Mask möhtəkirlərlə mübarizədə Trampa dəstək verəcək

   Mask möhtəkirlərlə mübarizədə Trampa dəstək verəcək
  06 Noyabr 2024    Oxunub:829
Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask prezident seçilmiş Donald Trampın administrasiyasında vəzifə alacağı təqdirdə, ABŞ-dəki federal agentliklərin sayını ixtisar etməyə çalışacağını bildirib.
AzVision.az xəbər verir ki, Trampın “Mar-a-Laqo” malikanəsində məşhur jurnalist, tele-aparıcı Taker Karlsonun təşkil etdiyi onlayn-şousundakı çıxışında İlon Mask Trampa hökuməti daha səmərəli etməkdə kömək göstərmək istədiyini deyib.

“Nəhəng bürokratiyamız var, biz həddindən artıq tənzimləmələr mövcuddur. Biz Amerikanın qurucularına imkan verməliyik”, - amerikalı miyarder vurğulayıb.

İlon Mask həmçinin bildirib ki, xalq Donald Trampa ABŞ prezident seçkilərində “dəyişiklik üçün kristall qədər dəqiq mandat” verib.

İlon Mask: “ABŞ sürətlə müflisləşir”
Qeyd edək ki, Trampın özü sentyabr ayında hökumətin səmərəliliyi ilə bağlı komissiya yaratmaq niyyətində olduğunu və onun rəhbəri vəzifəsinə İlon Maskı təyin edəcəyini bildirmişdi. Onun dediyinə görə, sahibkar “bütün federal hökumətin tam maliyyə və əməliyyat auditini” aparacaq və “fırıldaqçılıq və düzgün olmayan ödənişləri” aradan qaldırmaq üçün plan hazırlayacaq bir orqana rəhbərlik etməyə razılaşıb. İlon Mask ABŞ-nin federal büdcə xərclərini 2 trilyon dollar azaltmağı qarşısına məqsəd qoyub.

“Interconnected Capital” şirkətinin təsisçisi Kevin Syuy “Bloomberg” nəşrinə müsahibəsində İlon Maskın texnologiya və ticarətlə bağlı bir çox məsələlərdə ABŞ-la Çin arasında əsas vasitəçi olacağını ehtimal edib.

Amerikanın Sahibkarlıq İnstitutunun baş əməkdaşı Derek Sizorosa görə isə, son dərəcə Çin yönümlü olan Maskın Pekinlə münasibətində Çin hakimiyyətinin Tramp administrasiyasına təsir göstərmək üçün istifadə edəcəyi bir sxem var.

Sahibkar prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib. “Forbes” jurnalının qiymətləndirməsinə görə, 264,7 milyard dollarlıq sərvətin sahibi olan İlon Mask onun əsas sponsorlarından biri rolunu oynayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Mask  





Xəbər lenti