Ceyhun Bayramovun Maldiv Respublikasının xarici işlər naziri ilə görüşüb - Fotolar
Nazir Ceyhun Bayramov COP29 çərçivəsində Maldiv Respublikasından ölkəmizə yüksək səviyyəli nümayəndə heyətinin səfərinin əhəmiyyətini qeyd edərək, bu kimi təmasların ikitərəfli və çoxtərəfli əməkdaşlıq perspektivlərinin müzakirəsi baxımından vacib olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında iqtisadiyyat, investisiyalar, ticarət istiqamətləri üzrə əməkdaşlığın mühüm perspektivlərinin mövcud olduğu, bu imkanlardan istifadə etməklə qarşılıqlı ticarət dövriyyəsinin artırılmasının əhəmiyyəti vurğulanıb.
Xalqlarımız arasında qarşılıqlı təmasların gücləndirilməsi baxımından turizm sahəsində mövcud imkanların nəzərdən keçirilməsinin, qarşılıqlı viza sadələşdirilməsi məsələlərinə baxılmasının vacibliyi qeyd olunub. Nazir Ceyhun Bayramov, həmçinin COP29 sədrliyimiz barədə qarşı tərəfi ətraflı məlumatlandırıb, sədrlik dövründə qarşılıqlı faydalı əməkdaşlıq edəcəyimizə dair inamını ifadə edib.
Nazir Abdulla Xəlil Azərbaycanı COP29-a sədrliyi münasibətilə təbrik edib, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizə səylərinə rəhbərliyində uğurlar arzu edib. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra nazirlər arasında “Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” və "Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Maldiv Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun imzalanması baş tutub.
AzVision.az
Teqlər: