Qonşularımız "Discord"u blokladı: Bizə də təhlükə varmı?

Qonşularımız "Discord"u blokladı:  Bizə də təhlükə varmı?
  10 Oktyabr 2024    Oxunub:3097
Türkiyə məhkəməsi son zamanlar gənclərə və uşaqlara qarşı şantaj, pedofiliya, cinsi istismar kimi iddialarla gündəmə gələn "Discord" sosial şəbəkəsinin fəaliyyətinə qadağa qoyub. Mesajlaşma və digər funksiyaları olan bu sosial media tətbiqi Rusiyada da bloklanıb.
Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, "Discord"a qoyulan giriş qadağası haqlı qərardır: “Bu, tamamilə qapalı bir sistemdir. Bizim təhlükəsizlik orqanları orada heç bir araşdırma, əməkdaşlıq apara bilməz. Onlar IP ünvanlarını və mesaj məzmunu ilə bağlı məlumatları bizimlə bölüşmürdülər. Mesencerin nümayəndələrinin mövqeyini nəzərə alaraq, Ankara şəhərinin məhkəmə orqanları 9 oktyabr çərşənbə günü saat 02.10-dan etibarən platformaya girişi bloklamaq qərarına gəlib. Söhbət tamamilə qapalı, məzmunu Türkiyənin təhlükəsizlik strukturlarına məlum olmayan sistemdən gedir”.

“Azərbaycan Süni İntellekt yarışında uduzur” | VİDEOMÜSAHİBƏ
Ədliyyə naziri Yılmaz Tunç da məsələyə münasibət bildirib. O, messencerə girişin bloklanmasına dair məhkəmə qərarının platformadan qanunsuz fəaliyyətlər üçün istifadə edildiyini üzə çıxaran faktlardan sonra baş verdiyini deyib. Aşkar edilmiş ciddi qanun pozuntuları arasında hədə-qorxu ilə tələb etmə, zorakılığın təbliği və cinsi qısnama halları olub.

"Discord" artıq iki qonşu ölkədə oxşar səbəblərdən bloklanıb. Azərbaycanda da oxşar tədbirlər görülə bilərmi?

Məsələni AzVision.az -a şərh edən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İctimai Birliyinin İdarə Heyətinin sədri və İKT üzrə ekspert Elvin Abbasov deyib ki, bu sahədə verilən radikal qərarlar effektli olmur.

"Azərbaycandakı ümumi yanaşma və mövqe həmişə belə olub ki, məlumatlara əlçatanlığın qarşısı alınmamalıdır. Hər zaman sosial şəbəkələri bağlamaq əvəzinə, onlarla düzgün əməkdaşlıq aparılması variantını təklif etmişik. Amma "düzgün əməkdaşlıq" deyəndə meydana çıxan əsas problemlərdən birindən də söz açmalıyıq. Bu sahədə əməkdaşlıqlar beynəlxalq səviyyədə iş görən şirkətlərlə o qədər də uğurlu alınmır. Çünki onlar hər ölkəyə görə fərqli yanaşma ortaya qoya bilmirlər. Şirkətlər ümumi standartlarını qorumağa məcburdurlar. Ona görə də, sosial şəbəkələrin rəhbərləri bütün ölkələrə ümumi standartlarla yanaşırlar", - ekspert qeyd edib.


Elvin Abbasov həmçinin Azərbaycanın böyük internet seqmenti olmadığı üçün bu tip məsələlərdə o qədər də rasional olmadığını vurğulayıb: "İndiki halda bizim onlara hər hansı məsələni təlqin etməyimiz, şirkətlərlə nələrisə razılaşdırmağımız elə də aktual görünmür. Bu istiqamətdə müəyyən əməkdaşlıqlar etmək, islahatlar aparmaq olar. Bunun üçün öncə Azərbaycanda məlum sahədə qanunvericilik əsasları yaradılmalıdır. Qanunvericilik əsasları isə daha çox Azərbaycan istifadəçilərinə, yerli seqmentə, sosial şəbəkələrə çıxış seqmentinə uyğun olaraq tənzimlənməlidir. Qanunvericilik məsələyə konkret münasibət bildirdikdən sonra istifadəçilər də qanunun harada pozula biləcəyini görəcəklər. Ölkəmizdə bu meyarlar, çərçivələr bəlli olmalıdır. Belə olan halda artıq sosial şəbəkə istifadəçiləri də öz ölçülərini götürə biləcəklər. Biz sosial şəbəkələrlə münasibət quranda artıq ölkəmizin hansı standartlarının olduğunu biləcəyik. İndiki halda hansı standartlara görə münasibətləri tənzimləməli olduğumuzu bilmirik. Hazırda önəmli olan budur ki, haqqında söz açdığımız istiqamətdə qurulacaq yanaşmalar düzgün təyin olunmalıdır".

Mütəxəssis Azərbaycanın da Rusiya və Türkiyəyə baxıb bloklama variantına üstünlük verməsini arzuolunan addım saymayıb. Çünki belə qərar uğursuz seçim olar: "Məsələn, Azərbaycanda TikTok-un hazırki istifadə üsullarını səmərəli hesab etmirəm. Amma bu sosial şəbəkənin bloklanmasının da tərəfdarı deyiləm. Sadəcə olaraq, həmin şirkətlə əməkdaşlıq yolları tapıb, müsbət münasibətlər qurmalı, onların rəhbər şəxslərini ölkəmizə dəvət etməliyik. Hər şeyi düzgün qursaq, sosial şəbəkələrlə faydalı əməkdaşlıqlara getmək olar. Belə tədbirlər daha uyğun variant sayılır, nəinki bloklanma ola".

Ekspert Türkiyə hökumətinin müxtəlif dövrlərdə bir neçə sosial şəbəkəni bloklamasını da xatırladıb. “Youtube”, “İnstagram” Vikipediya bu ölkədə qadağalarla üzləşib. Sərt tədbirlər heç də müsbət nəticələrlə sona çatmayıb: "Hökumət heç bir nailiyyət əldə etmədi. Aidiyyəti qurumlar sonda həmin saytları yenidən vətəndaşlar üçün əlçatan etdilər. Bloklanma müqabilində hökumətin qoyduğu tələblər tam qarşılanmadı. Artıq sosial şəbəkələr elə hala gəliblər ki, bir çox biznes və ya müxtəlif sahələr üzrə professional münasibətlər, sosial əlaqələr məhz bu kimi saytların üzərindən də aktiv şəkildə tənzimlənir. Ona görə də, sosial şəbəkələrə qarşı yanaşmanı düzgün təyin etməliyik. Bu yanaşma elə qurulmalıdır ki, ümumi internet seqmenti razı qalsın. Əgər radikal qərarlar versək, Azərbaycanın imicinə olduqca mənfi nəticələri görə bilərik. Sosial şəbəkələrin bloklanmasının müqabilində ölkəmiz söz, fikir azadlığı ilə bağlı beynəlxalq müstəvidə xal itirəcək. Bir sözlə, bütün bu kimi məsələləri nəzərə alsaq, hansısa sosial şəbəkənin bağlanmasının tərəfdarı deyiləm. Sadəcə olaraq məlum şirkətlərlə düzgün əməkdaşlığın formalaşması istiqamətində fəaliyyətlərimizi artırmalıyıq. Aidiyyəti dövlət qurumlarımız sosial şəbəkələrlə uyğun və düzgün əməkdaşlıq perspektivləri yaratmalıdırlar. Belə olan halda hər üç tərəf buradan müsbət töhfə götürəcək".

Tural Tağıyev
AzVision.az


Teqlər:   Sosial-Şəbəkə   Türkiyə   Bloklanma   Ekspert  





Xəbər lenti