Bakı oğrularının `şahı` necə öldürülmüşdü – II YAZI (FOTOLAR)

Bakı oğrularının `şahı` necə öldürülmüşdü – II YAZI (FOTOLAR)
  21 İyul 2015    Oxunub:57229
Bəhram Çələbi
Xüsusi olaraq AzVision.az üçün

Davamı. Əvvəli BURADA

...`Dodik Ələkbər`in xatirələrindən:


- Şahmurad və qardaşı Xeyrulla ilə iki xodkada xlebnik olmuşam. Həmin qətl günü Xeyrulla ilə mən də 6-cı kolonda idik. Rusiyadan gələn 25 il cəza almış dustaqlara qrev çatdırmaq üçün vaxtanın yanında dayanmışdıq ölüm xəbərini eşidəndə. Başılovlu baraka doğru götürüldük.

Beş dəqiqə əvvəl sağ salamat qoyub getdiyimiz Şahqədəş bizim yanımızda şestyorka kimi oturan Slavaya kartof qızartmağı tapşırıb üzünü mənə tutaraq:

- Mən gedim hamama, azacıq yaxalanım, siz də pay-püşü peresılkaya ötürüb, tezcə qayıdın, toqqanın altını bərkidək,- demişdi.

İki gün əvvəl dayısı Əliağa iki dolu zənbillə görüşümüzə gəlmişdi. Şahmurad dayısına dedi ki, ola bilsln bir həftəyə, on günə Rusiya zonlarından birisinə yatab göndəriləcək. Xozeyin yuxarılardan nəyin bahasına olursa olsun lotu, oğru məsələsini həll etmək tapşıtığı alıb. Üzümə dirənib deyib ki, burada qalsan axırına çıxacaqlar, yaxşısı yatab getməkdir. Səni Sibirə göndərmək istəmirəm, Rostova, yaxud Odessaya etap olanda veş-meşokla hazır dayan. Rəis pis adam deyil, amma “kum” əfi ilandır. Ona əl-qol açmaq, istədiyini törətmək, pul qırxmaq imkanı vermədiyimdən əlimdən yanıqlıdır.

Olayı sonralar öyrəndik... Sən demə, biz aşağı düşən kimi Slavka baş gözü qanlı qayıdır baraka. Şahmurad təccüblə:
- Что с тобой, браток? С кем ты подрался? – soruşur.
- Заходил к кировабадцам, чтобы сковородку взять. Они побили меня.. .- deyir Slava.
Şahmurad qoltuğundakı dəsmalla kirovabadlıların yanına gəlir, nə hadisə baş verdiyini öyrənmək istəyir. Onlar dörd nəfər idilər.
- Bu nə hərəkətdü? Nöşün döymüsüz oğlanı? Kişi özümüzün tavasını almağa gə... – söz Şahmuradın ağzında qalır...

Qara əlindaki şvaykanı (yeyədən hazırlanan uzun tiyəli bıçaq) oğrunun böyrünə saplayır, çıxarıb bir də vurur və tiyəni tullayaraq qaçır. Onun yanındakı xlebnikləri də baş verən hadisədən şaşqınlıq içində donaraq qalırlar və bir an sora onlar da qaçaraq hadisə yerindən uzaqlaşırlar.

Biz baraka girəndə xatada Şahqədəş və pəncərə barmaqlıqlarından yapışaraq hələ də bağıran Əlibaladan savayı kimsə yox idi. Şahmurad hər iki əlini divara dirəyərək sanki nə baş verdiyini anlamayan nəzərlərlə qapıya tərəf baxırdı. Böyründən fəvvarə vuran qan damcıları döşəmədə gölməkə yaratmışdı. Hələ də pəncərədən yapışaraq “Şahmurada ubili” deyib haraylayan Əlibala qanrılaraq geri baxdı və başına döyə-döyə Şahmuradın üstünə yüyürüb qoltuğunun altına girdi. Şahqədəşin bədəni rişə içində titrəyir, gözləri süzülürdü...

...Belə hörmətli bir oğruya kimin əli qalxmışdı, heç kim inana bilmirdi. Rəhmətliyin bütün dustaqların yanında nüfuzu vardı. Kolonda oğrular çox idi, ancaq onun kimi düzgünü, qara dustağın qayğısına qalanı çətin tapmaq olardı. Qatışıqlığın birinci dalğası sakitləşəndən sonra belə bir söz-söhbət gəzdi ki, guya Şahmuradı Gəncəli Qara vurub. Amma mən indi də dəqiq deyə bilmərəm ki, bu həqiqətən beləydi, yoxsa yox. Bir məsələ də vardı ki, həmin Qaranı qatışıqlıqda nə qədər axtarsalar da, tapa bilmədilər. Sanki bir tikə əppək olub, göyə çəkilmişdi. Amma onun ucbatından gəncəlilər həmin qatışıqlıqda çox əziyyət çəkdilər. Qaradan bir soraq çıxmaması, hardasa bu məsələ barədə müəyyən şübhə yaradırdı. Belə bir söz-söhbət gəzirdi ki, ara qarışan kimi Şahmuradı vuran Qaranı mentlər özləri aradan çıxarmışdılar.



Elə buna görə də oğrular belə qərara gəldilər ki, bu nahaq qırğının qarşısını almaq lazımdır. Yoxsa belə davam etsə, hələ zonda qətlə yetirilənlərin sayı lap çox olacaqdı. Axır ki, oğrular birtəhər heç cür ipə-sapa yatmaq istəməyən 25 illik cəza alan zeklri yola gətirib, peresılkaya qayıtmağa razı sala bildilər.

Ara sakitləşəndən sonra əlisilahlı milislər zona daxil oldular. Ölənləri, yaralananları müəyyənləşdirdilər. Hardasa iyirmi nəfərədək ölən, əllidən artıq yaralanan vardı. Lakin Şahmuradın ölümü dustaqları xüsusilə sarsıtmışdı. Ömrü boyu gözündən bir damcı yaş axıtmayan, ən daşürəkli zeklər belə onun meyidinin ətrafında dayanıb, uşaq kimi ağlayırdılar. Bu da səbəbsiz deyildi. Rəhmətlik təmiz oğru olmuşdu, ədalətli oğru olmuşdu. Heç vaxt haqqı nahaqqa verməmişdi. Peresılkadan zona keçmiş zakonniklərin hamısı onun nəşinin üzərində bu qanın yerdə qalmayacağına and içirdilər.

Gecədən xeyli keçmiş hələ də dustaqlar dəstə-dəstə içəri daxil olub, müsəlman adət-ənənəsi ilə ağ mələfəyə büküb, üstünü örtdükləri Şahmuradla vidalaşırdılar. Xeyrula dizləri üstə, namaz qılırmış kimi əyilərək üzünü qardaşının ayaqlarına dirəmişdi. Bir xeyli keçdikdən sonra dörd nəfər silahlı milis həmin otağa daxil olub, meyidi çıxarmaq üçün gəldiklərini bildirdilər. Sözsüz ki, onu burada saxlamaq olmazdı. Xəstəxanaya aparılmalı, oradan da yəqin ki, doğmalarına verilməli idi.

Dustaqlardan dördü Şahmuradın qoyulduğu xərəyi cənazə kimi çiyinlərinə alaraq, onu xəstəxanaya qədər özləri aparacaqlarını bildirdilər. Mentlər zondakı ab-havadan xəbərdar olduqlarından və istənilən artıq hərəkətin partlayışa səbəb ola biləcəyini anlayırdılar. Odur ki, etiraz etmədilər. Beləcə, rəhmətliyi kolonun çıxışına qədər hamımız bir nəfər kimi yola saldıq. O hadisədən sonra hələ uzun müddət kolonda dəhşətli bir gərginlik, həyəcan hökm sürdü. Lakin yavaş-yavaş hər şey öz axarına düşməyə başladı. Həyatın qanunu budur.

Amma Xruşşov evi yıxılmış qoymadı. Sovetin birinci adamı söz vermişdi ki, bir neçə ildən sonra ittifaqda bircə oğru da qalmayacaq. Fərman verdi ki, həbsxanada vəziyyəti normallaşdırmaq lazımdır. Bu normallaşdırmaq adıyla başımıza oyun açdılar. Paltarlarımızı əlimizdən aldılar, hamıya qara dustaq paltarı payladılar, on ildən yuxarı srokları olanlara isə zolaqlı konslager paltarı. O vaxtdan adımız qaldı polosatı (zolaqlı). Laryoklar bağlandı, zaçot ləğv olundu. Sroku çox olanları ayırdılar. Bizim üçün xüsusi rejimli kalon yaradıldı. Basdılar bizi kameralara. Həmin qiyamdan sonra xoşları gəlmədiyi onlarla dustağı istintaqa apardılar, hərəsinə iki-üç-beş il əlavə srok yamayıb ya türməyə, ya da Sibirin gedər-gəlməzinə yolladılar.

Gözlədiyim kimi də oldu. Beş-altı günün içində istintaqı bitirərək işi göndərdilər məhkəməyə. Orada da nə az, nə çox – düz iki il srok oxudular mənə. Əslində bu, elə bir srok deyildi. Ancaq törətmədiyim işə görə bunu lap çox hesab edirdim. Buna oturduğun yerdə işə düşmək deyərlər. Çox haqq-hesabdan sonra yenidən 1-ci kolona göndərildim. Həmin vaxtlar rəhmətlik Nardaranlı Mirsəmədgil bu zondaydı. Onu da deyim ki, o da hörmətli cayıllardandı, sözükeçən, qorxusuz adamdı. Lotu olmasa da, onu Şahmuradla bərabər səviyyədə tuturdular. Onun həbs olunmasının səbəbi də heç nədən olmuşdu. Daha doğrusu, elə söz yeməməyinin, qorxmazlığının güdazına getmişdi.

Onlar şəhərdə yaşayırdılar. Evləri Pervomaysk küçəsindəki hamamın yaxınlığındaydı. Elə həmin ərazidə də iki nəfərlə sözləri çəpləşir. Həmin adamlardan birinin adı Həsəndi, o birinin adını unutmuşam.

Həsən deyilənin başında bir dəstə adam vardı. Əslində onun söz-söhbəti Mirsəmədin böyük qardaşı Mirhilalla olmuşdu. Görünür, məsələni tam aydınlaşdıra bilmədiklərindən dəstə Mirhilalın ardınca evlərinə gəlir. Səsə Mirsəməd çıxır və məsələdən az-çox xəbərdar olduğundan vəziyyəti anlayır. Dəstədəkilərin sir – sifətlərindən zəhrimar yağırdı. Tezcə qardaşını çağırmaq adıyla evə qayıdıb bıçaq götürür və geri qayıdır. Elə çatan kimi də dəstəbaşını bıçaqla vurur. Əslində hadisə özünümüdafiə kimi təsbit olunmalı idi, amma hər iki qardaşı qorotdelə aparmışdılar.



Yaralı iki gün sonra dünyasını dəyişmışdi. Qətl törətməsinə baxmayaraq, o vaxt nədənsə Mirsəmədə 15, Mirhilala isə 20 il srok vermişdilər. Sonradan Mirsəmədin bu srokunu 10 ilə dəyişdilər. Mirsəməd bütün Bakıda ad qazanmış avtoritetlərdən biri idi. Ölüm hadisəsinə görə həbs edilməsinə baxmayaraq, rəhmətlik sülhün, sakitçiliyin tərəfdarı idi. Sanka Zver də həmin vaxt bizimlə srok sarıyırdı.

Çox qan-qadaların qarşısını o vaxtlar birinci kolonda Mirsəməd almışdı. Özünün də təkcə dustaqlar arasında deyil, həm də türmənin rəhbərliyinin yanında da böyük hörməti vardı. Dustaqların bütün problemlərini ən çətin vəziyyətlərdə o, yoluna qoyurdu. Karsa düşənlərin, BUR-a göndərilənlərin hamısının siqaretini, yemək-içməyini təşkil etmək onun işiydi.

Srokunu başa vurub azadlığa çıxdıqdan sonra bir xeyli yaşadı. Günlərin birində isə xəbər çıxdı ki, Mirsəməd qəzaya düşüb. Dayısı oğlunun toy günü baş vermişdi bu hadisə. Binəyə gəlin gətirmək üçün gedərkən yolda qəzaya uğramışdı. Elə həmin dəhşətli gün Mirsəmədin anası da maşında olmuşdu. Bədbəxtlərin ikisi də qəza nəticəsində dünyalarını dəyişmişdilər.Allah hər ikisinə rəhmət eləsin.

Adından da göründüyü kimi, o, ağır seyid nəslindəndi. Belə götürəndə imam övladı olan kəslər gərək ki, tamam başqa istiqamətdə tanınsınlar, nəinki cinayət aləminin adamı kimi. Hələ söhbətimin əvvəlində də demişdim ki, onun oğurluq, cibgirlik kimi şərə-şür işlərlə arası olmamışdı. Yəni, o seyidliyinə xələl gətirə biləcək elə bir iş görmürdü. Qismət deyilən bir şey də var ki, ondan qaçmaq heç kəsin hünəri deyil. Vallah, elə rəhmətlik Mirsəmədlə də, Şahmuradla da oturub söhbət edirdin, ağlına, zəkasına həsəd aparırdın.

Kədərləndiyim odur ki, neçə-neçə ləyaqətli oğlan, vallah, bəzən heç nədən, bəzən də elə törətdiyi əməlinə görə o zindanlarda çürüdü, bütün həyatını məhv etdi. Hamısı insan taleyidi.

`TT Nəriman`ın dediklərindən:

- Müharibədən sonrakı beş – on il Bakıda Sovetski ilə Dağlı məhəlləsinin uşaqları xodgedənlər sayılırdılar. Müharibənin gedişi müd-dətində cəbhədə bir ayağını itirib qaydan Muğbil, onun qonşusu Valeh, Şahmurad Şahpələngoğlu, Məşədi Səfər oğlu Cavanşir, Lyalka Vanka, Həmşəri Müseyib, Doktor Ağoppa, Novxanılı Əhməd və bir neçə erməni zakonniki Bakı kriminal aləminin avtoritetləri kimi tanınırdılar.

Bütün Dağlı məhəlləsində ən sözüötən Dağlıların Lenini klikuxalı Müğbil idi, həmşərilərdə isə Doktor Ağoppa. Muğbil oğurluqla məşğul olan deyildi. Sadəcə olaraq, partiya və komsomol komitələri onu şagitrdlərə böyük qəhrəman kimi təqdim edir, on altı yaşlı yeniyetmənin faşistlərin üstünə getməsinin təbliğinə girişmişdilər. Müğbil bəzən Pavlik Morozovdan, Zoya Kosmodemyanskayadan da yüksək dərəcədə təriflənirdi. Hörmətli cayıl kimi lap gəncliyindən hamı onun yolunu saxlayırdı. Onun bir sözü-nün iki olduğunu görən olmayıb. Azərbaycanda ən məşhur söz, sənət adamlarının, bəstəkar, partiya komitəsi əməkdaşı, prkurorluq və məhkə-mə işçilərinin onunla çox yaxşı münasibəti vardı. Onun barəsində qəzet-lərdə hər gün müxtəlif məqalələr, məlumatlar verilirdi.



Günlərin bir günü Muğbil Sabunçuda düzənlənən iclasdan sonra stansiyadakı bufeə girir və Hənifə ilə rastlaşır. O da əslən dağlıydı, ancaq Balaxanıda yaşayırdı. Hamının hörmətlə ağsaqqal kimi saydığı bir adamın onun bufetinə girdiyini görən bufet müdiri zarafatla ona sataşmaq istəyir. Muğbilin ayağı şikəst idi, əsa ilə gəzirdi. Hənifə ayağı ilə onun əsasının aşağısından vuraraq əlindən yerə salır. Və onlar arasında dava düşür. Canlı-cüssəli Hənifə savaşmada Muğbilin əsasını əlindən alır. Müvazinətini saxlaya bilməyən dağlıların Lenini yerə yıxılır...

Həmin günün səhəri Sabunçuya yolum düşmüşdü. Göygöz Sabirlə görüşməliydim. Gördüm ki, bir dəstə dağlı balası yığışıblar buraya. Qədir də, Valeh də, Şahmurad da onların arasındaydı. Valeh ca-vandı o vaxtlar, çox ötkəm oğlandı. Adlı-sanlı cayıllardandı. Valeh gəlib girir bufetə, Hənifənin yaxasından yapışıb sürüyür bayıra. Sorğu-sualsız ona iki-üç yumruq vurur. Hənifə işi başa düşür, dizləri üstə iməkləyərək Şahmuradın qənşərinə gəlir: "Şahqədeş, qurban olum sənə, öldürməyin məni!", – deyəyərək ləliyir, yalvarmağa başlayır.

Valeh: "Alə, sən elə qudurmusan ki, Muğbilə əl qaldırır-san?.." – çımxıraraq bir-iki təpik də ilişdirir onun yambızına. Şahmurad qucaqlayaraq onu saxlayır. Hənifə onun ayaqlarına düşərək, yalvarmaqda davam edir. Bilirdi axı, Şahmurad onu dayandırmasa, Valeh ağlına versə öldürəsiydi. Muğbilə əl qaldıran adamı o, parça-parça etməyə hazır idi.

Mən etmədiyim oğurluq üstündə saxlanılaraq kiçmanda otururdum. Dağlı Valeh də həmin gün Bayıla gətirilmişdi. Onu gündüz presdən keçirsələr də, odinoçkaya salıb gecə ikən yenə bərk işgəncə ver-mişdilər. Bizə xörək – çay gətirən balandyor Müşfiq Tellioğlu Maruxanın qulağına pıçıldamışdı ki, Papanində öldürülüb zibil quyusuna atılan qır-mızıpapağın qatilini tapmaq üçün onlarla adam tutublar, iki erməni oğru və iki nəfər də dağlı balası daha çox şübhəli bilinir.

Onlardan biri də Valehdir. Gecənin yarısı Valehi elə döyürdülər ki, çılpaq bədənə dəyən rezin şlanqların şaqqıltısı aydınca eşidilirdi. İşgəncənin dəhşətindən bayı-lırdı Valeh, amma qışqırtısını eşidən olmamışdı. Dörd günlük işgəncələr-dən sonra ondan söz ala bilməyən NKVD mayoru Okopyan Valehi bizim kameranın qonşuluğurndakı xataya atmışdı və nəyin bahasına olsa da qətli onun boynuna yapışdırmağa can atırdı. İşgəncələr düz bir ay davam etdi... Milis işcisinin qatili olan Kecəl Curen tapıldı, Valehi isə hələ iki ay da Bayılda saxladılar. Vertuxaylar onun üç qabırğasını sındırmışdılar.

Sibirdən qayıdanda Müğbillə Ağoppa Altıağacda onun şərəfinə böyük ziyafət təşkil eləmişdilər. Kimlər yox idi həmin məclisdə? Mirzə İbrahimov, Səttar Bəhlulzadə, Seyid Şuşinski, Əbülfət Əliyev, Hacı Məmmədov, Tofiq Bayram, Həsənağa Salayev, Qabil İmanverdiyev... Ömrünün son illərində o, akademik Yusif Məmmədəliyevin maşınını sürürdü...

(Ardı olacaq)


Teqlər:  





Xəbər lenti