Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimovun verdiyi məlumata görə yarışda iştirakçılar şəxsi və komanda formatında yarışıblar. Yekun nəticələrə görə kişilər arasında 50 metr məsafəyə sərbəst üzmədə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı Emil İbrahimov birinci olub. SOCAR-ın əməkdaşı Stanislav Baykov yarışı ikinci, Dövlət Gömrük Komitəsinin əməkdaşı Ayhan Tevhik isə üçüncü pillədə başa vurublar.
Qadınlar arasında 50 metr məsafəyə sərbəst üzmədə Nərgiz Nəsirova, Nuriyə Axundova (hər ikisi DİN), Tatyana Srebnaya (Xəzər Dəniz Gəmiçiliyi) ilk üçlükdə qərarlaşıblar.
Qadınlar arasında keçirilən estafet yarışında (4x50, sərbəst üsul) DİN birinci, SOCAR isə ikinci olub. Kişilər arasında isə birinci yerə DİN, ikinci və üçüncü yerlərə müvafiq olaraq SOCAR və FHN komandaları layiq görülüblər. Qadınlar və kişilər arasında keçirilən (4x50 qarışıq MİX, estafet) yarışda DİN, SOCAR, Xəzər Dəniz Gəmiçiliyi fərqləniblər.
Sonda qaliblər mükafatlandırılıb. Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Üzüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov, DİN İdman Cəmiyyətinin sədri Mövlud Mirəliyev təqdim ediblər.
AzVision.az