KTMT qalmaqalı böyüyür - "Atəş açmayan silah" İrəvanı vuracaqmı?

KTMT qalmaqalı böyüyür -  "Atəş açmayan silah" İrəvanı vuracaqmı?
  23 Fevral 2024    Oxunub:3972
Xəbər verdiyimiz kimi Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı fəaliyyətini (KTMT) dayandırıb.
Ermənistanın baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində deyib ki, ölkəsi KTMT-da iştirakını faktiki olaraq dondurub. Baş nazir əlavə edib ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsinin müzakirəsi gündəmdə deyil.

KTMT isə Paşinyanın fikirlərini təkzib edib. Qurumun yaydığı məlumatda deyilir ki, İrəvandan KTMT Katibliyinə üzvlüyün dondurulması ilə bağlı heç bir bəyanat daxil olmayıb. O da vurğulanıb ki, Paşinyanın Ermənistanın KTMT-də iştirakının dondurulması ilə bağlı danışarkən, görünür söhbət İrəvanın qurumun keçirdiyi tədbirlərdə iştirak etməməkdən gedib.

Ermənistan KTMT-də iştirakını dondurdu
Ermənistan rəhbərliyi dəfələrlə KTMT və Rusiyanı öhdəliklərini yerinə yetirməməkdə ittiham edib. Hələ 2022-ci ilin sentyabrın ortalarında İrəvanda Ermənistanın KTMT-dən çıxması və yeni hərbi müttəfiqlərlə əlaqə qurulması tələbi ilə mitinq keçirilmişdi. Etirazlara səbəb sentyabrın 12-dən 14-nə qədər İrəvanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar olmuşdu. Sentyabr döyüşləri adlanan bu toqquşmalardan sonra İrəvan Ermənistan ərazisinə hərbi kontingent göndərilməsini tələb etmişdi. KTMT isə Azərbaycanla sərhədə hərbçilər yerləşdirmək ideyasına passiv reaksiyası vermişdi.

Paşinyan hakimiyyəti son bir ildə Rusiya ilə münasibətləri xeyli gərginləşdirib . İş o yerə çatdı ki, İrəvan rəsmiləri Ermənistanın KTMT-dən çıxmaq niyyətini müxtəlif vasitələrlə ortaya qoyurdular.

Parlamentin spikeri Alen Simonyan və baş nazir bir neçə dəfə “ola bilsin ki, KTMT Ermənistanı tərk etsin” fikrini təkrarlayıblar.

Rusiyalı ekspertlər isə Ermənistanın KTMT-dən çıxacağını proqnozlaşdırırdılar.

Bundan başqa, hökumətə yaxın saytlarda Moskva əleyhinə silsilə yazılar dərc edilir, siyasətçilər tez-tez Gümrüdəki bazanın ləğvi məsələsini qaldırırlar. Amma Rusiya bazanın bağlanmasını qeyri-mümkün sayır. Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin ötən ay RİA Novosti-yə müsahibəsində xüsusi olaraq vurğulamışdı ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.



Bu iki mövzu son zamanlar da aktuallaşıb. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bir neçə gün öncə RİA Novosti-yə müsahibəsində deyib ki, İrəvana KTMT-yə hücum etmək əvəzinə, birliyə qayıtsın: "Təəssüf ki, erməni müttəfiqlərimiz indiyə qədər həqiqətən də proseslərdən uzaqlaşıblar. Biz İrəvandakı həmkarlarımızı emosional şəkildə ictimai hücumlar və təşkilatı tənqid etmək əvəzinə, siyasi və ekspertlər səviyyəsində aktual problemləri müzakirə etməyə çağırırıq".

KTMT necə və nə üçün yaradılıb?

Sovet İttifaqının dağılmasından qısa müddət sonra,1992-ci il mayın 15-də altı postsovet respublikası - Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan Daşkənddə Kollektiv Təhlükəsizlik Müqaviləsi sənədini imzaladılar. Növbəti il ​​ Azərbaycan, Gürcüstan və Belarus da məlum müqaviləyə qoşuldular.

KTMT nizamnaməsinə əsasən bütün üzv ölkələr güc tətbiq etməkdən çəkinməyə səslənilir. Üzv ölkələr hər hansı başqa bir hərbi ittifaqa və ya qruplarına qoşula bilməz. Həmçinin bu dövlətlərdən hansısa birinə hərbi təhlükə yaranacağı təqdirdə bu, təşkilata üzv olan digər ölkələrə qarşı da aqresiya kimi qəbul edilir. Təşkilatdaxili əməkdaşlığı inkişaf etdirmək məqsədilə KTMT ölkələri hər il müntəzəm olaraq hərbi təlimlər də keçirir.

Mütəxəssislər məlum ölkələrin ərazisini əhatə edəcək hərbi-siyasi blokun yaradılmasını Rusiyanın keçmiş müttəfiqlərdən qopma proseslərini kompensasiya etməyə hesablanmış addımı kimi qiymətləndirirdilər.

Əvvəlcə KTMT NATO-ya alternativ təşkilat kimi yaradıldı. Lakin sonrakı illərdə gedən proseslər təşkilatın çətin ki, alyansın analoqu ola biləcəyini göstərdi. Hələ 90-cı illərdə Sovet dövründən yığılıb qalan və birliyin dağılması ilə daha da kəskinləşən çoxsaylı siyasi-ideoloji, hərbi məsələlərlə bağlı ziddiyyətlər azalmaq əvəzinə daha da artırdı.

Tamhüquqlu və güclü hərbi birliyin formalaşmasına ilk növbədə onun üzvlərinin ərazi mübahisələrinin həll edilməməsi əngəl törədirdi. Bundan başqa alyansın ən güclü üzvü olan Rusiyanın dövlət siyasətini digərlərinə diktə etməsi və bu ölkələrdə hərbi yolla təsir dairələrini genişləndirmək istəyi qurumun əleyhinə işləyən amillərdən olub.

Beş il sonra, 1999-cu ildə Özbəkistan, Gürcüstan və Azərbaycan KTMT-dən çıxdıqlarını bəyan etdilər. Amma Özbəkistan 2006-cı ildə yenidən birliyə qayıtmaq qərarına gəldi. Maraqlıdır ki, Daşkənd rəhbərliyi 2012-ci ildə fikrini dəyişib və təşkilatı ikinci dəfə tərk edib.

Hazırda təşkilat Ermənistan nəzərə alınmasa Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın sayəsində fəaliyyət göstərir. Siyasətçilər çox vaxt KTMT-ni amorf təşkilat, "atəş açmayan silah" adlandırırlar. KTMT mövcud olduğu müddətdə hərbi kontingentdən yalnız bir dəfə istifadə edib. Bu da 2022-ci ilin yanvarında Qazaxıstana sülhməramlıların göndərilməsi prosesi olub. Bu ölkədə başlayan kütləvi etirazlar sonradan iğtişaşlara çevrildiyi üçün KTMT hərbi qüvvələri işə salınmışdı.

Tural Tağıyev
AzVision.az





Teqlər:   Ermənistan   KTMT   Rusiya  





Xəbər lenti