“Erməni komandirin qızlarına konfet aparırdım”

“Erməni komandirin qızlarına konfet aparırdım”
  14 Fevral 2013    Oxunub:5019
Mili qəhrəman Maşallah Abdullayevin AzVision.az-a müsahibəsi
Yuxu fenomenini indiyə qədər çoxları izah etməyə çalışıb. Bu mövzuya həsr olunmuş elmi əsərlər, sənədli filmlər bir məsələdə həmrəydir: yuxu insan təxəyyülünün ayrılmaz, həm də ən izaholunmaz, sirli hissəsidir. Bəzən, adi bir adam yuxuda elə bir mühitə düşür ki, ayıq ikən o süjetlər nəinki onun, hətta ən istedadlı fantastik film ssenaristinin də ağlına gəlməz.
Əkrəm Əylisli başabəla romanını “Daş yuxular” adlandırsa da, oradakı hadisələr daş yuxuya getmiş birisinin fantastik yuxularından çox, yarıyuxulu adamın sayıqlamalarına bənzəyir. Çünki onun uydurduğu hadisələr reallıqla daban-dabana ziddir. Bəndəniz sözügedən əsərin əhatə etdiyi zaman kəsimini Goranboyda yaşayıb və erməni təcavüzünə qarşı çıxanların sıralarında olub.

Biz “Daş yuxular”da bəhs edilən hadisələrə oxşar, azərbaycanlıların ermənilərə qarşı qəddarlığına misal ola biləcək bir olaya şahid olduqmu? Mən xatırlamıram. Bəlkə yaddaşım məni aldadır? O günləri vətənpərvər qüvvələrin lideri və yerli özünümüdafiə dəstələrinin komandiri, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevlə birlikdə yenidən yada saldıq.

- Maşallah bəy, bu bölgədə erməni-azərbaycanlı konflikti necə başladı? Bu konflikt haradan və ya nədən qidalanırdı?
- Azərbaycanın digər yerlərində olduğu kimi, Goranboyda da bu konflikti ermənilər başladı. Bizim onlardan istədiyimiz bir şey yox idi. O zaman bizi daha çox maraqlandıran məsələ Azərbaycanın müstəqilliyi idi. SSRİ dağılma mərhələsinə qədəm qoymaqda idi. Bu prosesi hamımız, bütün vətənpərvər insanlar həssaslıqla izləyir, yaranmış vəziyyətdən milli maraqlarımıza uyğun istifadə etmək haqqında düşünürdük. Biz eyni istəklərin ermənilərdə də olmasını təbii qarşılayır, onlarla əməkdaşlıq barədə düşünürdüksə də, onların öz milli dövlətlərini Ermənistan SSİ-nin sərhədləri ilə qane olmayaraq, Azərbaycanın əraziləri hesabına, özü də bu yerlərin köklü əhalisini sıxışdıraraq etnik təmizləmə yolu ilə genişləndirmək cəhdləri duruma dəhşətli bir rəng qatırdı. Gün kimi aydın idi ki, bu iddialar heç ermənilərin də milli maraqlarına xidmət etmir və bu ideya onlara kənardan diktə edilir.

- Bu məqamı ermənilərin də arasında duyanlar var idimi?
- Sovet dönəmində Goranboy rayonu rəsmən ikiyə - Qasım İsmayılov və Şaumyankənd rayonlarına bölünsə də, biz ermənilərlə uzun illər eyni rayonun əhalisi kimi mehriban qonşuluq eləmişik. Onların arasında da təbii ki, bu konfliktin erməni xalqına xoşbəxtlik gətirməyəcəyini, bu separatçı ideyaların rus imperializminə xidmət etdiyini anlayan ayıq insanlar var idi. Lakin daşnaksütyunçuların əli ilə bu ideya milli ideologiya halına gətirilərək “müqəddəsləşdirilməkdə” idi və ayıq ermənilərin bu axına qarşı çıxmaları onlara həyatları bahasına başa gələrdi. Biz bütün bunları görür, anlayır, düşmənimizin bir zavallı erməni yox, nəhəng bir imperiya olduğunu yaxşı bilirdik. Odur ki, bizi kiməsə məhz erməni olduğuna görə divan tutan vəhşi obrazında təqdim edən hər kəs - istər Əkrəm Əylisli olsun, istər də bir başqası,- mənimlə eyni əqidəni paylaşan, imperiya ilə vuruşaraq həlak olan qəhrəman insanların ruhunu təhqir etmiş olur. Çünki o oğlanlar bu bəlaya sürüklənmiş hər iki milləti xilas etmək naminə vuruşublar. Biz ermənilərlə onların erməni olmasına görə deyil, üzərimizə silahla gəlmələrinə görə, müdafiə zərurətindən vuruşmuşuq. O ermənilərlə ki, imperialist qüvvələrin əlində alət idilər və öz xalqları üçün də, bizim üçün də təhlükəyə çevrilmişdilər.
Mən mülki əhaliyə atəş açan bir əsgər, ya da əsirlərlə, qaça bilməyib geridə qalan mülki əhaliylə qəddar rəftar edən bir əsgərimizi xatırlamıram. Siz Aşağı Ağcakənd, Qaraçınar, Manas, Başkənd kimi yaşayış məntəqələrinin azad edilməsi zamanı və ya başqa döyüşlərdə belə bir hadisə ilə rastlaşdınızmı?
Bu, heç mümkün də deyildi. Əlinə silah alıb vətən uğrunda, azadlıq naminə ölümün gözünə qorxmadan baxan insanların belə alçaq hərəkəti özünə rəva görməsinə heç vaxt inanmaram. Bizə irad tuta bilərlər ki, sadalanan yaşayış məntəqələrində məskunlaşan erməniləri evlərindən silah gücünə çıxarılması da qəddarlığa bir misaldır. Lakin həqiqət ondan ibarətdir ki, biz buna məcbur idik. Çünki bu ərazidə möhkəmlənmiş rus-erməni hərbi qüvvələri bu yaşayış məntəqələrində yaşayan azərbaycanlı ailələrini, o cümlədən Şəfəq, Zeyvə kimi sırf azərbaycanlılardan ibarət kəndlərin əhalisini evlərindən didərgin salmışdılar. Goranboy şəhərinin özü də daxil olmaqla kənd və qəsəbələrimiz intensiv artilleriya atəşlərinə məruz qalırdı. Xocalıdakı soyqırım burada da təkrar olunacaqdı və biz buna yol verə bilməzdik. Hətta, o zamankı ölkə rəhbərliyinin əmri olmadan, bir növ özbaşınalıq edərək komandanlığım altında olan qüvvələrə əks-hücum əmri verdim. 1992-ci ilin may ayının 12-də başladığımız hücumdan 3 gün sonra Sərsəng su ambarının yanında Kəlbəcər batalyonu ilə görüşdük. Rus-erməni silahlıları qarşımızda duruş gətirə bilmədi. Onlar mülki əhalini müdafiəsiz qoyub qaçırdılar. Ermənilərdəki qəddarlığın hamısı yox, yüzdə biri bizdə olsaydı, Xocalıda mülki azərbaycanlılara qarşı etdiklərindən qat-qat ağır soyqırım törədərdik. Bəli, buna tam imkanımız vardı. Amma biz qaçanlara mane olmadıq. Əksinə, buna şərait yaradırdıq.

