İtaliya parlamentinin nümayəndə heyəti MM-də

   İtaliya parlamentinin nümayəndə heyəti MM-də
  13 Noyabr 2024    Oxunub:639
İtaliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə olub.
AzVision.az xəbər verir ki, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Respublikasının parlament nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qonaqları salamlayaraq onların Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında (COP29) iştirakını yüksək qiymətləndirib. O, hazırda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək Azərbaycan-İtaliya tərəfdaşlığının inkişafında hər iki ölkənin dövlət başçılarının mühüm rolundan söz açıb, əməkdaşlığımızın daha da möhkəmləndirilməsinin ölkələrimizin maraqlarına cavab verdiyini vurğulayıb.

İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsindən bəhs edən komitə sədri Azərbaycanın ətraf mühit problemlərinə həssaslıqla yanaşdığını diqqətə çatdırıb, ölkəmizin həyata keçirdiyi yaşıl enerji və yaşıl texnologiya layihələri barədə qonaqlara məlumat verib, Azərbaycanın Avropaya yaşıl enerji tədarükü ilə bağlı niyyətlərindən danışıb.

İtaliya Respublikası Deputatlar Palatasının Ekologiya komitəsinin sədri Mauro Rotelli səmimi qəbul üçün təşəkkür edib, COP29 kimi mötəbər tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycana minnətdarlığını bildirib, tədbirin yekunlarının hər kəs üçün faydalı olacağını söyləyib.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım, komitə üzvləri Eyvaz Qurbanov, Asif Əsgərov, İtaliya Respublikası Senatının üzvü Nikola İrto, Deputatlar Palatasının üzvü Marko Simiani ölkələrimiz arasındakı ikitərəfli və parlamentlərarası əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.

Görüş iqlim dəyişiklikləri ilə mübarizə və yaşıl enerjiyə keçid kimi sahələrdə parlamentlərarası əməkdaşlıq məsələlərinin müzakirəsi ilə davam etdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti