Amerikalı politoloq: `Qarabağı Azərbaycana verməliyik`
Fridman özünün geniş təhlilində Ukraynadakı böhranı son 100 ildə Avropada gedən geosiyasi oyunların prizmasından dəyərləndirir. Son əsrin geosiyasi təhlili onu göstərir ki, Rusiya öz ətrafında bufer yaratmaq, Amerika isə Almaniyanı çıxmaq şərtilə, digər Avropa dövlətlərilə birləşib, Rusiyanın hasarının dibində möhkəmlənmək istəyir. Və Amerikanın Avropadakı siyasəti təkcə Rusiyaya yox, həm də digər təhlükəli dövlət sayılan Almaniyaya qarşı yönəlib.
Baltik ölkələri NATO-ya qoşulandan sonra Hərbi Alyans Rusiyaya maksimum yaxınlaşıb. Ona görə də, Fridman Rusiyanın indiki hərəkətlərini təbii və obyektiv hesab edir. Sadəcə, sual budur ki, Rusiya öz ətrafında bufer zona yaratmaq işində nə qədər dərinə getməyə hazıdır?
Bu sualın cavabını bilmədiyini deyən politoloq qeyd edir ki, Rusiyanın ətrafında yerləşən və onun potensial bufer kimi gördüyü dövlətlərə kömək etmək lazımdır. ABŞ onları qorumaq üçün lazım olan hər şeyi etməlidir. Həmin dövlətlərin sırasında Polşa, Slovakiya, Macarıstan, Rumıniya, Serbiya və digər dövlətlər var ki, bunların arasında Azərbaycan xüsusilə önəmlidir.
Fridman XX əsrdə ABŞ-ın SSRİ-yə qarşı yürütdüyü `Containment` - yəni qarşısını kəsmə siyasətini xatırladır. Və təklif edir ki, diplomat Corc Kennan tərəfindən qurulan bu siyasət geosiyasətə realist yanaşma olduğu üçün indi də Rusiyaya qarşı tətbiq etmək lazımdır. Amma bunun uğur qazanması üçün Azərbaycanın da razılığı olmalıdır.
Ona görə də Fridman rəsmi Vaşinqtona təklif edir ki, Azərbaycana yanaşmada ikili standartları kənara qoysun, insan haqları kimi söhbətləri arxa plana keçirsin, Qarabağ məsələsinin Bakının istədiyi kimi həllinə çalışsın və bunların sayəsində Azərbaycanı özü ilə hərbi-siyasi alyansa cəlb etsin. Çünki Azərbaycan Rusiyanın güney cinahında həlledici mövqeyə malik geosiyasi oyunçudur. ABŞ onu gücləndirməli və müasir silahlarla təchiz etməlidir. Əks təqdirdə Azərbaycanın iştirakı olmadan Rusiyanın qarşısını kəsmək mümkün deyil. Bu zaman həm də Azərbaycanın Qərbin enerji bazarındakı rolu nəzərə alınır.
Ümumiyyətlə, Amerikanın Qafqazda yürüdəcəyi istənilən siyasət yalnız Azərbaycanın dəstəyilə baş tuta biləcəyini deyən Corc Fridman rəsmi Vaşinqtona məsləhət görür ki, açıqlanan hesabatlarda, ortaya qoyulan mövqelərdə Azərbaycanın xətrinə dəyə biləcək yanaşmalara yol verməsinlər. Hər halda, Kennanın tətbiq etdiyi geosiyasi konsepsiyada bu, mütləq belə olardı.
Tariyel Həsənov
AzVision.az