- Amma qaça bilməyib qalanlar da vardı. Onların taleyi necə oldu?
- Mülki əhalidən qaça bilməyib qalanlar son nəfərinədək ailələrinə təhvil verildi. Təbii ki, onları ermənilər tərəfindən girov götürülmüş soydaşlarımıza dəyişdik. Məsələn, Ağcakənddəki erməni hərbi birləşmələrinin komandiri, Daşnaksütyunun yerli lideri Mişikin anası da qaça bilməyib qalmışdı və biz onu Xocalıdan olan 2 avtobus girova dəyişdik. Erməni komandirlərdən birinin 2 qızı da qalmışdı. Birinin 15, digərinin 17 yaşı vardı. Erkəc kəndindən idilər. Onları düşmən kimi yox, bir qonşu qızı kimi qoruyub sağ-salamat valideynlərinə təhvil verdik. Mənə ən çox təsir edən isə iki körpə qız uşağı idi. Onlar anaları ilə birlikdə qaça bilməyib qalmışdılar. Ataları isə hərbçi idi. O da əsir düşmüşdü. Görünür, ailəsinə görə ləngiyib və ələ keçmişdi. Mən o körpələrin qorxunu, həyəcanı unutmaları üçün əlimdən gələni edirdim. Onlara mütləq buraxılacaqlarını deyir, hər dəfə yanlarına gedəndə konfet və ya peçenye alıb aparırdım. Mülki əhali kateqoriyasına aid ermənilərin təhvil verildiyi gün uşaqları atasından ayırmalı olduq. Mən qızların hönkürtüsünə dözməyib yenə təlimatı pozmağa məcbur oldum. Qızların atasını da azad etdim. Buna görə məni qınayanlar da oldu. Amma bir çox silahdaşlarım məni dəstəklədilər.

- Erkəcdən olan gənc qızların atası da sizə təşəkkürünü çox maraqlı bir formada ifadə etmişdi.
- Hə, qızların təhvil verildiyi gün ataları məni radioəlaqəyə çağırdı. Ermənilər adətən, belə əlaqələrə girərək bizə söyüş söyürdülər. Bu dəfə isə o, çox ehtiramla danışırdı. Həm də həyəcanlı idi. Dedi ki, Maşallah müəllim, sənin qeyrətinə qurban olum. Mən bu gündən sənin kimi oğula və sənin millətinə silah tuşlaya bilmərəm. Sonra onu Goranboydan bir nəfər Rusiyada görmüşdü və onun vasitəsilə də minnətdarlıq dolu mesaj göndərmişdi. Biz ermənilərlə belə davranmışıq.

- Ermənilərin azərbaycanlılara münasibətini əks etdirən hadisələri də xatırlayırsınızmı?
- Milli azadlıqlarına gedən yolun azərbaycanlıların soyqırımından keçməsi barədə cəfəngiyatla şüuru zəhərlənmiş daşnaklardan insanlıq ummaq sadəlövhlük olardı. Onların 1993-cü ilin yayında Murovdağ silsiləsindəki yaylaq binəsinə hücum edərək dinc əhalini gülləbaran etməsi, körpələri və qadınları qanına qəltan etməsi faktını yada salmaq kifayətdir. O hadisə sanki, Xocalı qətliamının davamı idi. Həmin hadisədən bir il sonra isə Gülüstan yolunda pusqu qurub oxşar hadisə törətmişdilər. Həmin hadisədə 22 nəfər mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilmişdi. Onların əksəriyyəti Ermənistandan qovulmuş soydaşlarımızdan idilər. Belə faktları toplasaq cildlərlə kitablara sığmaz.

- Sizcə, Əkrəm Əylisli niyə belə faktlardan heç olmasa, bir nümunəyə kitabında yer ayırmayıb?
- Mən Əkrəm Əylislinin o kitabını oxumamışam. Oxumaram da. Nəyi və niyə yazdığını da bilmirəm. Onu bilirəm ki, haqqı danan adamın heç bir yaxşı niyyəti ola bilməz. Mənim üçün o “Daş yuxular” çaş sayıqlamalardan başqa bur şey deyil. Yuxunu isə ən yaxşı halda, tərsinə yozarlar.

Cəmşid Bəxtiyar


Teqlər:  





Xəbər lenti