Makronun “Hizbullah” ilə gizli sövdələşməsi üzə çıxıb

   Makronun “Hizbullah” ilə    gizli sövdələşməsi    üzə çıxıb
  25 Oktyabr 2024    Oxunub:702
Fransa və Livan “Hizbullah”ı arasında bağlanan müqavilə, bir fransız gəmi şirkətinə Beyrut limanı üzrə tenderdə qalib gəlməyə imkan verib.
AzVision.az İsrailin “Maariv” nəşrinə istinadən xəbər verir ki, Fransanın “Figaro” qəzetinin Yaxın Şərq üzrə köşə yazarı Jorj Malbruno belə iddia ilə çıxış edib.

Jurnalistin sözlərinə görə, 2020-ci ilin yayında Beyrut limanında baş verən partlayışdan az sonra Fransa ilə “Hizbullah” arasında gizli müqavilə bağlanıb. Həmin razılaşmaya əsasən, Fransa prezidenti Emmanuel Makron Livana səfərləri zamanı “Hizbullah”ın silahları məsələsini müzakirə etməkdən çəkinməyə söz verib.

“Bunun müqabilində şiə təşkilatı Fransanın “CMA-CGM” gəmiçilik şirkətinə Beyrut limanında konteyner terminalının istismarı ilə bağlı tenderdə qalib gəlməyə kömək edəcəyinə söz verib. Müqaviləyə 2020-ci ildə baş vermiş güclü partlayış nəticəsində zədələnmiş infrastrukturun bərpası və genişləndirilməsi üzrə tapşırıqlar daxil edilib. Makronu Livana səfəri zamanı müşayiət etmiş sahibkar Rodolf Saadaya məxsus “CMA-CGM” şirkəti nəticədə tenderin qalibi olub”, - Jorj Malbruno bildirib.

Livanlı mənbənin ona ötürdüyü məlumata istinad edən fransalı jurnalist iddia edir ki, müqaviləni imzalamaqdan əvvəl “BFM TV” media şəbəkəsinin də sahibi olan Saade, “Hizbullah”a yaxınlığı ilə seçilən Livanın nəqliyyat naziri Əli Hamiyaya şəxsi təyyarəsi ilə Marselə uçmağı təklif edib.

Fransanın ən böyük dəniz konteyner daşıyıcısı olan “CMA CGM” bu sahə üzrə dünyada dördüncü ən böyük şirkətdir. Livan mənşəli Saade ailəsinin rəhbəri olduğu şirkət 2020-ci ilin avqustunda baş verən partlayışdan dərhal sonra Beyrut limanında fəaliyyətini bərpa edən ilk şirkətlərdən biridir.

Həmin partlayışdan sonra “CMA CGM” şirkəti limanın yenidən qurulmasına, o cümlədən yeni konteyner terminalının tikintisinə və lazımi avadanlıqların çatdırılmasına çoxlu resurs yatırıb. Şirkətin indiki baş direktoru Rodolf Saade onu Marseldəki qərargahından idarə etsə də, Livanla sıx əlaqələr saxlayır.

Qeyd edək ki, Beyrut limanı regionda mühüm strateji obyektdir. Partlayışdan əvvəl liman Livanın idxalının təxminən 60%-ni və ölkənin gömrükdən əldə etdiyi gəlirin təxminən 70%-ni təmin edirdi.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Makron  





Xəbər lenti