"Gəmi sifarişi ilə bağlı yeni sifarişlər gözlənilir" - Elşad Nuriyev

   "Gəmi sifarişi ilə bağlı yeni sifarişlər gözlənilir" -    Elşad Nuriyev
  16 May 2023    Oxunub:1501
Yaxın aylarda "Zəngilan" tankerinə oxşar tipli gəmilərin (bərə, tanker, quru yük gəmiləri) tikintisi üçün yeni sifarişlərin qəbulu gözlənilir.
AzVision.az xəbər verir ki, bunu Bakı Gəmiqayırma Zavodunun idarə heyətinin sədri Elşad Nuriyev jurnalistlərə deyib. O bildirib ki, xaricdən də sifarişlərin daxil olması gözlənilir.

Qeyd edək ki, bu gün Azərbaycanda "Zəngilan" tankeri inşasının davam etdirilməsi məqsədilə suya salınıb.

Tanker Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişilə inşa olunmaqdadır.

Tankerin uzunluğu 141, eni 16,9, hündürlüyü isə 6 metrdir. Tankerin dənizdə deveyti 8009 tondur, ən müasir avadanlıqla, o cümlədən hər biri 1200 kilovat gücünə malik iki əsas mühərriklə, yük nasosları, sistem ventilyasiyası, naviqasiya cihazları və separatorla təchiz olunub. Gəminin sürəti saatda 10 uzelə çata bilir. Ümumi tutumu 9 212 kubmetr olan altı yük çəninə malikdir.

“Zəngilan” tankeri zavodun tikinti meydançasından hidravlik arabaların köməyi ilə üzən doka buraxılıb. Zavodun yanalma məntəqəsində performans sınaqları başa çatdıqdan sonra "Zəngilan" tankerinin dəniz sınaqları başlanılacaq.

Qeyd olunub ki, tankerin dizaynı Odessa Dəniz Mühəndislik Bürosu ilə birgə hazırlanıb, qalan bütün tikinti işləri isə azərbaycanlı mütəxəssislər tərəfindən görülüb.

Tankerin tikintisinə 2020-ci ildə başlanılıb.

Xatırladaq ki, bu gün Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC üçün neft və neft məhsullarının daşınması üçün iki tankerin tikintisi davam etdirilir. Bundan başqa, bir nəqliyyat gəmisi (SOCAR-1), üç sərnişin gəmisi ("Üfüq", "Zəfər" və "Turan"), iki tanker ("Laçın" və "Kəlbəcər") və iki gəmi-bərə ("Azərbaycan" və "Zərifə Əliyeva") inşa edilərək istismara verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti