Evlərin qiyməti qalxacaq | Açıqlama

  Evlərin qiyməti qalxacaq | Açıqlama
  19 Yanvar 2025    Oxunub:415
2025-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında vəziyyət necə olacaq?
“Vergi Məcəlləsinə” edilən son dəyişikliklərdən biri də tikinti ilə məşğul olan sahibkarların vergi yükünün azaldılması ilə bağlıdır. Yeni qaydalara əsasən, hər bir tikili üzrə çəkilən xərclər, ümumi xərclərlə müqayisə edilir və faktiki xərcin xüsusi çəkisi müəyyənləşdirilir. Bu zaman həmin binadan təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələrinin satış dəyəri qeyd edilən qaydada müəyyən edilən həcm nisbətində vergi tutulan gəlirlərə və faktiki çəkilən xərclər isə gəlirdən çıxılan xərclərə aid edilir.

Bəs, 2025-ci ildə Azərbaycanın daşınmaz əmlak bazarında vəziyyət necə olacaq? Tikinti şirkətləri üçün nəzərdə tutulan vergi güzəşti qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

Mövzu ilə bağlı AzVision.az -a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekpert Vüqar Oruc bildirib ki, ucuzlaşma gözlənilmir:

"Çünki ölkə iqtisadiyyatı böyüyür. 30 ildən artıq işğal altında olan ərazilərimizin azad olunması nəticəsində Azərbaycan dövləti həmin ərazilərdə infrastrukturun bərpasına start verib və qlobal səviyyəli böyük layihələr həyata keçirilir. Eyni zamanda, ölkəmizin investisiya cəlbediciliyi artıb. Xarici investorlar ölkəmizə axın edir. Bütün bunlar təbii ki, ölkədə iqtisadi inkişafın və iqtisadiyyatın böyüməsi ilə nəticələnir.

Daşınmaz əmlak birbaşa ölkə iqtisadiyyatı ilə bağlıdır və düz mütənasibdir. Eyni zamanda daşınmaz əmlak tikinti xərcləri ilə də düz mütənasibdir. Yəni, əgər daşınmaz əmlak qiymətləri artırsa, avtomatik olaraq tikinti xərcləri də artır. Yaxud da bunun əksi də baş verə bilər. Tikinti materiallarının qiyməti ötən ilin əvvəlindən bu ilin əvvəli ilə müqayisədə 12,4 faiz artıb. Tikinti materiallarının bahalaşması ilə paralel olaraq tikintiyə sərf olunan işçi qüvvələrinin xidmət haqqı da yüksəlir. Əvvəlki illərlə müqayisədə təqribən 20 -25 faiz artım müşahidə olunur".

Ekspert deyir ki, 2025-ci ildə qiymətlər artacaq:"İstər mənzillərin, istər fərdi yaşayış evlərinin, istərsə də qeyri-yaşayış obyektlərinin qiymətlərində artımı müşahidə edəcəyik. Çünki iqtisadi cəhətdən inkişafda olan ölkələrdə mütləq daşınmaz əmlakın qiyməti yüksəlir. Vergi güzəştləri ola bilsin ki, ümumi qiymətə təsir göstərsin".

Həmidə İbrahimova
AzVision.az


Teqlər: daşınmazəmlak  





Xəbər lenti