`Erməniyə iki yumruq vurdum, çənəsi sallandı` - Rusiyadan çıxarılan azərbaycanlı aktyor

`Erməniyə iki yumruq vurdum, çənəsi sallandı` - Rusiyadan çıxarılan azərbaycanlı aktyor
  23 İyul 2015    Oxunub:41424
AzVision.az-ın müsahibi tanınmış aktyor, Rusiyada fəaliyyət göstərən “Dərviş teatrı”nın yaradıcısı Şirzad Pirallahıdır. Uzun illər ölkədən kənarda yaşayan sənətkar hazırda Azərbaycanda yerli seriala çəkilir.

- Lap keçmişə qayıdaq… İncəsənətə gedən yolun başlanğıcına…

- 1983-cü ildə anadan olduğum Pirallahı rayonunda məktəbi bitirib, sənədlərimi Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna verdim. 1984-cü ildə institutun dram və kino aktyorluğu fakültəsinə daxil oldum.

Orada bir çox tanınmış insanlardan dərs aldım. 1990-cı ildə institutu bitirəndə rəhmətlik aktyorumuz Həsən Turabov və aktrisa Almaniya Pənahova məni dram teatrına aparmaq istədilər. Ancaq Məlik Dadaşov qoymadı. O zaman o, Rus Dram Teatrının direktoru idi. Beləliklə, həmin teatrda çalışmağa başladım. Həmçinin, institutun nəzdində yaranan “Ocaq” kinostudiyasında da işlədim. Orada işləyən zaman bir çox tələbələr yetişdirdim. Rəqqas İlham Kərimov da mənim tələbəm olub. İlk dəfə rəqsi ona mən öyrətmişəm.

Həmişə deyirəm ki, sənət adamı universal olmalıdır. At çapmaq, rəqs etmək , maşını iki təkər üstündə qaldırmaq və s. Bunlar mənim üçün adi şeylərdir. Bunları bilməyən aktyor deyil. Eyni zamanda suyun altında 4 dəqiqə qala bilirəm. Bunu az insan bacarır.

- 90-cı illərdə Azərbaycanda yaşanan hadisələr, müharibə yaradıcılığınıza necə təsir etdi?

- Mən universiteti bitirdikdən sonra müharibə başladı. Hərbi komissarlığa gedib ərizə yazdım ki, mən də müharibəyə getmək istəyirəm. Bilirdim ki, hərbiyə hər cəhətdən yarıyıram. İdmançıyam, boksla məşğul olmuşam. Hər işdə dəstək ola bilərəm. Ancaq nə qədər cəhd etsəm də aparmadılar.



Burada isə çalışmağıma müharibə imkan vermədi. Buna görə də məcburən teatrdan uzaqlaşdım. 1992-ci ildə Türkiyəyə getdim. Əvvəlcə İğdır şəhərində sonra Bakırköy Bələdiyyə Teatrında çalışdım. O vaxt türklər nə bilirdi kino, incəsənət nədir. Onlar məni görüb deyirdilər ki, belə hər tərəfli aktyor olar? Rəqs edirdim, şahmat oynayırdım, oxuyurdum həm də rolumu oynayırdım. Bir sözlə, nəyi bacarırdımsa təqdim edirdim. Çünki bizim imkanlarımız vaxtı ilə onlardən çox olub. Azərbaycanda hər şey pulsuz olduğuna görə, uşaq yaşımızdan müxtəlif məşğuliyyətlərimiz var idi. Ancaq Türkiyədə sənət o qədər də inkişaf etmədyinə görə, səviyyə məsələsi var idi. Bizdə Stanislavski stili var idi. Onlar isə heç onun adını bilmirdi.

Mən rus dilini yaxşı bildiyimə görə tərcüməçi də işlədim. Böyük biznesmenlərə tərcüməçlik edirdim. Bəzən isə onların mafiya ilə işləri olurdu. Bir də görürdün ki, atışma düşdü dava başladı. Bu vəziyyətlərədən bezdiyimə görə 1994-cü ildə vətənə qayıtdım.

Burada aktyorların gününə baxıb pis oldum. Çünki heçnə aktyorların istdikləri kimi deyildi. Onlar incəsənətdən bezmişdilər. Mövcud vəziyyəti görəndən sonra sevindim ki, teatrdan uzaqlaşmışam.

Rusiyaya getdim. Özümə biznes qurdum. İki restoranım, 4 dükanım və s. oldu. Pul mənim üçün heç nə idi. Lakin elə bir dövr idi ki, orada da quldurluq mövcud idi. Türkiyədə də püxtələşmişdim deyə bilirdim ki, mafiya nə olan şeydir. Mafiya ilə qarşı -qarşıya gəlirdik. Orada azərbaycanlıların çoxunu onlar incidirdilər. Onların qarşısını mən alırıdm. Qoruyurdum. Çox pis zamanə idi.

- 18 il teatrdan uzaq oldunuz. Bəs necə oldu ki, uzun müdətdən sonra yenidən bu sənətə qayıda bildiniz?

- Rusiyda olarkən tamaşalara gedib baxmaq istəmirdim. Bilirdim ki, çəkib özünə aparacaq məni. Vahabzadənin “Gülüstan” əsərini səhnədə mono deyən bir aktyor üçün teatrsız yaşamağın nə olduğunu təsəvvür edin. Azərbaycanda heç bir aktyor bu əsərin mono tamaşasını etməyib.
Bəxtiyar Vahabzadənin yoldaşı və qızı həmin tamaşaya gəlmişdi. Yadımdadır ki, Bəxtiyar Vahabzadənin yoldaşı dedi, “gəl sənin əlindən öpüm” dedim ki, : “ana, siz elə bir insanın yoldaşısınız ki, sizin əlinizdən öpülməlidir”...



İllər keçdi. Məclislərin birində şeir dedim. Şəki teatrının baş rejissoru olan Mərdan Feyzullayev mənə yaxınlaşdı və birgə teatr yaratmağı təklif etdi. Yeddi il bundan öncə fikirləşdik və “Dərviş teatrı”nı yaratdıq. İlk tamaşamız “Sərgüzəşti vəziri xani Lənkəran” oldu. Elə brinci gündən uğur qazandıq. Hər şeyi atdım və nə var-dövlətim var idisə, hamısnı teatra qoydum. Təsəvvür edin ki, öz şəxsi büdcəmdən teatr saxlamaq nədir. 16-17 nəfər aktyora əmək haqqı vermək, tamaşa oynamaq, dekorasiya təşkil etmək və s. Artıq pul da qurtardı. Sağ olsun oradakı iş adamları, Leyla Əliyeva.

- Rusların Azərbaycan tamaşalarına münasibəti necə idi? Gəlib baxırdılarmı?

- Rusiyada incəsənət xadimlərindən biri Axundovun əsərinin tamaşasına baxandan sonra dedi ki, o Şekspir kimi dramaturqdur. Bildirdi ki, bunu indiyə kimi niyə gizlətmisiniz? Rusiyanın şəhərlərini bir - bir gəzirdik. Daha sonra Elçinin “Şekspir” əsərini oynadıq. Axrıncı oynadığımız əsər “Arşın mal alan” oldu. Orada mən “Vəli” ni oynadım. Teatra gələnlərin70 - 80 faizi ruslardan ibarət idi. İstər - istəməz hər hansısa ölkə başqa birinin koloritinə baxanda qeyri-adi nəsə görür. Tamaşaları görəndən sonra bizi başqa bir ruh ilə yola salırdılar. Tamaşaları dəvətnamə ilə oynayırdıq.

M.F. Axundovun əsərlərindən birinin tamaşasında yaşlı xanım bizə yaxınlaşıb “ 1943-cü ildə Stalinqrad döyüşündə Bülbül gəlib bizə konsert verdi. Mən də elə fikirləşirdim ki, ömrümün axrıdır və bir də o mahnıları eşitməyəcm. Ancaq siz məni o cavanlığa apardınız. Tamaşaya gecikirdim deyə, aptekə gedib dərman almadım. Gəldim tamaşaya baxdım. Mənə daha dərman lazım deyil” - dedi. İnanırsınız ki, gecə saat 12-yə qədər məşq edirdik. “Sərgüzəşti vəziri xani Lənkəran”əsərini oynayanda rus aktyor nəyin ki, Azərbaycan sözü hətta 3-4 talış sözü də deyirdi.

Sizə maraqlı bir məqamı da qeyd etmək istəyirəm. Bir dəfə Mərdan müəllimin teatrdakı kabinetində oturmuşduq. Böyük ölçüdə olan bayrağımızı mərkəzdə, uşaqlardan aldığım sazı da yanından asmışdım. Aşağıda da ermənilərin restoranı var idi. Onlar rus dilində öz aralarında söhbət edirdi. Ancaq bizi görmürdülər. Deyir “ara bunlara bax, Azərbaycanın bayrağı mərkəzdə, yanında da bizim saz. Bilirsən bu niyə belədir? Ona görə ki, onların prezidenti kişidir. Necə bayrağı gətizdirib bura asdırıb. Amma bizim prezident…” Sarkisyan haqqında çox pis söyüş söydü.

Əlimə fürsət düşdükcə iş adamlarına deyirdim ki, imkan olduqca siz burada nələr yaradırsınız. Bunlar gəldi gedərdir. Çünki nə vaxtsa bunları sizin əlinizdən alacaqlar. Gəlin burada Azərbaycan teatrı üçün bina tikək. Azərbaycanlı da durub deyəcək ki, mən gedirəm Azərbaycan teatrına. Bizim də əlimizdə bir şey qalmamışdı. Nəyimiz var idisə teatra qoymuşduq.



Kirayə qaldığım evin sahibi hər dəfə gəlib soruşanda ki, xalça hanı? Deyirdim ki, yuyulmağa aparmışam. Deyirdi ki, iki ilə təmizlənmədi bu. (gülür). Çünki Mərdan müəllimlə evdə əşya qoymamışdıq. Hamısını teatra daşımışdıq.

Polad Bülbüloğlu arada bir 10 000 min kömək edirdi ki, teatrda aktyorlar acından ölməsin. Mən isə istəyirdim ki, teatrımızı büdcəyə salsınlar. Sənədlərimizin hamısı Əbülfəz Qarayevin kabinetindədir. Hazırda mən bura gəldiyimə görə teatr böyrü üstə qalıb.

- Hazırda Rusiyaya girişinizin qadağan olunmasına səbəb nədir?

- Bosniya-Hersoqovinadan çəkilişdən qayıdırdıq. Təyyarədə 3 erməni məndən qabaqda oturmuşdu. Bilmirdilər ki, mən azərbaycanlıyam. Azərbaycan haqqında pis- pis danışmağa başladılar və mən onlara yaxınlaşıb dedim ki, əgər hansısa azərbaycanlı sizin haqqınızda xoşa gəlməyən nəsə deyibsə, bir başa kişi kimi üzünə deyin. Heç kim sizə Azərbaycan haqqında nəsə deməyə ixtiyar verməyib. Rusiyalı kaskadyorlar da mənimlə idi. 10 gündən sonra yenidən çəkilişə qayıtmalı idik. Bu 3 ermənidən biri təhqiramiz formada dedi ki, sən də azərbaycanlısan?. Dedim nə dedin ? Yenidən təkrarlayanda mən ona pis söz dedim və əlavə etdim ki, təyyarə hələ ki, belə uçur qabağa bax. Kaskadyorlar da bunlara deyəndə ki, kiminlə siz danışırsınız? Ermənilər sakitləşdilər. Yolumuza davam etdik.

Onu da qeyd edim ki, bundan əvvəl mənə demişdilər ki, əməkdar artist adı alacam. Sadəcə olaraq bir problem var ki, sən Rusiya vətəndaşısan, sənə düşmür. Ona görə də oradakı qeydiyyatdan çıxıb bura düşdüm.

Hava limanında terminaldan keçəndə Rusiya vətəndaşları ayrı, MDB - dən olan vətəndaşlar isə digər terminaldan istifadə edir. Ona görə də rusiyalı kaskadyorlardan ayrılıb digər tərəfə getdim. Və söhbət orada baş verdi. Ermənilər gördülər ki, təkəm. Yaxınlaşdılar ki, sən kimsən ki, bizə söz dedin. Dedim bura yeri deyil, başqa bir ünvanda danışarıq.

Ermənilərdən biri əl çəkmədi. Üstümə hücum edib yumruq atmaq istədi. Mən də 11 il boksla məşğul olan adamam. İki “bakovoy” vurdum çənəsi qırılıb sallandı. Ermənidən bir səsə çıxdı. Digər iki erməni qorxdu və üstümə gəldilər ki, “axber” sakit ol.
Məni müvəqqəti saxlanma kamerasına saldılar. Prokraturaya şikayət və s. . Moskvadakı bütün diasporalar, səfirlik, oradakı azərbaycanlıların hamısı müstəntiqə zəng edirdi. Müstəntiq dedi ki, sən kimsən ki belə, daha mənə zəng etməyən adam qalmadı. Kameraya baxıb mənim günahsız olduğuma əmin oldular. Çünki, ilk hücumu erməni etmişdi.

Mənim günahsız olduğumu etiraf etsələr də məhkəminin qərarından sonra buraxılacağımı bildirdilər. Ona kimi təcridxanada oturdum. Elə düzüb qoşdular ki, guya mənim köhnə br qanun pozuntum olub. Dedilər ki, “gedin ya Ermənistanda, ya da Azərbaycanda həll edin”.
Mənim 2016 - cı il aprel ayının 4 - nə kimi Rusiyaya girişim qadağan edilib. Bütün rollarım, serial çəkilişlərim yarımçıq qaldı. Hazırda Azərbaycandayam. Yerli kanalların biri ilə müqavilə bağlamışam. “Həyat sən nə qəribəsən” serialına çəkilirəm.

Bizim aktyorlardan bir az fərqli imiciniz var... Məsələn, elə saç düzümünüz.

- Saçımı elə belə uzatmamışam. İnanıram ki, torpaqlarımız geri qayıdacaq. Nə zaman geri qayıtsa, mən başımı keçəl qırxıb Şuşada Novruz bayramında keçəli oynayacam.

Şahanə Rəhimli
Nuran Məmmədov



Teqlər:  





Xəbər lenti