Qazaxıstan su çatışmazlığı ilə necə mübarizə aparır?

   Qazaxıstan    su çatışmazlığı    ilə necə mübarizə aparır?
  16 İyul 2024    Oxunub:6693
“Qazaxıstan su çatışmazlığı ilə ən çox üzləşən ölkələrdəndir. Dünya Bankının proqnozuna əsasən, ölkədə su ehtiyatlarının həcmi 2030-cu ilə kimi ildə 90 km³-dən 76 km³-dək azalacaq. Bu həmin dövrəcən ildə təxminən 12-15 km³ (15%) azalma deməkdir. Üstəlik, su ehtiyatları müasir dövrdə çox səmərəsiz şəkildə işlədilir. Bu da onun yararsız hala düşməsinə, çirklənməsinə və tükənməsinə gətirib çıxarır”.
Bu sözləri AzVision.az -a açıqlamasında Qazaxıstan Parlamentinin deputatı, coğrafiya elmləri namizədi, ekologiya üzrə mütəxəssis Aycan Skakova deyib. O bildirib ki, ölkədə istehsal vahidinə nisbətdə orta su sərfi təxminən 109 m³-dir. Bu göstərici Rusiya və ABŞ-dən (44 m³) 3 dəfə, Avstraliyadan (21 m³) isə 6 dəfə çoxdur.

- Bundan başqa, Qazaxıstanda adambaşına gündəlik su istehlakı 3499 litr olduğu halda, Almaniyada 855, Britaniyada isə cəmi 348 litrdir. Quraqlıqlar, daşqınlar, içməli suyun keyfiyyətinin azalmasına gətirib çıxaran qlobal iqlim dəyişikliyi vəziyyəti daha da ağırlaşdırır,- o deyib.

Xanım ekoloq bildirib ki, son illər hökumət və yerli idarə orqanları səviyyəsində su ehtiyatlarına qənaət istiqamətində lazımi tədbirlər həyata keçirilib. 2024-2030-cu illərdə Qazaxıstanın su ehtiyatlarının idarəsi sisteminin inkişafı məqsədilə Milli Konsepsiya qəbul olunub. Konsepsiyada vurğulanır ki, su ehtiyatlarından səmərəsiz istehlakının əsas səbəbləri bunlardır:
– İstehsalatda köhnəlmiş texnologiyaların istifadəsi;
– Torpaq kanallarla daşınma zamanı ciddi su itkiləri;
– Suqəbuledici qurğuların keyfiyyətsiz sayğaclarla təchizatı;
– Müəssisələrdə suya qənaət üzrə qabaqcıl texnologiyaların, itkinin azaldılması və təkrar istifadə əsaslı sistemlərin tətbiqinə maneə törədən maliyyə çatışmazlığı.


Aycan Skakovanın sözlərinə görə, suvarma infrastrukturunun texniki cəhətdən yararsız hala gəlməsi kənd təsərrüfatında da məhsuldarlığa mənfi təsir göstərir. Son 30 ildə əkin sahələrində sudan istifadə əmsalı 0,8-dən 0,5-0,55-ə düşüb. Nəzərə alsaq ki, su ehtiyatlarından istifadənin 60%-dən çoxu 150 min hektar ərazinin suvarılması çərçivəsində bu sektorun payına düşür, deməli, qənaətlə bağlı tədbirlər görülməlidir. Bu məqsədlə lazımi texnologiyalar həyata keçirilir. Suvarma suyunun miqdarını artırmadan əkin sahələrinin ümumilikdə 2,5 milyon hektara çatdırılması, habelə çiləyici maşınlar, damcı suvarma sistemləri, suaşıranlar kimi qənaətcil texnologiyaların yerli istehsalı nəzərdə tutulur. Kənd təsərrüfatı və sənayedə sudan məqsədəuyğun, eləcə də limitli istifadəyə dair ciddi qayda və standartların hazırlanması, nəzarətin gücləndirilməsi, cərimələrin tətbiqi planlaşdırılır.

Hökumət həmçinin “çox su işlədən çox da ödəsin” prinsipi əsasında yeni tarif siyasəti üzərində işləyir. İçməli suyun avtomobil yuma, küçələri, yaşıllıqları sulama və s. kimi məqsədlərlə istehlakına görə yüksək məbləğli cərimələr də bu layihədə öz əksini tapır. Eyni zamanda, suyun sənaye və məişətdə təkrar istifadəsi üzrə texnologiyaların tətbiqi, tariflərin aşağı salınması nəzərdə tutulur.

Layihədə su ehtiyatlarının qənaətli istifadəsinin, mühafizəsinin vacibliyi ilə bağlı maarifləndirici proqramlar da var. Bu proqramlar həm orta, həm də ali təhsildə tətbiq olunacaq. Bu sahədə yeni mütəxəssislərin yetişməsi üçün orta texniki və ali təhsil müəssisələri də açılacaq.

Ölkədə yeni su siyasətinin təşkili, iqtisadiyyatda və məişətdə suya qənaət məqsədilə Su Ehtiyatları və Suvarma Nazirliyi qurulub. Nazirlik sözügedən Konsepsiyanı öz büdcəsi hesabına planlaşdırıb həyata keçirəcək. Qurumun və onun yerli orqanlarının fəaliyyəti mətbuatda öz əksini tapır və vətəndaşlar üçün əlçatandır.

Aycan Skakova diqqətə çatdırıb ki, Azərbaycanda keçiriləcək COP29 iqlim sammitində iştirak üçün Qazaxıstanda böyük hazırlıq işləri görülür. Qazaxıstanın nümayəndə heyəti sammitdə Mərkəzi Asiyada su ehtiyatlarının idarə olunması mövzusunda hesabat verəcək. Digər ölkələrin oxşar hesabatları xarici təcrübə ilə tanış olmağımıza imkan yaradacaq.

“Qazaxıstanda yeni Su Məcəlləsi hazırlanır. Məcəllədə əsas diqqət sudan qənaətlə istifadəyə yönəlib. Bu əhəmiyyətli strategiya sənayedə də, məişətdə də reallaşdırılacaq. Tullantı sularına nəzarətin gücləndirilməsi təklifləri də məcəllə layihəsində öz əksini tapır”, – xanım ekoloq fikrini yekunlaşdırıb.

Samir Nəcəfov
AzVision.az

Yazını rus dilində buradan oxuya bilərsniz.


Teqlər: Su   İqlim   Ekologiya  





Xəbər lenti