkməyən QHT-lərin iştirakı ilə və sanki tamamilə nəzərə çaprmayan şəkildə baş vermişdi. Eynən Ukraynada olduğu kimi...
Faciəvi Ukrayna dramından sonra məni bu vacib sualın əsas cavabı düşündürür: Qərb 2013-cü il “Bakı baharı”nın ssenarisini yenə təkrarlaya biləcəkmi? Ukraynalı texnoloqlar Azərbaycan reallıqlarına uyğunlaşmağa nə dəcədə nail oldular?
Birmənalı olmayan bu suallara birmənalı cavab vermək üçün gəl Azərbaycanın QHT sektoruna maliyyə axınını və Azərbaycan sxemini nəzərdən keçirək.
Azərbaycan sxemi
Azərbaycan QHT sektorunun aldığı qrantların və maliyyə dəstəyinin miqyasını araşdıranda bu sualı verməmək olmur: Azərbaycanda indiyə qədər niyə inqilablar baş verməyib?
Cavab sadədir: Azərbaycan hakimiyyətinə təkcə effektiv güc və polis aparatı yox, həm də bizim QHT sektorunun korrupsiyalaşması amili kömək edib. Ayrılan vəsaitin həcmi, sonra isə o pulların bizim qrantyeyənlər dəstəsi tərəfindən öz qərbli kuratorları ilə əlbir şəkildə oğurlanmasının və mənimsənilməsinin miqyası adamı sadəvə heyrətə gətirir. Bizim “kapitan Qrantın uşaqları” qrant kimi verilmiş maliyyə vəsaitinin oğurlanmasında yalnız öz belaruslu həmkarları ilə yarışa girə bilərlər. Lukaşenkonun devrilməsi üçün ayrılan pulların həcmi Yanukoviç və ya Qəzzafi ilə mübarizə məqsədilə ayrılan pulların məbləğindən on dəfələrlə çoxdur. Belarus QHT-lərinə çatası pullar MKİ-dən gəlir və Litva (ümumən Baltikyanı ölkələr) xüsusi xidmət orqanlarının əli ilə ünvanına çatdırılır. Belaruslu qeyri-formallar öz litvalı kuratorları ilə birlikdə milyonları silib yeyiblər. Yaddaşı yaxşı olan oxucular 2009-2010-cu illərdə olan əhvalatı - Belarus müxalifətinə və QHT-lərinə ayrılmış pulların doğrudan da detektiv romanları xatırladan tarixçəsini yadlarına salmalıdır. Amma azərbaycanlı qrantyeyənlər və onların qərbli kuratorları hətta iki inqilaba bəs edəcək bütün pulları oğurlayıblar!
2002-ci ildən 2014-cü ilədək təkcə üç fond Azərbaycan QHT-lərinə 32 milyon dollardan çox vəsait ayırıb. Təsəvvür edirsinizmi?! Yəni müxalifətə yaxın vətəndaş fəalları 10 il ərzində üç mənbədən ukraynalı müxalifətçilərdən az qala iki dəfə çox, yaxud da rusiyalı vətəndaş fəalları qədər pul alıblar. Qərbin yüzlərlə fondu tərəfindən ayrılan qrantları da bunun üstünə gəlsək, hansı şişman məbləğin yarandığını təsəvvür edirsinizmi?!
Bütün postsovet ölkələri inqilablarının əsas pul mənbəyindən - cənab Corc Sorosdan başlayaq. Yeri gəlmişkən, C.Soros Azərbaycan ictimaiyyətini etiraza qaldırmaq cəhdlərinin əbəs olduğunu anlayınca daha çox pul itirməmək qərarı verdi və özünün Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəiyini sadəcə olaraq bağladı. Niyə də olmasın?! C.Soros göstərilən müddət ərzində Azərbaycanda etirazlar baş qaldırsın deyə 20 milyon dollardan çox, lap dəqiqini desək, 25 milyon 505 min dollar pul xərcləmişdi (verilən qrantların bütün hesabatları şəffaf idi və mətbuatda dərc olunub). Bəs nəticə? Nəticə sıfırdır!
Bakının bir vaxtlar ən nüfuzlu “qrant salonu” olan Açıq Cəmiyyət İnstitutunun Lixtenşteyn filialı tərəfindən açılmış Azərbaycan nümayəndəliyinin binasında indi qəbiristanlıq sükutu hökm sürür: bütün əməkdaşlar işdən gedib, bütün kabinetlər boşalıb, bir vaxtlar şöhrət qazanan təşkilatın şərəfini isə iki yaşlı qadın qoruyur. O yazıqlar da qorxu içindədir. Hər dəqiqə Vergilər Nazirliyinin və digər hüquq-mühafizə orqanlarının gəlib yoxlama paracağını gözləyirlər.
