Sertifikasiya Azərbaycan təhsilinə nə qazandırdı?

   Sertifikasiya Azərbaycan təhsilinə nə qazandırdı?
  09 Oktyabr 2024    Oxunub:327
"Təhsilverənlərin Sertifikatlaşdırma prosesi Azərbaycanda müəllimlərin peşəkar inkişafını və təhsilin keyfiyyətini artırmaq məqsədilə həyata keçirilən əhəmiyyətli təşəbbüslərdən biridir. İngilis dili və riyaziyyat fənləri üzrə proses artıq yekunlaşmaq üzrədir və bu prosesin gələcəyə və qısa müddət ərzində təsirləri artıq müşahidə olunmaqdadır. Sertifikatlaşdırma prosesinin verdiyi imkanlar və çətinlikləri bir arada təhlil etmək, təhsildə inkişafı sürətləndirmək üçün hansı addımların atılmalı olduğunu göstərir".
AzVision.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran əsədov deyib.

Onun sözlərinə görə, sertifikatlaşdırma prosesinin müsbət təsirləri qısa müddətdə hiss olunmağa başlayıb:

"Müəllimlərin peşəkarlıq səviyyəsinin artması prosesin ən mühüm nailiyyətlərindən biridir. Müəllimlər öz üzərində daha çox işləyərək, yeni təlim strategiyaları öyrənmiş və bunları pedagoji prosesdə tətbiq etməyə başlayıblar. Bu, dərs metodlarının müasirləşdirilməsi və şagirdlərin daha effektiv öyrənmə imkanlarının təmin edilməsi baxımından önəmlidir. Eyni zamanda, differensial əməkhaqqı sistemi ilə müəllimlərin peşəkarlığına uyğun mükafatlandırılması, onların motivasiyasını artırıb.

Bu təşəbbüs akademik biliklərin möhkəmləndirilməsi ilə yanaşı, müəllimlər arasında həmkardan-həmkara dəstək, qrupda ünsiyyət və kommunikasiya bacarıqlarının inkişafına da səbəb olub.

Müəllimlərin özlərini daha yaxşı təqdim etmə bacarıqları inkişaf etmiş və onlar artıq daha çox axtarış, mütaliə, müqayisə, müzakirə kimi bacarıqları gündəlik fəaliyyətlərində istifadə etməyə başlamışlar. Bu proses zamanı müəllimlərin müsahibə mərhələsində özlərini şagirdin yerində görmələri, dərslərin şagirdlər üçün nə dərəcədə anlaşılan və effektiv olduğunu daha yaxşı dərk etmələrinə kömək edir. Nəticə etibarilə, bu təcrübələr şagirdlərə daha yaxşı dərs keçməklə, onların nailiyyətlərini artırmaqda mühüm rol oynaya bilər. Gözlənilir ki, bu təsirlərin nəticələri sertifikatlaşdırmanın aparıldığı fənnlər üzrə şagird nailiyyətlərində 4-5 il ərzində özünü göstərəcək".

Oktyabrdan müəllimlərin maaş artacaq
Ekspert onu da qeyd edib ki, bütün bu müsbət tərəflərə baxmayaraq, bəzi çətinliklər hələ də mövcuddur:

"Müəllimlərin İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) bacarıqları kifayət qədər yüksək səviyyədə deyil. ARTİ (Azərbaycan Respublikası Təhsil İnstitutu) tərəfindən müxtəlif təlimlər keçirilsə də, bu bacarıqların praktiki istifadəsində hələ də problemlər mövcuddur. Müasir tədris prosesində rəqəmsal alətlərin və texnologiyanın rolu artdıqca, müəllimlərin bu sahədəki çatışmazlıqları təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Müəllimlərin tədris etdikləri fənnin məktəblərdə tətbiqi vəziyyəti haqqında məlumatsız olmaları da ciddi bir problemdir. Bu, onların fənn üzrə dərs proqramını və şagirdlərin hansı mövzularda çətinlik çəkdiyini dərindən anlamalarını çətinləşdirir. Eyni zamanda, IX və XI siniflərin Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahanlarındakı nəticələr haqqında məlumatsızlıq, müəllimlərin öz dərslərinin nəticələrini analiz etməkdə çətinlik çəkmələrinə səbəb olur".

K.Əsədov bildirib ki, sertifikatlaşdırma prosesi müəllimlərdə hesabat, data təhlili, analiz və qərar vermə bacarıqlarının inkişafına yetərincə töhfə verə bilməyib:

"Bu bacarıqların zəif olması, müəllimlərin tədris prosesini daha elmi və statistik yanaşma ilə təkmilləşdirməsini məhdudlaşdırır. Nəticədə, müəllimlərin uğur göstəricisi kimi yalnız şagirdlərin ali məktəblərə qəbul nisbətlərini əsas götürmələri müşahidə edilir. Bu yanaşma, təhsilin məqsədinin yalnız ali məktəblərə qəbuldan ibarət olmadığını, eyni zamanda şagirdlərin geniş düşüncə tərzinin və yaradıcı bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu gözardı edir.

Digər bir məqam isə vətənpərvərlik mövzularında müəllimlərin tez-tez qazi və şəhid məzunlarını vurğulamasıdır. Bu, cəmiyyətin qəhrəmanlarına olan dərin hörməti ifadə etsə də, təhsil sisteminin vətəndaşlıq, etik dəyərlər və tənqidi düşüncə bacarıqlarının inkişafına daha geniş baxış bucağı ilə yanaşmasının vacibliyini göstərir.

Nəticə olaraq, Təhsilverənlərin Sertifikatlaşdırma prosesi Azərbaycanda müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin daha yaxşı təhsil alması üçün əhəmiyyətli bir addımdır. Lakin bu prosesin tam səmərəli olması üçün İKT bacarıqlarının inkişaf etdirilməsi, fənnin tətbiqi ilə bağlı məlumatlılığın artırılması və müəllimlərin daha dərin analitik bacarıqlara sahib olmaları vacibdir. Müəllimlər yalnız dərs keçməklə kifayətlənməməli, eyni zamanda təhsil sahəsində davamlı öyrənmə və yeniliklərə açıq olmalıdırlar. Bu istiqamətdə atılacaq addımlar, sertifikatlaşdırma prosesinin uzunmüddətli müsbət təsirlərini daha da gücləndirəcək və Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfə verəcəkdir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Sertifikasiya   müəllim   qiymətləndirmə  





Xəbər lenti