“Orduda korrupsiya təhlükəli həddə çatmışdı” – Ukraynalı ekspertlər

   “Orduda korrupsiya təhlükəli həddə çatmışdı” –    Ukraynalı ekspertlər
  10 Sentyabr 2023    Oxunub:1823
“Müharibə şəraitində olan ölkədə müdafiə nazirinin dəyişdirilməsi həmişə çoxlu suallar doğurur. Onların cavabını yalnız müharibə bitəndən sonra öyrənə bilərik”.
Bu sözləri AzVision.az -a ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib. Müdafiə naziri Oleksiy Reznikovun istefaya göndərilməsinin səbəbini şərh edən ekspert bildirib ki, hələlik yalnız prezidentin bu hərəkətinin səbəbləri barədə fikir söyləmək olar.

“Əvvəla qeyd edək ki, Avropa ölkələrində, eləcə də Ukraynada müdafiə naziri fiquru əksər postsovet ölkələrində olduğu qədər önəmli deyil. NATO standartlarına görə, hərbi əməliyyatların aparılmasına Baş Qərargah cavabdehdir. Müdafiə Nazirliyi ona ilk növbədə müharibə aparmaq üçün ərzaqdan tutmuş silah-sursata qədər lazım olan şeyləri almağa dəstək verməyə cavabdeh orqandır. Bu məsələdə isə Reznikovun işləri o qədər də hamar deyil. Qalmaqallar həddindən artıq çox idi. Məsələn, ən ağrılısı minaatan mərmilərinə görə bir şirkətə 1,4 milyard qrivna ödənməsi əməliyyatıdır. Pul ödənilib, amma ordu sursat almayıb və Müdafiə Nazirliyi həmin şirkəti olduqca qeyri-müəyyən perspektivlərlə məhkəməyə verib. Ona görə də, çox güman ki, müdafiə nazirinin daha effektiv, öz komandası ilə gərgin vəziyyətlərdə işləməyi və nəticə əldə etməyi bacaran idarəçi ilə əvəzlənməsi qərara alınıb”,- Jiroxov deyib.



Digər ukraynalı politoloq Yevgeni Maqda AzVision.az -a açıqlamasında deyib ki, Reznikovun müdafiə naziri vəzifəsindən istefaya göndərilməsi nazirlik ətrafında korrupsiya qalmaqallarının həddən artıq olması ilə bağlıdır. Korrupsiya şübhələri hətta milli təhlükəsizliyə problemlər yaradacaq səviyyəyə qalxmışdı. Prezident Vladimir Zelenski məhz buna görə həmin posta Umerovu təyin etmək qərarına gəlib.

“Umerov Türkiyədə əhəmiyyətli əlaqələri olan Krım tatarıdır. O, Türkiyədə olan Azov batalyonu döyüşçülərinə baş çəkib. Müxtəlif həssas missiyalarda iştirak edib. Umerovun Şərq ölkələrində əhəmiyyətli biznes əlaqələri də var.
Bu təyinatın Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə heç bir əlaqəsi yoxdur, çünki Ukraynada Müdafiə Nazirliyi əməliyyatlarının hazırlanması ilə məşğul deyil. Nazirlik ordunun təchizatına cavabdehdir, amma korrupsiyanın azaldılmasına nail olsa, o zaman hamı üçün yaxşı olar. Buna isə, fikrimcə, heç kimin şübhəsi yoxdur”, -Maqda fikrini yekunlaşdırıb.

Qeyd edək ki, 2021-ci ilin noyabrından Ukrayna Müdafiə Nazirliyinə rəhbərlik edən Oleksiy Reznikov sentyabrın 4-də səhər saatlarında istefa ərizəsini rəsmən təqdim edib. “Ukrayna xalqına xidmət etmək və son 22 ayda, ölkənin ən yaxın tarixinin ən çətin dövründə Ukrayna ordusunda xidmət etmək şərəfli idi”, - o deyib.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Ukrayna  





Xəbər lenti