Qeyri-rəsmi qrant alanlar cərimələnəcək

Qeyri-rəsmi qrant alanlar cərimələnəcək
  15 Fevral 2013    Oxunub:2322
Milli Məclis qanunvericilikdə bəzi dəyişikliklər edib.
Milli Məclisin 15 fevral iclasında “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib.

“Qrant haqqında” qanuna edilən dəyişikliyə görə, “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələr və dövlət hakimiyyəti orqanlarının yardımları istisna olmaqla qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardım qəbul edə bilməz.

“Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna ianələr və qrantlarla bağlı yeni maddə əlavə olunub. Həmin maddədə qeyd edilir ki, ianə qeyri-hökumət təşkilatının qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona bu qanunla nəzərdə tutulmuş qaydada maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardımdır. Qeyri-hökumət təşkilatı qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Qeyri-hökumət təşkilatına ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa yaxud dolayı yola maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

İanə edilən pul vəsaitləri qeyri-hökumət təşkilatının bank hesabına köçürmə yolu ilə qəbul edilir. Nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatı iki yüz manatadək ianəni nağd şəkildə qəbul edə bilər. Qeyri-hökumət təşkilatının qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş məlumatlar müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edlilir. Qrantların verilməsi, alınması və istifadəsi ilə bağlı iqtisadi və hüquqi münasibətlər “Qrant haqqında” qanun ilə tənzimlənir.

“Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyə gəlincə, dəyişikliyə əsasən dini qurum qəbul etdiyi və ya vəd edilən ianə müqabilində, ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt verə, belə təkliflə çıxış edə və ya belə vəd verə bilməz. Dini quruma ianə verən şəxs verdiyi və verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz. Sənəddə o da qeyd edilir ki, “ianə” dedikdə dini qurumun qarşısında hər hansı məqsədə nail olmaq vəzifəsi qoymadan ona maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilən yardım başa düşülür.

Bu dəyişiklilərə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində də dəyişikliklik edilir. Qrant müqaviləsi (qərarı) olmadan Azərbaycan Respublikasında fəaliyyət göstərən dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada yardımın qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş vəsait və əşyalar müsadirə olunmaqla vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək miqdarda cərimə ediləcək.

Mediaforum bildirir ki, bu cərimə “Dini etiqad azadlığı haqqında” və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunlarda nəzərdə tutulan ianələrə və dövlət hakimiyyəti orqanlarının yardımlarına şamil edilmir. İanələr barədə məlumatın maliyyə hesabatına daxil edilməməsi siyasi partiyanın və ya qeyri-hökumət təşkilatının, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatın müvafiq icra hakimiyyəti orqanına təqdim olunan maliyyə hesabatına daxil edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək miqdarda cərimələnəcək.

İanə edilən pul vəsaitlərinin siyasi partiyaya və ya qeyri-hökumət təşkilatına, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyinə nağd şəkildə verilməsinə görə fiziki şəxslər iki yüz əlli manatdan beş yüz manatadək miqdarda, vəzifəli şəxslər yeddi yüz əlli manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min beş yüz manatdan yeddi min manatadək miqdarda cərimə ediləcək. İanə edilən pul vəsaitlərinin siyasi partiya və ya qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətin qeyri-hökumət təşkilatının filial və nümayəndəliyi tərəfindən nağd şəkildə qəbul edilməsinə görə vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər yeddi min manatdan on min manatadək miqdarda cərimələnəcək. Azərbaycan Respublikasında fəaliyyət göstərən, nizamnaməsinə əsasən başlıca məqsədi xeyriyyəçilik olan qeyri-hökumət təşkilatlarına nağd şəkildə verilən və həmin təşkilatlar tərəfindən nağd şəkildə qəbul edilən iki yüz manatadək ianələrə bu maddənin qüvvəsi şamil edilmir.


Teqlər:





Xəbər lenti