Moskvada “Bayraktar” saxtakarlığı: Fırıldağın ifşası (FOTOLAR)

   Moskvada “Bayraktar” saxtakarlığı:    Fırıldağın ifşası (FOTOLAR)
  30 Avqust 2022    Oxunub:3514
Ötən həftə Rusiya Müdafiə Nazirliyinin Moskvada təşkil etdiyi “Ordu-2022” Beynəlxalq Müdafiə Sənayesi Sərgisindən görüntülər paylaşıldı. Sərgidə Ukraynadakı müharibə zamanı ələ keçirilən silahlar da nümayiş etdirilib. Qərb ölkələrinin Ukraynaya tədarük etdiyi silah sistemlərinin arasında “Bayraktar TB” PUA-sının və ROKETSAN-ın istehsal etdiyi sursatların olması diqqəti çəkməyə bilməzdi.
Lakin real vəziyyət tezliklə üzə çıxdı. Yayımlanan görüntüləri əsl “Bayraktar TB2” ilə müqayisə edəndə bunun əslində Rusiya təbliğat maşınının oyunu olduğu asanlıqla başa düşülə bilər. Əsl “MAM-L” və “MAM-C” sursatlarının PUA-nın qanadlarında olan sursatlardan fərqləndiyi ilk baxışdan aydın görünür. Gövdə və qanad birləşmələri arasındakı fərqlər, burun hissələrinin rəng və forma baxımından tamamilə başqa cür olması, arxa üzgəc ölçülərinin normaldan genişliyi, döyüş sursatlarının üzərindəki yazının isə daha böyük olması müşahidə edilir. Bu “sursatlar” əslində ruslar tərəfindən hazırlanmış çox keyfiyyətsiz modellərdir. Həmçinin o da görünür ki, sursatlar PUA-ya kabellərlə bağlanıb.


“Bayraktar TB2”nin gövdəsində ilk baxışda diqqəti cəlb edən qırmızı rənglə yazılmış və kifayət qədər böyük olan “403” rəqəmidir. Bu seriya nömrəsi Ukrayna Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən “T52” istehsal nömrəsi ilə TB2-yə aiddir. Ukrayna Hərbi Hava Qüvvələrində xidmət edən bu PUA-nın ələ keçirilərək sərgiləndiyi iddia edilsə də, sözügedən TB2-nin daha əvvəl dərc olunmuş real görüntüləri ilə müqayisədə gövdədəki səhv detallar dərhal gözə çarpır.


Sərgidə göstərilən PUA-nın quyruq nömrəsi Ukrayna Hərbi Hava Qüvvələrinin istifadə etdiyi şriftdə deyil, faktiki olandan xeyli böyükdür və Rusiya Hərbi Hava Qüvvələrinin istifadə etdiyi şriftlə yazılıb. Platformada olan Ukrayna Hərbi Hava Qüvvələrinin loqosu normal olaraq mühərrik qapağında yerləşməlidir, nümayiş etdirilən PUA-da isə gövdənin yuxarı panelində yerləşir.

Bundan əlavə, yuxarı panelin gövdə ilə əlaqəsi daha maili olmalıdır, lakin sərgilənən platformadan bu əlaqənin düz olduğu və yan mühərrikin hava ventilyatorlarının girintilərinin paneldə yerləşmədiyi aydın görünür. Normalda "Bayraktar TB2"də yerləşən antenaların sərgilənən platformada olmadığını görmək olar. Bundan başqa, nümayiş olunan platformanın quyruq-gövdə əlaqəsi və quyruq hissəsi araşdırılanda görünür ki, quyruğun yuxarı hissəsində yerləşən kamera yoxdur.


Aydındır ki, Rusiyanı bu pis hazırlıqlı təbliğat işinə sövq edən TB2 və ROKETSAN istehsalı olan sursatların indiyə qədər Rusiya istehsalı olan silah sistemlərinin etibarlılığına və Rusiyanın ambisiyalarına vurduğu sarsıdıcı zərbə olub. Əvvəllər Suriya, Liviya və Azərbaycanın Qarabağ bölgəsində birbaşa Rusiya silah sistemlərinə, dolayısı ilə isə Rusiyaya qarşı zərbə endirən “TB2” rus istehsalı olan bir çox zirehli texnika və hava hücumundan müdafiə sistemini məhv edib.


Ukraynadakı müharibədə Rusiya ordusunun istifadə etdiyi bir çox logistik elementləri və hava hücumundan müdafiə sistemini məhv edən “TB2” döyüşdə nizami ordu və hava gücü olan bir düşmənə qarşı effektiv ola bilməyəcəyinə dair bütün iddiaları puça çıxararaq, reputasiyasını doğrultdu. Xüsusilə İlan adasına nəzarət uğrunda mübarizədə patrul gəmilərini, desant maşınlarını, hava hücumundan müdafiə sistemlərini və helikopterləri məhv etməklə bütün dünyanın diqqətini çəkib.

Ordu.az



Teqlər: Müharibə   Bayraktar  





Xəbər lenti