Berbok: İqlim maliyyələşdirilməsi mitigasiya olmadan mümkün deyil

      Berbok:    İqlim maliyyələşdirilməsi mitigasiya olmadan mümkün deyil
  22 Noyabr 2024    Oxunub:296
Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29 çərçivəsində keçirilən mətbuat konfransında aparılan müzakirələrin əsas istiqamətləri barədə danışıb.
O, konfransın əsas məqsədinin maliyyə məsələlərini həll etmək olduğunu vurğulayaraq deyib: “COP konfransı aydın olduğu kimi, maliyyə məsələləri ilə bağlıdır. Biz 2035-ci ilədək iqlim dəyişmələrinin təsirindən yaranan itki və zərərin aradan qaldırılması və adaptasiya tədbirlərinin necə həyata keçirilməli olduğunu dəqiq müəyyən etməliyik. Lakin, eyni zamanda, aydındır ki, iqlim maliyyələşdirilməsi mitigasiya olmadan mümkün deyil”.

A.Berbok iqlim dəyişikliyi ilə mübarizədə 1,5 dərəcə hədəfinin qorunmasının vacibliyinə diqqət çəkib. O, keçən il Dubayda əldə edilən razılaşmaların qorunub saxlanılmasının və onlara əsaslanaraq gələcək maliyyələşdirmə sistemlərinin inkişaf etdirilməsinin vacibliyini bildirib. Vurğulayıb ki, iqlim maliyyələşdirilməsi yeni enerji mənbələrinin inkişafı, enerji səmərəliliyinin artırılması və köhnəlmiş enerji mənbələrinin mərhələli şəkildə aradan qaldırılması ilə əlaqələndirilməlidir.

Nazir Avropa İttifaqının bu istiqamətdə liderlik etməyə hazır olduğunu və 2035-ci ilə qədər öz öhdəliklərini yerinə yetirəcəyini bildirib: “Avropa etibarlı tərəfdaşdır və öz məsuliyyətini yerinə yetirəcək. Lakin biz bunu yalnız geniş donor bazası yaratmaqla həyata keçirə bilərik. Böyük emissiya mənbələri, xüsusən də maliyyə imkanlarına malik olanlar bu prosesə cəlb edilməlidir”.

Almaniyalı nazir inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinə çıxışı asanlaşdırmağın və borcun restrukturizasiyasına dair daha ədalətli sistemlərin yaradılmasının vacibliyini vurğulayıb: “Xüsusilə iqlim fəlakətlərindən təsirlənən ölkələr üçün maliyyə təminatı olmalıdır ki, onların iqtisadi potensialı qorunsun. Biz borcların ləğvi və qrantların ayrılması kimi məsələlərdə daha açıq və ədalətli olmalıyıq.”

A.Berbok Avropanın yalnız öz öhdəliklərini yerinə yetirməklə kifayətlənməyəcəyini, həm də bütün dünyada iqlim ədalətini təmin etmək üçün qlobal əməkdaşlıq axtarışında olacağını bildirib.

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti