Dərman idxalından asılılığı azaltmaq üçün nə edirik - VİDEOKAST

 Dərman idxalından asılılığı azaltmaq üçün nə edirik -  VİDEOKAST
  13 Oktyabr 2022    Oxunub:15358
Hazırda dərman təminatının təhlükəsizliyi məsələsi qlobal problemlərdən birinə çevrilib. Son illər bəşəriyyətin üzləşdiyi virus xəstəlikləri və pandemiyalar bu problemin üzərində daha ciddi düşünülməsini, ölkələrin dərman təhlükəsizliyinin təminatı yönündə önəmli addımların atılmasını aktuallaşdırır.
İqtisadi Zonaların İnkişafı Agentliyində İnvestisiya və iqtisadi təhlil şöbəsinin müdiri Emil Hacıyev AzVision.az -a müsahibəsində Azərbaycanda dərman təhülkəsizliyinin təminatı və dərman istehsalı sahəsində görülən işlər və mövcud perspektivlər barədə maraqlı məqamlara toxunub.



Mövzu ilə bağlı digər materiallar:
Qlobal əczaçılıq bazarı: Böyük hadisələr gözlənilir – VİDEOKAST
Rusiya dərman asılılığından necə qurtuldu – Müsahibə
Dərman təhlükəsizliyimiz necə qorunur - Müsahibə (VİDEO)
SANTO-nun baş direktoru: "Qazaxıstan dərman istehsalında payını 50%-ə çatdırmaq niyyətindədir" – Müsahibə

- Cənab prezidentin müvafiq sərəncamı ilə Pirallahı Sənaye parkı yaradılıb. Digər Sənaye parkları kimi Pirallahı Sənaye parkının da bəlli bir fokusu, prioritet hesab olunan fəaliyyət sahələri var. Orada əsas fəaliyyət sahəsi qida sənayesi ilə parallel olaraq, əczaçılıq, farmasevtika – dərman məhsullarının istehsalıdır. Sənaye parkı yaradıldıqdan sonra dərman istehsalını – farmasevtikanı inkişaf etdirmək üçün biz intensiv şəkildə investorlarla görüşməyə başladıq. Hazırda Pirallahı Sənaye parkı fəaliyyət göstərir və orada 5 sahibkar, 5 investisiya layihəsi artıq rezident statusunu əldə edib. Onlardan ikisi fəaliyyətə başlayıb. Bu “R-Farm” və “Diamed Co” şirkətləridir. “R-Farm” şirkətində diabet xəstələrinin mütəmadi profilkatik-müalicə prosesində aldıqları, bu müalicədə istifadə edilən dərmanlar istehsal olunur.

“Diamed Co” şirkəti isə birdəfəlik istifadəyə yararlı olan şpirislər istehsal edir. Hər iki müəssisənin istehsal etdiyi məhsullar Azərbaycanın daxili bazarına yönəldilir. Məqsəd daxili bazarın tələbatını ödəmək və xaricdən asılılığı aşağı salmaqdan ibarətdir. Parallel olaraq, bu il rezidentlik verdiyimiz “Medtest” şirkəti də diabet xəstələrinə yönəlik bir layihədir. O, diabet xəstələrinin qanındakı şəkərin miqdarını ölçmək üçün “qlükometr” adlı cihaz istehsal edir. Hazırda layihələndirmə işləri bitmək üzrədir və yaxın zamanlarda layihənin icrası, tələb olunan istehsal üçün nəzərdə tutulan tikililərin inşasına başlanılması nəzərdə tutulub.


- Bizim daha hansı xarici ölkələrin şirkətləri ilə əməkdaşlığımız mümkündür və bu həm bizim, həm də onlar üçün nə dərəcədə maraqlı ola bilər?
- Bu Sənaye parkı nəyə görə dərman istehsalçıları üçün daha cəlbedici ola bilər? Pirallahı parkı dövlət tərəfindən yaradılıb. Burada dərman istehsalçıları üçün bir sıra əlverişli güzəştlər var. Belə ki, sənaye parkında tamamailə dövlət tərəfindən təmin olunmuş infrastruktur mövcuddur. "İnfrastruktur" deyəndə biz daxili yolları, elektrik şəbəkəsini, içməli və texniki suyu, qazı, hidrooptik kabelləri və digər kommunikasiya xətlərini nəzərdə tuturuq. Bunların hamısı dövlət tərəfindən təmin olunur. Yəni Sənaye parkında kimsə dərman istehsalına başlamaq niyyətinə düşsə, artıq bütün bunlara həm zaman, həm də vəsait baxımından qənaət etmiş olur.

Bundan əlavə, digər sənaye parklarında olduğu kimi, biz dərman istehsalçıları üçün vergi güzəştləri də tətbiq edirik. İstehsalçılar torpaq vergisindən, əmlak vergisindən və qeydiyyat müddətindən sonrakı 10 ilədək ölkədə olan 20%-lik mənfəət vergisindən azad olunurlar. Bundan başqa, əgər istehsal xəttini qurmaq üçün xarici ölkələrdən Azərbaycana qurğular, texnika və avadanlıqlar, yaxud, hazır istehsal xətti idxal edilərsə, bu zaman idxal-gömrük rüsumlarından 7 il və ƏDV-dən (əlavə dəyər vergisindən) 10 il müddətinə tamamilə azaddırlar. Bu da Pirallahı Sənaye parkında dərman istehsalçıları üçün yaradılmış çox münbit və əlverişli şəraitdir.

Elə bu şəraitdən də istifadə edərək, Rusiya kapitallı “R-Farm” burada istehsala başlayıb. O, Rusiyada çox böyük bir bazara sahib olan və ixraca yönümlü farmasevtika şirkətidir, Pirallahı sənaye parkının da ilk rezidentlərindən biridir.

Biz bir sıra xarici şirkətlərlə də müzakirələr aparmışıq. Həmin ölkələrdən Türkiyəni, İsraili, Norveçi, Macarıstanı və Almaniyanı misal gətirmək olar. Haazırda istehsal müəssisələrindən biri Fransanın “Sevye” şirkəti ilə sıx əməkdaşlıq edir. Macarıstanın “Rixter Gedeon” şirkəti ilə danışıqlar aparmışıq. Danışıqlarda onların buradakı istehsallarını təşviq və onların patentlərindən, nou-haularından Pirallahı Sənaye parkında necə istifadə edilə bələcəyi mövzularına toxunmuşuq. Bu proseslər davam edir, hazırda biz bir sıra investorlarla və yaxud artıq dünya bazarında dərman, əczaçılıq sahəsində sözünü demiş şirkətlərlə görüşlər aparırıq. Görüşlərdə onların Azərbaycana dəvət olunması, istehsalın qurulması, biliklərinin, nou-haularının yerli investorlara və sahibkarlara ötürülməsi, yerli sahibkarların həmin nou-haulardan Pirallahı Sənaye parkında necə istifadə edə bilmələri və yerli istehsalı qurmaları ilə bağlı danışıqlar davam etdirilir.

- Bəs son vaxtlar əlaqələrimizin sürətlə sıxlaşdığı Mərkəzi Asiya ölkələri ilə də belə bir əməkdaşlığımız varmı, yaxud, hansısa layihələr planlaşdırılırmı?

- Mərkəzi Asiya ölıkələrindən sırf dərman yox, amma qida əlavələri üzrə danışıqlarımız olub. Qida əlavələrinin Pirallahı Sənaye parkında istehsalı üzrə müzakirələrimiz davam edir. Əgər layihə uğurlu bir şəkildə planlaşdırılsa, onların da istehsalı nəzərdə tutula bilər.

- Cenerik istehsalı, yəni brend dərmanların komponentlərini gətirərək, analoqunun yaradılması təcrübəsi dünyada çox geniş yayılıb. Bu yöndə hansı layihələri həyata keçirə bilərik?
- Dərman istehsalı ilə bağlı Pirallahı Sənaye parkında heç bir məhdudiyyət qoymuruq. İstər cenerik, istərsə də artıq sözünü demiş markaların preparatları olsun. İstənilən farmasevtika məhsulunun istehsalını təşviq edir, alqışlayırıq və dəvət edirik. Amma dediyiniz kimi, ceneriklər dünyada çox yayılıb. Bir çox istehsalçılar onlardan istifadə edir və bu sahədə biz də istənilən layihələrini dəyərləndirməyə, lazımi dəstək verməyə hər zaman hazırıq.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   dərman  





Xəbər lenti