Bu qorxunun səbəbini anlamaq olar. Açıq Cəmiyyət İnstitutunun rəhbərliyi qurumun Azərbaycan nümayəndəliyini bağlamaq ərəfəsində bəzi izləri nəyə görəsə itirməyə başlamışdı. Bakı ofisinin saytı qəfildən yoxa çıxdı. Azərbaycan QHT-lərinə verilən qrantlar haqdakı bütün hesabat və informasiyalar bu saytda işıqlandırılırdı.
Yeri gəlmişkən, burada haqlı bir sual yaranır: Sorosun London, Nyu-York və İsveçrədə məşhur ofisləri ola-ola onun təşkilatının Bakıdakı nümayəndəliyi Açıq Cəmiyyət İnstitutunun niyə məhz Lixtenşteyn filialı tərəfindən açılmışdı?
Böyük və ağır sualdır. Açıq Cəmiyyət İnstitutu nümayəndəliyinin direktoru Fərda Əsədovun rəhbərliyi dövründə burada korrupsiyanın və “otkat”ların çiçəklənməsi barədə də Bakının az qala hər tin-bucağını belə böyük şayiələr bürümüşdü. Bu şayiələr gedib Nyu-Yorka da çatdı. Nəticədə F.Əsədov direktorluqdan çıxarıldı.
Amma Sorosun Bakıdakı işləri arasında aydınlaşdırılası xeyli məqam var. İnstitutun mühasibatlıq sənədlərinin yoxlanılması məsələsini müvafiq orqanların öhdəsinə buraxaq. Bizi medalın o biri üzü daha çox maraqlandırır.
Soros Fondundan ən çox qrant alan fəallardan biri Müsavat Partiyası Divanının üzvü Qubad İbadoğlu idi. Q.İbadoğlu qardaşı Vüqar Bayramovla birgə Azərbaycan qrant mafiyasının “xaç ata”larından biri sayılır. İlkin hesablamalara görə, Q.İbadoğlu və ona yaxınlığı ilə seçilən QHT-lər 10 il ərzində (2004-2014) 14 milyon dollar məbləğində qrant alıblar. Bu isə təxminən Yanukoviçi devirməyə göstərilən birinci cəhd üçün ayrılan məbləğ qədər vəsait deməkdir.
C.Sorosun səxavətlə qrant verdiyi şəxslər arasında hökumətin tanınmış tənqidçilərinin də adı yer alır: iqtisadçı-ekspertlər Azər Mehtiyev və cəbhəçi Rövşən Ağayev (108 min 613 manatlıq 12 qrant), sumqayıtlı müxalifətçi Elçin Həsənov (17 min manat), müxalifətçi Əvəz Həsənov (17 min 430 manat), hüquqşünas İntiqam Əliyev (83 min 795 manat), hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı (65 min 382 manat) və s.
Allah onların da, Sorosun da köməyi olsun. Sorosun missiyası onsuz da Amerika xarici siyasətinin məqsəd və arzularını dollarla dəstəkləməkdən ibarətdir. Bəs onda Oxfam kimi təşkilatın ölkənin siyasi həyatına cəlb olunmasını necə izah etmək olar? Hamıya məlumdur ki, Britaniyanın bu təşkilatı Aclıq Çəkənlərə Yardım Komitəsi kimi (ingiliscədə adı belədir: Oxford Committee for Famine Relief) yaradılıb. Bu təşkilat dünyanın 90 ölkəsində yoxsulluq və onunla bağlı yaranan sosial ədalətsizlik probleminin həlli üzərində işləyir. Amma öz fəaliyyətlərini mövcud hökumətləri devirməyə yönəltmiş müxalifətçiləri (lap elə kasıb, yoxsul müxalifətçiləri də!) aclıq çəkənlərin siyahısına daxil etmək dünyanın heç bir ölkəsində Oxfam nümayəndələrinin ağlına belə gəlməyib. Dünyanın heç bir ölkəsində!
Uzağa getməyək. Oxfamın sevimliləri arasında həmin bu Qubad İbadoğlu və ona bağlı QHT-lər öndə gəlir. İndiki hökuməti devirmək istəyini gizlətməyən müxalifətçi Zöhrab İsmayıl da Oxfam favoritlərindəndir. Z.İsmayıl cəbhəçi Rövşən Ağayev və Neyman Səfərəliyevlə birgə Oxfamdan 47 min 760 avro məbləğində 3 qrant, müsavatçı Q.İbadoğlu isə 534 min 254 avro məbləğində 17 qrant alıb. Düz yarım milyon! Baho, bu Oxfam lap Volqaboyu aclarına yardım komitəsi imiş ki...
Vergilər Nazirliyi lap elə bu yaxınlarda Oxfamın maliyyə sənədlərini yoxlamışdı. Nazirlikdəki məlumatlı mənbələrin verdiyi xəbərə görə, bu yoxlama zamanı aclıq çəkənləri xilas etmək üçün ayrılan pulların yuyulmasını həyata keçirən korrupsiya mexanizminin mövcudluğu üzə çıxıb. Oxfamın Azərbaycan nümayəndəliyinin başçısı Şövkət Əlizadənin üzündən xeyirxahlıq yağmasına baxmayaraq burada sən demə, kasıblar və qaçqınlar ümün nəzərdə tutulan pulların oğurlanması üçün çox “xeyirxah” bir sxem düşünülübmüş.
Bu fırıldaq sxeminə baxın hələ. Oxfamın Azərbaycan nümayəndəliyinin əməkdaşları Rauf Əliyev, Elşad Fərzəliyev və Vaqif İsmayılov “Aran” Regional Humanitar İnkişaf İctimai Birliyi təsis ediblər. Oxfamın nümayəndəliyinin əməkdaşları tərəfindən yaradılmış bu ictimai birlik elə Oxfamın öz nümayəndəliyindən (!) 1 milyon avro, 43911 dollar və 39698 funt-sterlinq məbləğində 32 qrant alıb! Təsəvvür edirsinizmi? Və bütün bu cinayətlər yoxsullara və aclıq çəkən insanlara yardım kimi xeyirxah və nəcib bir şüar altında törədilib! Beləsinə daha nə deyəsən?!
Mənə elə gəlir, prezident İlham Əliyevin bəxti onda möhkəm gətirib ki, həmin 14 milyon dolları məhz Qubad İbadoğlu alıb və onları çox uğurla “əridib”. Əgər Yaroş Azərbaycanda olsaydı və bu pulları o alsaydı, nələrin olacağını təsəvvür edirsinizmi? O halda bu qədər pulla “silahlanmış” Azərbaycan vətəndaş cəmiyyəti sektorunun qabağında dayanmaq olmazdı...
Söz yox, öz yaroşlarımız da kifayət qədərdir. Onlara da MKİ-nin fondu olan NED-in prototipi EED (European Endowment for Democracy), yəni Avropa Demokratiyaya Yardım Fondu kömək edir. Avropa Komissiyası və Aİ üzvü olan bir sıra ölkələr təfəindən təsis olunmuş EED faktiki olaraq Avropa İttifaqının hökumət fondudur. EED də zahirən demokratik dəyərlərin müdafiəsi və demokratiyanın inkişafı kimi nəcib məqsədlər naminə fəaliyyət göstərir. Amma gəl baxaq görək bu fond Azərbaycanda hansı layihələri dəstəkləyir.
Antiəliyev müxalifətinin xaricdəki qanadının açıq-açığına ekstremist ruhlu mətbu orqanı olan “Meydan” TV-ni məhz EED maliyyələşdirir. “Meydan” TV Azərbaycan cəmiyyətində sinfi düşmənçiliyi və sosial seqreqasiyanı təbliğ edir, hakimiyyət uğrunda qeyri-konstituson yollarla mübarizəyə - legitim hökuməti devirməyə çağırışlar edir.
EED ekstremist “Meydan” TV-nin hesabına 300 min avro pul köçürüb. Bu fakt isə TV rəhbərliyi tərəfindən uzun müddət gizlədilib.
Yaxşı, bəs bu, harada görünüb ki, demokratik dəyərləri yaymaq məqsədilə hazırlanmış layihələri həyata keçirməli olan hökumət fondu siyasi müxalifətin borclarını ödəsin? Ola bilər ki, bu, çox humanist bir addımdır. Amma bu addım axı Avropa qanunları və legitimlik baxımından tamamilə anlaşılmazdır və izahı yoxdur. Ayrı-ayrı dövlətlər və büdcəsi avropalı vergiödəyicilərinin hesabına formalaşan Avropa Komissiyası tərəfindən təsis olunmuş beynəlxalq fond nə vaxtdan bəri məhkəmə borclarının ödənməsi ilə bağlı qərarlar verirlər? İkinci belə fakt varmı? Yalnız Azərbaycanda var. Belə ki, EED radikal müxalifət lideri Əli Kərimlinin qəzetinin bank hesabına 65 min avro məbləğində vəsait köçürüb ki, qəzet məhkəmə cərimələri ilə bağlı yaranan borcunu ödəyə bilsin.
Yaxşı, bu fond sabah da Bakıda Avromaydan təşkil etməyə 6 milyon 500 min avro köçürsə, özü də bunu eyni məqsədlər altında - demokratiyaya yardım adı ilə etsə, onda necə?! Axı mitinqlər keçirmək də bir qəzeti bank borclarından xilas etmək qədər nəcib və xeyirxah məqsədlərdən doğan əməl sayılır, elə deyilmi?!
Aİ-nin fondu bununla da kifayətlənmir. EED 2014-cü ildə “Azərbaycan gəncliyinin sosial fəallığının artırılması treyninqləri”nə 13 min manat ayırır. Bunlar “Azərbaycan gəncliyinin sosial fəallığı” deyəndə nəyi nəzərdə tuturlar? Yaxud başqa bir layihə haqda. Açıq-aşkar müxalifətçi mövqeyində dayanan bir təşkilat “Gənclərin vətəndaş fəallığının gücləndirilməsi” adlı layihəyə görə EED-dən 50 min avro alıb.
Treyninq və trenerlər... Meydanlar və fəallıq... Məsələnin çox maraqlı qoyuluşu var. Və “dövlət məmurlarının fəaliyyətində şəffaflığa nail olmaq uğrunda mübarizə” üçün ayrılan 50 min avro... Hər şeyi başa düşdünüzmü?
Dövlət Neft Şirkətinin əsas tənqidçisi Mirvari Qəhrəmanlı da 50 minə yaxın pul alır. Bu qəribə qadın həyatda özünə çox maraqlı bir məşğuliyyət tapıb - Rövnəq Abdullayev və ARDNŞ. Siz hələ məsələnin mahiyyətinə baxın. Barrozu özünün açıq çıxışlarında alternativ qaz məsələsində Azərbaycana sonuncu ümid yeri kimi baxdıqlarını və TANAP layihəsinin mümkün qədər tez başa çatmasını arzuladıqlarını dediyi bir vaxtda Avropa Komissiyasının təsis etdiyi fond özünün bütün fəaliyyətini həmin Barrozunun bel bağladığı ARDNŞ-i tənqid etməyə yönəltmiş bir fəala kifayət qədər ciddi məbləğdə yardım ayırır. Oyunbazlıqdırmı?! Özü də əsl Qərb üslubunda...
Qərb təşkilat və fondlarının demokratiyanın və maydanların inkişafı üçün Azərbaycana fantastik məbləğdə pullar göndərməkdə davam etməsini isbatlayan minlərlə digər nümunələr də gətirmək olar. Ukrayna anarxiyasının tarixçəsi də elə bu cür başlamamışdımı? Orada hər şey müxalifətçi QHT-yə etirazçı Maydanın təşkili üçün göndərilən hansısa 18 milyondan başlamışdı...
Sonda mənim Azərbaycan hökumətinə bir neçə sualım var. Azərbaycan QHT-lərinin hesabına daxil olan milyonlar barədəki faktlar Vergilər Nazirliyinə, Maliyyə Nazirliyinə, Baş Prokurorluğa məlumdurmu? Bu pullar hansı məqsədlərlə gəlir? Yoxsa biz tezliklə “Bizim Maydan” adlı yeni tamaşanın şahidi olacağıq?
Almaniyadan, Fransadan, Avstriyadan fərqli olaraq istintaq orqanlarının nəzərindən yayınmaq Azərbaycanda doğrudanmı bu qədər asandır? Bu dövlət orqanları bank hesablarını, xaricdən gələn pulların korrupsiya yolu ilə yuyulub təkrar bölüşdürülməsi sxemini, siyasi pulları doğrudanmı nəzərlərindən qaçırıblar, onları görməyiblər?! Bəs niyə görməyiblər? Bu idarələr Ukrayna yanğınını görə-görə həqiqəti, əslində nələrin baş verdiyini doğrudanmı anlamayıblar, reallığın gözünün içinə dik baxa bilməyiblər? Axı həqiqət hüquq cildinə girərək inqilab ocağında yanırdı. Hüququn və qanunların unudulduğu yerdə ətrafında nümayişçilərin qızındığı inqilab ocaqları çatılır... Bunu indiyə qədər doğrudanmı anlamamısınız?!
Virtualaz.org
Teqlər: