Axios: “Husilərin arsenalı Pentaqonu şoka salıb”

      Axios:    “Husilərin arsenalı Pentaqonu şoka salıb”
  15 Noyabr 2024    Oxunub:188
Bu həftənin əvvəlində husilərin ABŞ-nin iki esminesinə qanadlı və ballistik raketlərlə hücumundan sonra Müdafiə nazirinin müavini Laplant üsyançıların arsenalından şoka düşdüyünü söyləyib.
AzVision.az Amerikanın “Axios” portalına istinadən xəbər verir ki, ABŞ-nin Müdafiə nazirinin silahların alışı və təchizatı üzrə müavini Bill Laplant Yəmən husilərinin arsenalında ən müasir silahlar, o cümlədən “heyrətamiz şeylər edə bilən” raketlər olduğunu bildirib.

“Mən mühəndis və fizik kimi bütün karyeram boyunca raketlərlə işləmişəm. Husilərin son altı ayda etdikləri ilə bağlı gördüklərim məni şoka saldı. Husilər qorxulu aktora çevrilirlər”, - amerikalı hərbi məmur vurğulayıb.

“Axios” bildirir ki, husilərin əldə etdiyi ballistik və qanadlı raketlər nəticəsində, onlar Qırmızı dənizdən keçən demək olar ki, mülki və hərbi gəmilərin hamısına təhdid yaradırlar. Portala müsahibə verən ekspertlərin iddiasına görə, “İranın etibarlı adamları” arasında husilər əslində gəmi əleyhinə ballistik raketlərə sahib olan qüvvədir.

Qeyd edək ki, ötən ilin oktyabrında Qəzza zolağında müharibənin aktiv mərhələsi başlayandan bəri Yəmən husiləri müntəzəm olaraq Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücum edir. Hərəkat nümayəndələri onların hədəflərinin bu və ya digər şəkildə İsraillə bağlı olduğunu bildirirlər.

Bunun cavabında Birləşmiş Ştatlar və müttəfiqləri yanvar ayında Yəmən husilərinə qarşı “Firavanlıq keşikçisi” əməliyyatına başladığını elan ediblər. Müttəfiqlər mütəmadi olaraq üsyançıların mövqelərinə hava zərbələri endirdiyini bildirirlər. Onlar isə, bunu qarçılığında koalisiyaya məxsus döyüş gəmilərinə hücumlar həyata keçirilər.

Husilər ABŞ-ın təyyarədaşıyan gəmisinə hücum etdilər
Belə ki, noyabrın 12-də husilərin hərbi nümayəndəsi Yəhya Saria üsyançıların Amerikanın “Abraham Linkoln” təyyarədaşıyan gəmisinə və iki esminesinə hücum etdiyini açıqlayıb. Esmineslərə qarşı əməliyyat Qırmızı dənizdə, təyyarədaşıyan gəmiyə isə Ərəbistan dənizində baş tutub. Hücumlar raketlər və dronlar vasitəsi ilə təşkil edildiyini deyən Saria, səkkiz saatlıq əməliyyatlar çərçivəsində qrupun öz məqsədlərinə nail olduğunu vurğulayıb.

Bir gün sonra Pentaqon esmineslərə hücum olunduğunu təsdiqləsə də, təyyarədaşıyan gəmiyə hücumla bağlı məlumatları təkzib edib.

“USS Spruance və USS Stockdale raket esminesləri keçid zamanı ən azı səkkiz PUA, beş gəmi əleyhinə ballistik raket və üç gəmi əleyhinə qanadlı raketlə hücuma məruz qalıb. Gəmilərə zərər dəyməyib, ekipaj xəsarət almayıb”, - Pentaqonun mətbuat katibi Patrik Rayder keçirdiyi brifinqdə demişdi.

Lakin ABŞ-nin Müdafiə nazirinin müavini Bill Laplantın açıqlaması artıq Patrik Rayderin özünün bəyanatını təkzib edir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   husilər   şok  





Xəbər lenti