Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər - "The Telegraph"

 Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər    - "The Telegraph"
  16 Yanvar 2025    Oxunub:327
Böyük Britaniyanın baş naziri Kir Starmer və Fransa prezidenti Emmanuel Makron müharibəyə son qoyacaq potensial razılaşmadan sonra hərbi kontingentin Ukraynaya göndərilməsi ideyasını nəzərdən keçirirlər. Kontingent Ukraynaya sülhməramlı missiya adı altında göndəriləcək.
Bu fikirlər "The Telegraph" nəşrində dərc olunan məqalədəndir. Sayt öz mənbələrinə istinad edib.

Makron Polşada Ukraynaya qoşun göndərilməsini müzakirə edəcək
Qeyd edilib ki, hazırda bu ideyanı ən çox Fransa prezidenti dəstəkləyir. O, artıq məsələni Ukrayna prezidenti Vladimir Zelenski ilə yanaşı Polşanın baş naziri Donald Tusk ilə də müzakirə edib.

"Douninq-strit" və Yelisey sarayı keçən həftə Çekersidə keçirilən görüşdə məlum mövzunun qaldırılmasını inkar etmirlər. Amma danışıqların təfərrüatları məxfi olaraq qalır.


Britaniya hökumətindəki mənbələrdən biri deyib: "Bizim nəyi dəstəkləyəcəyimiz, eləcə də sülhməramlı qoşunların üzləşə biləcəyi təhlükə, bu addımın eskalasiyaya səbəb olub-olmaması ilə bağlı daha geniş suallar və problemlər var".

Nəşr yazıb ki, sülhməramlı təklifləri Avropa liderlərinin Ukraynaya dəstəklərinə dair müzakirələrlə paralel ortaya atılır. Bu, həm də Kiyev və Moskva arasında sülh razılaşması əldə etməyə çalışan Donald Trampın təzyiqi fonunda baş verir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Makron   Ukrayna   Sülhməramlı  





Xəbər lenti