“Məni efirdə görüb, elçi düşənlər olub”

“Məni efirdə görüb, elçi düşənlər olub”
  24 May 2013    Oxunub:4753
Günay Yelmarqızı: “Özümü gözəl saymıram”
Bu dəfə müsahibə haqqında düşünəndə təsadüfən Lider TV-də “Səda” informasiya buraxılışı gedirdi. Aparıcının efirdəki xanımlığı və səmimiliyi məni ayaq saxlayıb, baxmağa vadar etdi. Təbii ki, həm də ondan müsahibə almağa. Bu, olduqca mədəni, mehriban, həm də Lider-in ən xoş “Səda”sı olan- Günay Yelmarqızıdır. Lider TV Səda İnformasiya Xidmətində Analitik qrup rəhbərinin müavini və aparıcı.

- Televiziya sahəsində artıq 11illik təcrübəyə maliksiniz, niyə məhz Lider?
- Bilirsiniz, Lider mənim həyatımda başlanğıc nöqtəsidir. Karyeramda bir çox ilklər məhz bu televiziya ilə bağlıdır. 3 illik qəzet fəaliyyətimdən sonra 2002-ci ildə mən televiziya karyerama Liderdə başlamışdım. Burada keçdiyim bir illik təcrübə mənə xəbər aparıcılığı karyeramda çox böyük kömək oldu. 2003-cü ildən xəbər aparıcısıyam və bu illər ərzində bir neçə kanalda ana buraxılışları təqdim etmişəm. İllər sonra artıq xəbər aparıcısı kimi Lider-ə qayıtdım. Və çox sevinirəm ki, bu kanalda işləmək arzum cavabsız qalmadı. 2009-cu ildən “Lider”dəyəm və bundan çox məmnunam. İnsan işlədiyi yerdə ilk növbədə özünü rahat hiss etməlidir. Bu mənada “Lider” mənim üçün çox doğma yerdir. Buradakı işimi, kollektivimizi və qazandığım dostlarımı çox sevirəm.

- Diplomatiya təhsiliniz şəxsi həyatınızda köməyinizə gəlirmi?
- Şəxsi həyatımda diplomat olduğumu deyə bilmərəm, düzü. Hərdən balaca bir uşaq qədər sadəlövh ola bilərəm. Amma olur, hərdən köməyimə də çatır. Xarakterimdə bu peşəyə uyğunluq var. Beynəlxalq münasibətlər mənim ikinci təhsilimdir. Birinci ixtisasım jurnalistikadır. Əslində elə jurnalistika da bir növ diplomatiyadır mənə görə. Amma çox sevdiyim üçün beynəlxalq münasibətlər üzrə də ali təhsil aldım. Nə zamansa səfir olmağı arzulayıram.

- “Şəxsi həyat” demişkən durumunuz necədir? Yəni ailəlisiniz?
- Şəxsi həyatımda bir yenilik yoxdur. Necə deyərlər, nisbi sakitlik davam edir. Xeyr, ailəli deyiləm.



- Yoxsa siz də karyerada irəliləmək üçün ailə qurmağı arxa plana yerləşdirmisiniz?
- Əsla. Mənim üçün karyera və şəxsi həyat ayrıdır. Heç vaxt karyerama görə şəxsi həyatımı, şəxsi həyatıma görə karyeramı qurban vermək barədə düşünməmişəm. Paralel olaraq onların ikisinin də öhdəsindən gələcək qədər güclü xanım sayıram özümü. Yəni şəxsi həyatımı arxa plana atmamışam. Ümumiyyətlə, bu məsələdə qismətə inanıram. Hər insanın bir yarı olduğuna inanıram. İnsan öz yarısı ilə qarşılaşanda bütöv və xoşbəxt olur. Və insan nə qədər səy göstərsə də, hər şey öz vaxtında olur – ne tez, nə də gec. Əsas doğru insanla qarşılaşmaqdır.

- Bəs olubmu ki, ekrandan sizi görüb vurulsunlar və evlənmə təklif etsinlər?
- Olub. Efirdə görüb bəyənən, sonra elçi düşənlər olub.

- Ev işləri ilə aranız necədi? Biş-düş bacarırsınız?
- Man, ümumiyyətlə, düşünürəm ki, insanın öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. “Mən filan işi görə bilmirəm” demək təmbəllikdir əslində. “Mənim iş görməyə vaxtım yoxdur”,- desəm, daha doğru olar.
Mən səhər evdən çıxıram, axşam qayıdıram. Və evə gələndə artıq hər şey hazır olur. Anamın sayəsində. Anam da iş xanımıdır, amma o daha tez evə gəldiyi üçün biz axşam evə yığışanda hər şey hazır olur. Amma evdə olduğum vaxt hər hansı bir iş görə bilirəm təbii. Ən çox evi səliqəyə salmağı sevirəm, paltar ütüləməklə heç aram yoxdur. Anamın sayəsində yemək bişirmək əziyyətindən də uzağam. Amma deyilənə görə əlim dadlıdır. Nəsə bişirəndə pis alınmır.

- Sonuncu dəfə mətbəxdə nə zaman olmusunuz?
- Bu gün səhər özümə yumurta qaynatmışam və süd bişirmişəm.

- Baxımlı və gözəl xanım təsiri bağışlayırsınız, maraqlıdır, gözəlliyiniz üçün ayda büdcənizdən nə qədər keçməli olursunuz?
- Əvvəla təşəkkür edirəm xoş sözlərə görə. Desəm ki, baxımlı və gözəl olmaq üçün müntəzəm pul xərcləyirəm, yalan olar. Sadəcə illərdir efirlə bağlı mütəmadi makiyaj dərimi vaxtından əvvəl qocaltmasın deyə hərdən kosmetoloqa müraciət edirəm. Çünki, müəyyən yaşdan sonra bu, vacibdir. Gündəlik həyatımda makiyajdan istifadə etməməyə, rahat geyimlərdə olmağa üstünlük verirəm və özümü gözəl saymıram. Sadəcə qarayanız, suyuşirin bir xanımam.

- Hazırkı məvacibiniz sizi qane edirmi?
- İndiki həyat şərtlərində daha yüksək məvacib olsa sevinərdim, amma normaldır. Nəzərə alsaq ki, indiki televiziya standartlarında normal əməkhaqqı alanlar siyahısındayam, şikayət etmək haqsızlıq olar.

- Müdriyyətlə aranız necədir?
- Çox gözəl. Hər birinə böyük hörmətiim var. “Lider”də mənə hər zaman rəhbərlik səiyyəsində yüksək etimad olub. Özünütəsdiq və özünürealizə üçün imkan, mühit yaradılıb, meydan verilib. Buna görə minnətdaram rəhbərliyə.

- Efirdə olarkən geyimlərinizi kim seçir?
- Səda İnformasiya Xidmətində aparıcılara mütəmadi olaraq geyimlər alınır. Onların arasından, ya da öz qarderobumdan zövqümə və tərzimə uyğun geyimlər seçirəm.



- İdmanla aranız yaxşıdır deyəsən. Formada olmanıza səbəb idmandır, yoxsa pəhrizlər?
- İdmanla aram çox yaxşıdır. İlin 12 ayı məşğul olmasam da, fitness və üzgüçülük mtəmadi olaraq həyatımda var. Bugünlərdə Pilatesə başlamaq niyyətindəyəm. Ən böyük arzularımdan biri böyük tennislə məşğul olmaqdır – təbii ki, həvəskar kimi. Bir də qışdan qalan artıq kilolarla mübarizə üçün bu günlərdə pəhrizə başlamışam.

- Mütaliə edirsiniz?son dövrlərin müəlliflərindən kimləri bəyənirsiniz?
- Mütaliəni çox sevirəm. Xüsusən bədii ədəbiyyatı. Özü də electron yox, məhz kitabdan oxumağı. Çünki, kitabdan oxumağın zövqünü başqa heç bir vasitə əvəz edə bilməz mənə görə. Hazırda Orxan Pamukun “Məsumiyyət muzeyi” və Xalid Hüseynin “Çərpələng uçuran” əsərlərini oxuyuram. Onlardan əvvəl Elif Şəfəqin “Eşq” əsərini oxudum və çox bəyəndim. Hətta yenidən oxumaq istəyirəm.

- Qalmaqallar sizin sahədə də var?
- Yəqin ki, var. Amma bu, mənim xarakterimdən və maraq dairəmdən çox uzaq bir mövzu olduğu üçün maraqlanmıram. Yalnız hansısa bir işin öhdəsindən gəlməyə gücü, savadı və istedadı olmayan insanlar gündəmdə olmaq üçün qalmaqal yarada və qoşula bilər. İşi olan insanlar qalmaqaldan uzaq olur həmişə.

- Sizə elə gəlmirmi ki, xəbər spikerlərinin danışıqlarında və ya informasiya çatdırmaqlarında olan quruluq bizi geri salır?
- Tamamilə razıyam. Bu problemin kökündə bəzi aparıcıların oxuduqları xəbəri dərk etməməsi və tamaşaçını hiss etməməsi dayanır. Xəbər aparıcılığının uğuru səmimiyyətdən keçir. Sən kamera qarşısındakı tamaşaçını hiss edirsənsə, xəbəri bildiyin nəyisə onunla bölüşürmüş kimi inandıraraq çatdıra bilirsənsə tamaşaçı sevgisini qazana bilərsən. Əks halda qəbul olunmayacaqsan. Çunki, tamaşaçılar çox həssasdırlar və süniliyi anında hiss edirlər. Aparıcılıq da bir missiyadır əslində. Sadəcə kamera qarşısına keçib efirdə gözəl görsənmək deyil.



- İşdə başınıza gələn ən gülməli və yaddaqalan hadisə?
- Çox olub. İndi xatırlaya bilmirəm düzü. Məsələn bir dəfə efirə necə tələsik çıxmışdımsa mikrofon taxmağı unutmuşdum. Bu yaxınlarda da canlı bağlantıda həmkarım Elnur Niftəliyevə Leyla demişdim. Düzdür, bu, sırf yanlış anlaşılmadan baş vermişdi. Mən bağlantıda Leyla Abbasovanın olacağına əmin olduğumdan onu təqdim etməyə hazırlaşırdım. Amma vaxtında səhfimi düzəltdim və bir yerdə çıxdıq vəziyyətdən. Yadda qalan bir efir oldu.

- Neçə vaxtdır “facebookdan” istifadə edirsiniz?
- 2009-cu ildən.

- Bəs sonuncu statusunuz nə olub?
- Hazırda oxuduğum “Çərpələng uçuran” əsərindən bir parçanı paylaşmışdım. Sizinlə də bölüşə bilərəm. "Dunyada sadəcə bir gunah var, bircə dənə - oğurluq! Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Adam öldürəndə onun həyatını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan...”

- Bəs nə vaxtsa sizi başqa verilişlərdə görə biləcəyikmi?
- Əslində aparıcı kimi hərdən bəzi fərqli layihələrdə çıxışlarım olur. Amma mənə xəbər aparıcılığı, analitik proqramlar daha doğmadır. Yenə də gələcəklə bağlı nəsə deyə bilmərəm. Çox qısa həyat və iş təcrübəmdən heç vaxt heç vaxt deməməyi öyrənmişəm artıq. Sabah nə olacağını heç birimiz bilmirik.

Səbinə Dəniz
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti