Tankların qocalmış qatili: “M2 Bradley” yaxşıdır, amma köhnəlir…

      Tankların qocalmış qatili:    “M2 Bradley” yaxşıdır, amma köhnəlir…
  05 Noyabr 2024    Oxunub:2741
Ukraynanın müharibədə geniş tətbiq etdiyi M2 Bradley ABŞ-da 1970-ci illərin sonunda artıq köhnəlmiş M113 zirehli personal daşıyıcısını əvəz etmək üçün hazırlanmış piyada döyüş maşınıdır. Ukraynaya daha əvvəl təxminən 400 ədəd tədarük edilən sələfi “M113”dən əhəmiyyətli dərəcədə üstündür.
Bu maşını yaradarkən amerikalılar SSRİ-nin “BMP-1”dən bir neçə müharibədə istifadə təcrübəsini və Almaniyanın "Marder"ini nəzərə almışdılar. Əvvəllər ABŞ-ın öz piyada döyüş maşınları olmayıb, yalnız zirehli personal daşıyıcıları var idi. "Bradley" hələ də Amerika ordusunun xidmətindəki yeganə piyada döyüş maşını olaraq qalır.

"Bradley" 1981-ci ildə ABŞ ordusu tərəfindən silahlanmaya qəbul edilib. 1980-1989-cu illərdə Amerika sənayesi 9800-ə yaxın maşın istehsal edib, sonradan onlar modernləşdirmənin bir neçə mərhələsindən keçiblər. Amerikalılar bu piyada döyüş maşınlarından İraqda, eləcə də Əfqanıstandakı iki kampaniya zamanı fəal şəkildə istifadə etdilər.

"Bradley" piyada döyüş maşını klassik tərtibata malikdir: qabaqda mühərrik və transmissiya, arxada isə desant bölməsi yerləşir. Ekipaj üç nəfərdən ibarətdir. Bu maşının əksər versiyaları desant bölməsində 6 nəfərə qədər piyada əsgəri daşımağa qadirdir, lakin M2A3 versiyası 7 nəfər üçün nəzərdə tutulub.

Konstruksiyası

Maşının korpusu qaynaqlanmış zirehli lövhələrdən hazırlanıb. Bəzi modifikasiyalarda ön və yan tərəfdə qorunma xarici polad ekrandan, alüminium zirehli gövdədən və onların arasında poliuretan köpükdən ibarətdir. Döşəmə minalardan qorunmaq üçün əlavə polad plitələrlə möhkəmləndirilib.


Zirehin nominal qalınlığı frontal proyeksiyada 25 mm, yanlarda isə 14 mm-dir. Bununla belə, praktikada nominal dəyərlər haqqında danışmaq çətindir, çünki M2 "Bradley" müxtəlif növ xarici ekranlarla, o cümlədən, kumulyativ mərmilərdən dinamik qorunma qurğuları ilə təchiz oluna bilər.

Silahlanması

"Bradley" piyada döyüş maşını 25 mm-lik "Bushmaster" topu, 7,62 mm.-lik pulemyot, bir TOW raket atıcı qurğusu və desant bölməsinin yuvalarında altı sabit 5,56 mm-lik pulemyotla təchiz olunub.

Üstünlükləri və mənfi cəhətləri

M2 "Bradley"nin meydana çıxmasından əvvəl amerikalıların öz piyada döyüş maşınları yox idi. 1960-70-ci illərin kiçik münaqişələrində sovet piyada döyüş maşınlarından istifadənin müsbət təcrübəsi amerikalıları öz ordusunun ehtiyacları üçün eyni maşınları yaratmağa məcbur etdi.

"Bradley" nisbətən gec yarandığı üçün ABŞ mühəndisləri Sovet “BMP-1”nin bütün üstünlüklərini və mənfi cəhətlərini nəzərə aldılar. Nəticədə təkcə özlərinin analoquna yox, həm də növbəti texnoloji nəslin maşınına sahib oldular. ABŞ maşınları SSRİ-nin həm “BMP-1”, həm də “BMP-2” PDM-lərindən üstün alındı.

Taktiki-texniki xüsusiyyətləri

Ukraynaya verilən "rəqəmsal" M2A3 versiyasının əsas parametrləri belədir:


Çəki: 30 ton;
Mühərrik: 500 a.g;
Maksimum sürət: 66 km/saat şossedə (40 km/saat yolsuzluqda, 7,2 km/saat suda);
Ehtiyat məsafə: 480 km;
Ekipaj: 3 nəfər + 7 desant;
Əsas silahları: 25 mm "Bushmaster" avtomatik topu;
Köməkçi silahlar: 2 ədəd TƏİRK buraxılış qurğusu, 1 ədəd 7,62 mm pulemyot və 6 ədəd 5,56 mm avtomat.

Nəticə

"Bradley" 40 ildir ki, Amerika ordusunun əsas və indiyədək əvəzedilməz piyada döyüş maşını (PDM) olaraq qalır. Bir çox mütəxəssislər, hətta rusiyalı ekspertlər də etiraf edirlər ki, “BMP-1” və “BMP-2” maşınları döyüş effektivliyi baxımından "Bradley"dən xeyli zəifdir, çünki Amerika maşınları sovet zirehli daşıyıcılarının məhv edilməsi üçün hazırlanmışdı. "Bradley" daha güclü silahlara və daha yaxşı zirehə malikdir.

Qeyd etmək lazımdır ki, İraq müharibəsi zamanı çox Səddamın tanklarını məşhur "Abrams"dan daha çox "Bradley" döyüş maşınları sıradan çıxarıb.

Bununla belə, "Bradley" 70-ci illərdə yaradılmış maşındır və mənəvi cəhətdən 20 il əvvəl köhnəlməyə başlayıb. Onun ən "ölümcül" modifikasiyaları belə Rusiyanın son “BMP-3” maşınlarına qarşı birbaşa dueldə zəif görünür. Bu səbəbdən son illərdə Amerika ordusunun yeni nəsil piyada döyüş maşınlarına keçürülməsi zərurətindən çox danışılır və ABŞ hərbi korporasiyaları onları Pentaqona təklif etmək üçün öz yeni konsepsiyalarını hazırlamağa çalışırlar.

Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının başlaması ilə Amerika silah istehsalçıları davam edən müharibənin təcrübəsinə, o cümlədən "Bradley" maşınlarının rus texnikalarına qarşı imkanlarına diqqət yetirərək, yeni PDM layihələrində müəyyən dəyişikliklər də etməyə çalışacaqlar.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Bradley   PDM   Hərb  





Xəbər lenti