IDEA kampaniyası aksiya keçirib
AzVision.az xəbər verir ki, IDEA Kampaniyasından AzərTAc-a bildiriblər ki, artıq 192 ölkədə qeyd olunan Beynəlxalq Yer Kürəsi Günü hər il dünyanın müxtəlif ölkələrində yaşayan 1 milyarda yaxın insanı birləşdirir. Yer Kürəsi Gününü koordinasiya edən “Earth Day Network” hazırda 22000-ə yaxın təşkilatla əməkdaşlıq edir.
“Earth Day Network” ilə rəsmi tərəfdaşlıq edən IDEA Kampaniyası Beynəlxalq Yer Kürəsi Gününün Azərbaycanda qeyd olunmasına dair tədbirlər həyata keçirtməkdədir. Belə ki, insanları, xüsusən, gəncləri ətraf mühitin qorunması ilə bağlı məlumatlandırmaq məqsədi ilə IDEA Kampaniyası “Earth Day Network” tərəfindən həyata keçirilən #faceofclimate “hashtag”-i altında qlobal fotoşəkil toplanmasında iştirak edir.
Aksiya çərçivəsində IDEA Kampaniyasının fəalları təbiətin gözəlliyi və ətraf mühitin çirklənməsini əks etdirən fotoşəkillər çəkmişlər. Fotoşəkillərin vasitəsilə gənclər, həmçinin ətraf mühitin qorunmasına dair ismarışlarını da çatdırmışlar. Yüzə yaxın fotoşəkil “Earth Day Network”ün rəsmi saytına yüklənmiş və sosial şəbəkələrdə paylaşılmışdır.
Beynəlxalq Yer Kürəsi Günü ilk dəfə 1970-ci ildə qeyd olunmuşdur. İlk dəfə olaraq 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək öz fikirlərini ifadə etmişlər. 2009-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, Beynəlxalq Yer Kürəsi Günü hər il aprelin 22-də qeyd olunur.
Ətraf mühitin qorunması məsələləri ilə bağlı insanları məlumatlandırmaq məqsədi ilə bir sıra beynəlxalq təşkilatlarla birlikdə layihələr həyata keçirən IDEA (İnternational Dialogue for Environmental Action) - Ətraf Mühitin qorunması üzrə Beynəlxalq Dialoq Kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. IDEA Kampaniyası təbiətin mühafizəsi işlərinə gənclərin marağını artırmağa və onların keçirilən tədbirlərdə fəal iştirakına xüsusi əhəmiyyət verir.
Teqlər: