"Oskar" səhnəsində deyilmiş ən ağır həqiqət və 50 il sonra istənilən üzr

"Oskar" səhnəsində deyilmiş ən ağır həqiqət və   50 il sonra istənilən üzr
  12 Sentyabr 2022    Oxunub:5943
"Oskar" kino dünyasının ən prestijli mükafatı hesab edilir və bu mükafatı qazanmaq film sektorunda hər kəsin xəyalıdır. Amma bəziləri istisna olmaqla... Bir sıra film ulduzları "Oskar" mükafatının təqdimetmə mərasimlərinə qatılmayıb, bəziləri isə bu mükafatı rədd ediblər. Bu siyahıda Maykl Keyn, Elizabet Teylor, Vudi Allen, Pol Nyuman, Ketrin Hepbörn, Benksi, Elis Bredi, Corc C. Skott, Uill Smit, Piter O’Tul, Terens Malik, Eminem, Stenli Kubrik yer alır.
"Oskar"ı rədd edənlərin arasında Marlon Brandonun tarixçəsi daha cəlbedicidir. “Xaç atası“ filmindəki Vito Karleone roluna görə "Oskar" mükafatına namizəd olduğunu öyrənən Brando Kino Akademiyasını 1973-cü ildə boykot edib və mükafatlandırma mərasiminə öz yerinə təmsilçi olaraq yerli amerikalı, başqa sözlə desək, qızıl dərili aktrisa Saçin Litlfizəni (Sacheen Littlefeather) göndərib. Səhnəyə mükafatı almaq üçün çıxan Litlfizə Brandonun yerli amerikalılara qarşı pis münasibəti tənqid edən məktubunu oxuyub. 60 saniyə davam edən çıxışı mədəniyyət tarixinin ən yaddaqalan anlarından birinə çevrilib.

Onun səhnə çıxışı tamaşaçılar tərəfindən hörmətsizliklə və irqçi münasibətlə qarşılanıb. Bu müasibətin üzürü isə tam 50 il sonra gəlib. Hazırda 75 yaşında və xərçəng xəstəsi olan Saçin Litlfiz “Biz yerlilər çox səbirli insanlarıq, sadəcə 50 il gözləməli oldum! Yumor qabiliyyətinizi canlı tutmalısınız, həyatda qalmağınızın yolu budur“,- deyərək hadisəyə münasibət bildirib.


50 il öncə çətinliklə də olsa, Saçin Litlfiz bu mətni oxumağa çalışmışdı: "200 il boyunca torpağı, həyatı, ailəsi və müstəqil olma haqqı uğrunda savaşan yerli xalqa belə dedik: ”Silahını endir, dostum, gəl, bərabər oturaq. Əgər silahını endirsən, dostum, səninlə barışdan danışarıq, sənin xeyrinə razılığa gələrik“. Silahlarını endirəndə isə onları qətlə yetirdik. Biz yalan söylədik və onları aclığa məhkum etdik ki, heç zaman sadiq olmadığımız və “razılaşma” dediyimiz o kağızları zorla imzalasınlar. Onları bu qitədə dilənçilərə çevirdik. Tarixi necə şərh edirsiniz-edin, nə qədər təhrif edirsiniz-edin, biz düzgün etmədik! Nə ədalətli davrandıq, nə də dürüst. Onlara nə haqlarını geri verməyə, nə də razılaşmalarımıza sadiq qalmağa məcbur idik. Çünki gücümüzün üstünlüyü bizə başqalarına hücum etməyə, mallarını yağmalamağa, həyatlarını əllərindən almağa haqq verirdi. Onların fəzilətləri cinayətə çevrilərkən, bizim əxlaqsızlıqlarımız fəzilətlərə çevrilirdi.

Lakin bu azğınlığın çata bilməyəcəyi bir yer var idi, o da tarixin böyük hökmü. Əmin olun, tarix bizi mühakimə edəcəkdir. Amma vecimizədirmi? Bu necə əxlaq şizofreniyasıdır ki, bütün dünyanın eşitməsi üçün millətimizin ən uca səsi ilə ciyərlərimiz partlayana qədər öhdəliklərimizi yerinə yetirdiyimizi qışqırırıq, amma tarixin bütün səhifələri, yerli amerikalıların son 100 il boyunca keçirdikləri bütün ac, susuz günlər və gecələri bu səsin dediklərinin tam əksini söyləyir.

Görünən odur ki, bizim ölkədə “qonşunu sev“ prinsipi və bu prinsipə hörmət artıq keçərsiz vəziyyətə gəlmiş və bütün gücümüzlə yeni doğulan ölkələrin ümidlərini yox etmişik, onlara bizim insansevər, sivil olmadığımızı və sözümüzün üstündə durmadığımızı göstərmişik.

Bəlkə də bu anda "bunun Akademiyanın mükafatlarına nə dəxli var, canım", deyirsiniz . Düşünürsünz: "Bu qadın burada nə axtarır, həm axşamımızı bərbad etdi, həm də bizə maraqlı olmayan mövzularla həyatlarımıza girdi. Üstəlik, vecimizə deyil. Vaxtımızı və pulumuzu xərclədi“. Hesab edirəm ki, bu soruşulmamış sualların cavabı film dünyasının da ən az digərləri qədər yerliləri alçaltmaqla, onları vəhşi, düşmən və pis göstərərək, xarakterlərinə lağ etməklə məsuliyyət daşımasında yatır. Bu dünya uşaqların böyüməsi üçün onsuz da kifayət qədər çətin yerdir. Yerli uşaq televizor izləyərkən film də izləyir və soyunu filmlərdə göstərilən kimi görəndə o zehinlərin necə zəhərləndiyini bilməniz mümkün deyil .

Bu yaxınlarda bu vəziyyəti dəyişə biləcək bir neçə səndələyən addım atıldı, ancaq çox az və çox axsaq... Bu peşənin bir nümayəndəsi olaraq, bir ABŞ vətəndaşı olaraq bu gecə bu mükafatı qəbul etmək gərək içimdən gəlsin. Düşünürəm ki, ölkədə mükafat almaq və ya vermək yerli amerikalıların vəziyyətlərinin əhəmiyyətli dərəcədə dəyişməyəcəyi müddətdə münasib deyil. Əgər qardaşımıza görə məsuliyyət daşımayacağıqsa, ən azı cəllad olmayaq.

Bu gecə birbaşa sizinlə danışa bilərdim, ancaq Yaralı Diz qətliamının baş verdiyi yerə gedib, çaylar axdıqca və otlar böyüdükcə şərəfsiz qalmağa davam edəcək bir barışın həyata keçməsinə mane olmaq üçün əlimdən gələn köməyi etməklə daha faydalı ola biləcəyimi hiss etdim.

Ümid edirəm ki, bu anda dinləyənlər bunu kobudluq kimi qəbul etməzlər. Bütün insanların azad və müstəqil olmaq haqqı kimi vacib bir mövzuya diqqəti çəkmək üçün göstərilən yüngül bir cəhd kimi görərlər. Saçin Litlfiz xanıma göstərdiyiniz nəzakət və incəlik üçün təşəkkür edirəm. Hamınıza təşəkkür və gecəniz xeyrə qalsın!"

Saçin Litlfizin çıxışı

Marlon Brando

Saçin Litlfiz

Ləman Bağdad
AzVision.az


Teqlər:





Xəbər lenti