Ölümə səbəb olan sürücü tutuldu

Ölümə səbəb olan sürücü tutuldu
  20 Fevral 2013    Oxunub:1715
Paytaxtın Yasamal rayonu ərazisində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud şəkildə pozmaqla bir nəfər piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsini törədən və hadisə yerindən qaçan sürücünün cinayət məsuliyyətinə cəlb olunması təmin edilib.
Bakı şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsindən AzVision.az-a daxil olan məlumata görə, istintaqla müəyyən edilib ki, fevralın 17-də saat 11:40 radələrində Mirsultanov Mirəli Mirnicat oğlu idarə etdiyi «İsuzu Ecobus» markalı 10-TG-022 dövlət qeydiyyat nişanlı avtomobillə M.Xiyabani küçəsində hərəkətdə olarkən yolu keçən piyada 1967-ci il təvəllüdlü Quliyeva Şəhla İbrahim qızını vurub və hadisə yerindən qaçıb.
Zərərçəkmiş Ş.Quliyeva aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni törədən sürücünün müəyyən edilməsi istiqamətində müvafiq təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Mirəli Mirsultanov tutularaq istintaqa cəlb olunmuş və ona qeyd olunan maddələrlə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.




Teqlər:





Xəbər lenti