Britaniya Kiyevə "Taurus" verilməsini dəstəklədi - "The Telegraph"

   Britaniya Kiyevə "Taurus" verilməsini dəstəklədi    - "The Telegraph"
  17 Aprel 2025    Oxunub:663
Böyük Britaniya Almaniyanın gələcək kansleri Fridrix Merzin Ukraynaya uzaqmənzilli "Taurus" raketləri göndərmək ideyasını dəstəkləyib.
Bu barədə “The Telegraph” qəzeti məlumat yayıb. Nəşr mənbələrinə istinad edib.

"Taurus" Kiyevə Krım körpüsünün vurulması üçün verilir - "Financial Times"
Qəzetin hökumətdəki mənbələrinə görə, London Almaniya hökumətinin Ukraynanı “Taurus” qanadlı raketləri ilə təmin etmək qərarını dəstəkləməyə hazırdır.

Məqalədə o da yazılıb ki, bu, mayın əvvəlində vəzifəyə başlayacaq yeni seçilmiş kansler Fridrix Merz üçün əlavə dəstək siqnalı ola bilər.

Britaniyanın adı açıqlanmayan xarici siyasətlə bağlı rəsmisi isə yayılan məlumatı üstüörtülü şəkildə təsdiqləyib. O, deyib: “Biz Almaniya da daxil olmaqla tərəfdaşlarımızla işləməyə davam edirik. Məqsəd Ukraynanın suveren ərazisini qoruması üçün ən yaxşı təchizatla təmin etməkdir”.

Xatırladaq ki, bir neçə gün öncə "Financial Times" (FT) Almaniyanın Ukraynaya uzaqmənzilli "Taurus" raketləri göndərməyə hazır olması barədə xəbər yaymışdı. Nəşr yeni kanslerə istinad edib. Merz "Taurus"la bağlı niyyətini Kiyevin mövqelərini gücləndirmək və Rusiya prezidenti Vladimir Putini güzəştə getməyə məcbur etməklə izah edib.

Ukrayna uzun müddətdir ki, Almaniyadan “Taurus” raketlərini istəyir. Lakin Almaniya hakimiyyəti həmişə belə bir mühüm silahın ukraynalılara təhvil verilməsindən imtina edib. İndi gələn ay kansler vəzifəsini başlayacaq Merz bunu etməyə hazır olduğunu aşkar şəkildə bəyan edir. Bununla belə siyasətçi məlum məsələlərdə avropalı müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edəcəklərini də gizlətməyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Almaniya   Britaniya   Ukrayna   Raket  





Xəbər lenti