“Ciddi mətbuatımız niyə olmadı” – Y.V.Çəmənzəminli

“Ciddi mətbuatımız niyə olmadı” – Y.V.Çəmənzəminli
  05 Aprel 2013    Oxunub:2394
“Bizə ciddi mətbuat çoxdan lazım idi” adlı məqaləni böyük ədib Yusif Vəzir Çəmənzəminli 1916-cı ildə yazıb. Amma sanki söhbət eynilə bugünkü Azərbaycan mediasından gedir. Ona görə də, həmin məqalədən bəzi hissələri AzVision.az oxucularına təqdim edirik.

“…Qəzetlərimiz şəxsi-qərəzə, böhtan və iftiraya, söyüş və biədəbliyə vasitə oldu. Milli məsələlər yaddan çıxdı. Oxuculara dəxli olmayan, millətə baş ağrısından başqa bir şey bəxş etməyən sözlər və söhbətlər ortalığa çıxdı. Biçarə oxucular təngə gəldilər. Ümid bağlayıb, göz dikdikləri adamların da nə dərəcədə şəxsi-qərəz və məsləksizliyə aludə olmalarını gördülər. Ciddi mətbuat nüfuzunu yavaş-yavaş itirməyə başladı...

Bu dövrdən tutmuş indiyədək mətbuatımız axsamağa başlayır. Müqtədir yazıçılarımız fikirlərini bəyan etməyə lazımi bir qəzet və ya məcmuə tapmayıb, sükuta qərq olur, onların əvəzində ortalığa elmsiz, biliksiz adamlar çıxırlar. Məslək məsələsi bilmərrə itir, məqalələr daddan, gözəllikdən, mənadan uzaqlaşır... Bir məsələ üstündə təkrar-təkrar danışılır. Birisi bir söz dedikdə bir ayrısı da haman sözü təkrar söyləyir. Oxucunun yeni fikirlərdən əsla xəbəri olmur. Budur, görürsən qəzet düşüb molla əlinə-orucdan, namazdan, təharətdən söhbət açılıb, min il danışılıb, aləmin zəhləsini tökən söhbətlərin yenidən ortalığa çıxıb qəzet vasitəsilə bəyan olunmağı oxucunu zara gətirir. İnsaniyyətin qazandığı hədsiz-hesabsız elm və fənnlər əvəzində, oxucuya növhələr, dini vəzlər və nə bilim nələr təqdim edirlər. Arif qismi mətbuatdan dəxi də nifrətlənir.

Qəzet beləcə yavaş-yavaş qiymətdən düşməyə başladı… Qəzet başına gündə bir mühərrir dəvət olunduqda, qəzet sabit bir məslək təqib edə bilmirdi… Bundan əlavə, çox vaxt sərmühərrirlər qəzetçiliyə lazımınca hazır olmadıqlarından, qəzeti oxuduqda bunun təcrübəsiz və biliksiz mühərrirlər tərəfindən qələmə alınmış olduğu gözə sıçrayırdı...

Belə olduqda ciddi qəzetlərimiz həmişəlik olaraq camaatımızın rəğbətini qazana bilməzdi. Avropa qəzetləri sabit məsləklərlə ətraflarına milyonlarca adamlar toplayırlar. Həmişə onlara rəhbərlik edirlər. Ona görə böyük-böyük məsələləri qəzetlər vasitəsilə həll eləyirlər. Mətbuatın Avropada olan qüdrət və qüvvəti bizlərdə yoxdur. Bunun ümdə səbəbi budur ki, mətbuatımızın başında ləyaqətli adamlar durmurlar.

Qəzetçilik bizlərdə ad, şöhrət, mod və qazanc məqsədi ilə olur. Görürsən varlığından heç kəsin xəbəri olmayan bir şəxs həftəlik bir məcmuə nəşr etməyə başladı. Nə tövr məcmuə olsa olar, xərcini çıxaracaq. «Müdir» cənablarının da fikri budur ki, bir neçə vaxtlığa adı çıxsın. Bir neçə aylığa ağzına gələni yazır. Özgələrin ağızlarında dastan olmuş fikirlərini yenə də təkrar eləyir, qəzetçiliyi bununla qurtarır.


Teqlər:  





Xəbər lenti