
Ağdam rayonunda tikintisi həyata keçirilən yaşayış məntəqələrindən biri də Sarıcalı kəndidir. Ağdam şəhərinin mərkəzindən 6 kilometr məsafədə yerləşən Sarıcalı kəndinin təməlini 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Sarıcalı kəndi 1873 nəfər (425 ailə) əhali üçün planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, o cümlədən klub-icma mərkəzi, çoxfunksiyalı inzibati bina, bazar kompleksi, ticarət və məişət xidməti obyektləri, tam orta məktəb, körpələr evi-uşaq bağçası tikilib. Sarıcalı kəndində inşa olunmuş bütün qeyri-yaşayış binalarının, o cümlədən inzibati binanın damında günəş panelləri quraşdırılıb. Bu panellər vasitəsilə binaların elektrik ehtiyacları təmin ediləcək.

Burada sosial məsələlər də öz həllini tapıb. Kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər.

Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il iyulun 23-də işğal olunmuşdu. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi.

Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb.
AzVision.az