Kosmosun insan üçün daha bir təhlükəsi aşkarlandı

// Astronavtların DNT-sində mutasiyalar baş verib

   Kosmosun insan üçün daha bir təhlükəsi aşkarlandı
  25 Sentyabr 2022    Oxunub:13234
Nyu-Yorkdakı “Mount Sinay” Tibb Mərkəzinin mütəxəssisləri kosmosa uçuşların insan sağlamlığına necə təsir etdiyini öyrənmək üçün on dörd astronavtın iyirmi il ərzində saxlanılan qan nümunələrini ilk dəfə analiz ediblər. Onların hamısının qanyaradan kök hüceyrələrində DNT mutasiyaları aşkarlanıb.
Tədqiqat qrupu 1998-ci ildən 2001-ci ilə qədər qısamüddətli kosmik uçuşlarda iştirak edən astronavtlardan tam qan nümunələri toplayıb. Nümunələr dondurulub və -80 dərəcə Selsi temperaturunda saxlanılıb.

20 ildən sonra elm adamları tədqiqat üçün mövcud müasir metodlardan - DNT ardıcıllığı və geniş bioinformatika analizindən istifadə ediblər. 17 gendə 34 mutasiya müəyyən edilib.

Ən çox görülən iki mutasiya zülal istehsalına məsul olan və kəskin mieloid leykoz zamanı dəyişən genlərdə qeydə alınıb. Belə mutasiyalar somatik adlanır, onlar irsən keçmir. Bu cür hallara çox zaman ətraf mühit amilləri - ultrabənövşəyi şüalar, radiasiya, kimyəvi maddələr səbəb olur.

“Müşahidə etdiyimiz klonal hemopoez kiçik, 2%-dən az olsa da, astronavtların nisbətən gənc yaşı və sağlamlığı nəzərə alınanda gözlənilməz idi”,- araşdırmaçılar bildiriblər.

Müəlliflərin fikrincə, DNT-də bu dəyişikliklərin olması astronavtların avtomatik olaraq ürək-damar və ya xərçəng xəstəliyinə tutulması demək deyil. Ancaq bunun təkrar və ya daha uzunmüddətli uçuşlarda baş verməsi riski var.

Tədqiqata uzaq kosmosun fəthinə marağın artması, digər planetlərə, o cümlədən Marsa kommersiya uçuşlarının həyata keçirilməsi şəraitində ehtiyac yaranıb. Əvvəlcə insanlar bu cür missiyalarda zərərli amillərə məruz qalmanın sağlamlığa ziyanının öyrənməli və bunun üçün monitorinq proqramı hazırlamalıdırlar.

Nadir Quliyev
AzVision.az


Teqlər: Kosmos  





Xəbər lenti