ABŞ Fransanı Türkiyə ilə əvəzləyir? – TƏHLİL

ABŞ Fransanı Türkiyə ilə əvəzləyir? – TƏHLİL
  22 Aprel 2013    Oxunub:1938
Amerika konqresinin nümayəndələr palatasının Xarici əlaqələr komitəsində Dövlət Departamentinin 2014-cü il üçün büdcəsinin müzakirəsi zamanı ABŞ dövlət katibi Con Kerri bildirib ki, “Türkiyə Yaxın Şərq sülh prosesi, Suriya böhranı, Dağlıq Qarabağ münaqişəsi və Kipr problemində konstruktiv regional oyunçudur. Vaşinqtonla mütəmadi danışıqlar vasitəsilə Ankara bizə iki donmuş münaqişənin – Dağlıq Qarabağ və Kipr münaqişələrinin tənzimlənməsində yardımçı olur. Düşünürəm ki, Türkiyə bu məsələlərdə konstruktiv oyunçu olacaq, və biz Ankara ilə bu konstruktiv əlaqələrin dəstəklənəcəyinə ümid edirik”. Bu bəyanat ilk növbədə onu göstərir ki, Amerika Yaxın Şərqdə Türkiyə ilə birgə apardığı işdən məmnundur və bundan sonrakı fəaliyyət də Ankara ilə bərabər qurulacaq.

Eyni zamanda, Yaxın Şərqlə yanaşı? Qafqaz regionu və Kipr məsələsi yaxın dörd il ərzində ABŞ-ın xarici siyasi prioritetləri arasında olacaq. Görünür ki, Qafqaz regionunda da Amerika əsas tərəfdaş kimi Türkiyə ilə iş qurmaq niyyətindəndir. Burada söhbət tək Dağlıq-Qarabağ problemindən getmir.

Amerikanın Türkiyəyə üstünlük verməsi Avropada bu rola can atan Fransanın ürəyincə olmayacaq. Necə ki, Paris Yaxın Şərq və Afrika regionunda özünü əsas vasitəçi və ABŞ-ın aparıcı tərəfdaşı hesab edirdisə, eləcə də Qafqaz regionunda da bu missiyanı öz üzərinə götürməyə çalışır. Türkiyə ilə Fransa arasında Liviya kampaniyasının gedişatında yaranmış gərginliyin əsl səbəbi də məhz nüfuz dairələri uğrunda aparılan savaş idi. Qafqazda da Fransa özünü əsas vasitəçi hesab etdiyindəndir ki, 2008-ci ildə Gürcüstanla Rusiya arasında hərbi münaqişə baş qaldırdığı zaman o zamankı prezident Nikolya Sarkozi əsas vasitəçi kimi bu ölkəyə gəlmişdi. Elə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün təsis olunmuş ATƏT-in Minsk qrupunda Parisin yer alması qeyd edilən ehtimalları doğruldur. Amerika uzun illərdir Qafqazla bağlı passiv xarici siyasətə üstünlük verir və Fransanın “vasitəçiliyi” ilə də razılaşırdı.

Ancaq artıq Amerika Qafqazla bağlı xarici siyasətinin aktiv fazasına keçdiyi üçün əsas oyunçularını da müəyyən etməlidir. Qeyd etmək lazımdır ki, Fransanın hazırkı prezidenti Fransua Olland da Vaşinqtonun ona bəslədiyi ümidləri doğrultmadı. Vaşinqton özünün Qafqazdakı planlarını həyata keçirmək və bu regionu Rusiyanın təsirindən çıxarmaq üçün Ermənistanın üzünü Qərbə çevirməyə çalışırdı. Serj Sarkisyanın keçən ilki Paris səfəri zamanı Olland ermənistanlı həmkarına mövqeyinin dəyişmənin vaxtı çatdığını bildirsə də, bu xəbərdarlığın heç bir xeyri olmadı. Sarkisyan Ollandın sözünə baxmadı və fransalı həmkarını Vaşinqtonun yanında üzüqara çıxardı. Nəticədə ABŞ Raffi Ovenesyanın inqilabına dəstək verməyə başladı və artıq Ermənistanda ikihakimiyyətlilik yaranması müşahidə olunur. Fransa isə öz üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirə bilmədi.

Bu məsələdə Türkiyənin xeyrinə işləyən əsas faktor Ankaranın paralel olaraq Moskva ilə münasibətlərini normal səviyyədə saxlamasıdır. Təbii ki, Azərbaycan və Gürcüstanla strateji əməkdaşlığın, üstəgəl Azərbaycan-İsrail-Türkiyə əməkdaşlıq oxunun yaranması da mühüm amillərdir.

Güman etmək olar ki, Türkiyənin Qafqazdakı rolu artıqca Dağlıq Qarabağ münaqişəsinin həllində yeni formatların axtarışına başlanıla bilər. Hətta ATƏT-in bir işə yaramayan Minsk qrupundan da imtina edilməsi mümkündür.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti