"Bölgənin turizm potensialı hələ tam açılmayıb" - MÜSAHİBƏ (VİDEO)

"Bölgənin turizm potensialı hələ tam açılmayıb" -  MÜSAHİBƏ (VİDEO)
  28 İyun 2022    Oxunub:8463
COVİD-19 pandemiyasının fəsadlarından sonra qlobal iqtisadiyyatın digər sahələri kimi turizm sektorunda da müəyyən canalanma müşahidə olunur. Eyni zamanda, turizm sahəsində də regionlaşma tendensiyalarının gücləndiyiyi nəzərə çarpır. Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə AzVision.az-a müsahibəsində bu istiqamətdə yaranan yeni imkanları şərh edib.
- Koronavirus pandemiyasından ən çox ziyan çəkən turizm sektorunda qlobal miqyasda indi hansı tendensiyalar müşahidə olunur?


- Qlobal və yerli səviyyədə pandemiya dövrü turizm sənayesinə çox ciddi ziyan vurdu. Bu dövr ərzində təxminən 75-80% geriləmə oldu. Pandemiya, əlbəttə ki, bitməyib, amma səngiyib. Müxtəlif ölkələrdə, o cümlədən də Azərbaycanda yumşalmalar var. Bunun sayəsində, turizm bərpa mərhələsinə qədəm qoyub. Rəqəmlər və dinamika artıq müsbətdir. Misal üçün, Azərbaycanın göstəricilərinə baxsaq, ötən illə müqayisə edəndə, bu ilin yanvar-may aylarında ölkəyə səyahət edənlərin sayı təxminən iki dəfədən də artıq olub. Yəni 118% artım var. Biz gözləyirik və əminik ki, bu müsbət dinamika davam edəcək. Əlbəttə ki, pandemiya ilə bağlı vəziyyət nəzarətdə saxlanılacaq. Azərbaycanda bu istiqamətdə qərarlar veriləndə ilk növbədə insanlarımızın və qonaqlarımızın təhlükəsizliyi nəzərdə tutulur. Ondan sonra digər qərarlar verilir.



- Bəzi geosiyasi proseslər, dünya iqtisadiyyatındakı problemlər və inflyasiyanın güclənməsi turizm xidmətlərinin də bahalaşmasına səbəb olur. Bu baxımdan, regional turizm marşrutlarının əhəmiyyətini necə qiymətləndirərdiniz? Yeri gəlmişkən, iqtisadiyyatın digər sahələrində də lokallaşma tendensiyalarının şahidiyik...

- Geosiyasi məsələlər, əlbəttə ki, müəyyən dərəcədə turizm axınına təsir göstərib və bazarlar dəyişib, kommunikasiyalar çətinləşib. Bu, əlbəttə, qiymətlərə də təsir göstərir. Azərbaycanın bu dönəmdə atdığı addımlar budur ki, biz ənənəvi bazarlarımızla yanaşı, digər bazarlarda da fəal marketinq və cəlbetmə işlərini aparırıq. Əsasən bu ilin yayı üçün seçdiyimiz prioritetlər İsrail, Yaxın Şərq ölkələri, o cümlədən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləridir. Asiya ölkələri sırasında Hindistan və Pakistanı xüsusi vurğulamaq istərdim. Bizim aldığımız statistik rəqəmlər də göstərir ki, istiqamətlər dəyişir. Misal üçün, bu ilin beş ayı ərzində bizə ən çox Türkiyədən səyahətçilər gəlib.
Turizm zonalarında iri müəssisələrin fəaliyyəti qadağan edilir

- Regional turzim marşrutlarının əhəmiyyətinin artması fonunda Xəzəryanı dövlətlər arasında bu sahədə əməkdaşlığın genişləndirməsi üçün hansı imkanlar mövcuddur? Ən əsası isə, bu ölkələr arasında turizmə qarşılıqlı maraq varmı?
- Xəzəryanı ölkələr arasında müəyyən yeni məhsullar var. Bu ilk növbədə Orta Asiyadan olan ölkələrlə əməkdaşlıq çərçivəsindədir. Biz indi yeni kombo-turlar hazırlayırıq ki, onlar da İpək Yolu marşrutunu əhatə edəcəklər. İpək Yolu marşrutu çərçivəsində, məsələn, qolf, dağ xizəyi turizmləri və sair yeni məhsullar hazırlanır. Bundan əlavə, gözlənti ondan ibarətdir ki, Rusiya tərəfi “Pyotr Velikiy” kruiz laynerini Xəzərdə istifadəyə verəcək. Bu Xəzərdə ilk kruiz-layner olacaq. Ümumilikdə, turizm sahəsində Xəzərin potensialı hələlik tam olaraq açılmayıb və tam istifadə edilmir. Əlbəttə ki, Xəzəryanı dövlətlər bunu bilirlər və müvafiq qurumlar bunun üzərində iş aparırlar. Biz düşünürük ki, bu potensialdan daha səmərəli istifadə etmək olar.

- Azərbaycanda turizm sahəsinin pandemiyadan əvvəlki səviyyəsinin bərpası və sonrakı inkişafı istiqamətində hansı addımlar atılır?
- Əslində, Azərbaycanın turizm sənayesi pandemiya dövründə dayanmamışdı. Yeni məhsullar yaradılırdı, yeni marşrutlar qurulurdu. Rəqabətin artırlması üzərində iş aparılırdı ki, onun da bəhrəsini biz bu günlərdə görürük, yəni Azərbaycana səfər edən insanların, xarici vətəndaşların sayında artım müşahidə olunur. Müəyyən institusional addımlar hələlik irəlidədir. Bilirsiniz ki, bu il yeni qanun qəbul edilib və qüvvəyə minib. Orada həm otelçiliklə, həm bələdçilərlə, həm turizm agentliklərinin mülki məsuliyyət sığortası, həm də tutizm reyestrinin yaradılması ilə bağlı bir sıra məsələlər var. İndi qanunun alt sənədləri hazırlanır ki, bu işlərə tam olaraq başlanılsın. Biz düşünürük ki, bu turizm sahəsinə və turizmin istehlakçılarına effektiv yardım göstərəcək. Digər tərəfdən, müəyyən institusional məsələlər var ki, bununla bağlı da müzakirələr gedir. Hələ qarşıda sərhədlərin açılması və sair məsələlər dayanır.

- İşğaldan azad edilmiş ərazilərimizin turizm potensialını necə qiymətləndirərdiniz və oralarda bu sahənin inkişafı yönündə hansı işlərin görülür?
- İşğaldan azad edilmiş ərazilərin turizm potensialı çox cəlbedicidir. Bu ərazilərin zəngin potensialı var. Burada inkişafla bağlı bizim bir neçə yanaşmamız var. Tematik məhsulların yaradılması, bir də hansısa regional layihələrin həyata keçirilməsi. Bilirsiniz ki, artıq burada müvafiq infrastruktur qurulur, özü də rekord sürətlə. Azad olunmuş ərazilərdə, məsələn Şuşada otellər istifadəyə verilib, digərləri təmir edilir. Ağdamda yeni otelin təməli qoyulub. Bu əlbəttə ki, başlanğıcdır, orada otellərin sayı daha çox olacaq. Dövlətin dəstəyi, investorların iştirakı ilə həm nəqliyyat hablarında, həm də turistlərin cəlb edildiyi yerlərdə otellər tikiləcək.

Hazırladı Sahil İsgəndərov
AzVision.az



Teqlər: Turizm  





Xəbər lenti