Millət vəkili: “Bütün ev işlərini özüm görürəm”- MÜSAHİBƏ

Millət vəkili: “Bütün ev işlərini özüm görürəm”- MÜSAHİBƏ
  05 İyul 2013    Oxunub:8240
“Bir çox insanları nazirlikdən uzaqlaşdırmağından məmnunam”

Milli Məclisin üzvü, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının Azvision.az-a müsahibəsi
-İmtahan sessiyası başlayıb. Sizinlə əlaqə saxlayanda dediniz ki, başınız işə çox qarışıqdır. Maraqlıdır, həm rektor, həm deputat, həm də ev xanımı olmaq çətin deyil ?

-Yox çətin deyil, hamısı vərdişdir. Mən həyatda çox aktiv insanam. İşsizlik olanda özümü çox pis hiss edirəm. Hətta passiv istirahət də edə bilmirəm, istirahət vaxtı olanda da nəsə bir iş görmək istiyirəm. Ona görə də bu işlərin öhdəsindən gəlmək mənə çətin deyil.

-Əvvəlcə deputatlıq fəaliyyətinizdən danışaq. Seçicilərlə görüşlərinizi necə təşkil edirsiniz, ayda neçə dəfə görüşürsünüz?

-Bildiyiniz kimi, Oğuz-Qəbələ regionundan seçilən deputatam. Oğuzla bağlı problemlərim olmur. Birincisi sosial bazam var, ikincisi orada anadan olmuşam, uzun müddət yaşamışam, komsomol, müəllimlik fəaliyyətim olub. Oğuz insanları məni, valideynlərimi yaxşı tanıyırlar, çünki valideynlərim uzun müddət müəllimlik fəaliyyəti ilə məşğul olub. Bacım, qardaşlarım orada çalışır. Oranın problemlərini də yaxşı bilirəm.

İnanıram ki, Oğuz əhalisi də məndən narazı deyil, çünki Oğuzun hər təbəqədən olan ailələrini, imkanlı, imkansız , işgüzar ailələri kifayət qədər tanıyıram. Dəqiqliyi ilə desəm, Oğuzda ayda bir dəfə oluram. Getməmişdən qabaq seçicilərimlə görüşmək arzusunda olmağımı bildirirəm, bununla yanaşı köməkçim ordadır, bütün kəndləri gəzir, orada olan problemlərlə bağlı mənə məlumat verir ki, onları həll edim.
Bakıda da qapılarım oğuzlular üçün açıqdır.

-Seçiciləriniz əsasən hansı məsələlərlə bağlı sizə müraciət edir?


-Ailə-məişət problemləri ilə müraciətlər daha çox olur. Məsələn gənc ailədir, uşağı xəstədir vəsait lazımdır, yaxud da ki, müalicə üçün harasa aparılmalıdır, alimentlə bağlı, bir sözlə şəxsi problemlərlə bağlı müraciətlər olur. Rayon əhəmiyyətli problemlərlə bağlı müraciətlər isə yox səviyyəsindədir. Oğuzda daşqınlar ərəfəsində bənd problemi oldu, meşə ilə bağlı problemlər olur. Lakin müvafiq dövlət qurumlarının köməyi ilə çətinliklər aradan qaldırılır. Hazırda Oğuzda məktəb,və artezian su quyularına ehtiyac var. Hazırda bir neçə məktəb təmirə saxlanılıb.

-Namizəd olan vaxt deputatlar seçicilərinə bir çox vədlər verir. Bir deputat kimi verdiyiniz vədlərlərdən hansıları yerinə yetirmisiniz?

-Mən heç bir vəd verməmişdim, sadəcə demişdim ki, çalışacam ki, aktiv olum, milli məclisdə yuxulayan deputatlardan olmayım. Çox insanlar elə başa düşür ki, deputat ancaq yollar salmalıdır, evlər, obyektlər tikməlidir. Ancaq belə deyil. Hərədən jurnalistlər mənə deyirlər ki, Aqiyə xanım, siz elə bil, passiv insansınız. Mən bu məsələyə başqa cür baxıram, əvvəla mən özümə passiv deyə bilmərəm, aktivəm. İkincisi də, Milli Məclisdə müzakirəyə çıxarılan məsələlərin heç də hamısı televiziya ilə yayımlanmır, kadr arxasında qalan müzakirələr, komitə iclasları var. Orada öz sözümüzü deyirik, sadəcə aktiv görünmək xətrinə söylədiklərimizi yenidən Milli Məclisdə təkrar etməməliyik ki... Yəni, bu cür gündəmdə qalmaq istəməmişəm. Mütləq nəsə danışım, görsünlər ki, danışdım.

– Təmsil olunduğunuz rayonda gördüyünüz hansı mühüm işləri sadalaya bilərsiniz?

Ən mühüm iş məktəb tikintisidir, çünki təhsilsiz heç nə ola bilməz. Bir də ki, Oğuz rayonu tez-tez sel və daşqınlara məruz qalan bir regiondur, bunun qarşısı mütləq alınmalıdır. Belə də etdik , böyük bir bənd saldıq.

– Müəllimlər İnstitutunun rektoru kimi məzunlarınız barədə hansı qənaətləriniz var?

Məzunlarımızın hazırkı durumunu yüksək qiymətləndirirəm. Müəllimlər İnstituna həmişə ən aşağı bal toplayan insanlar qəbul olur. Bu gün tələbələrimizi çox fəal görürəm, 2005, 2006, 2007-ci illərdə nəticələr aşağı idi. Amma indi tam səmimi deyə bilərəm ki, tələbələrimiz hamısı özü oxuyur. Mənim istəyim odur ki, onlar yalnız savadlı müəllim kimi yetişməsinlər.Bir ara bu institutda cins şalvar geyməyi, açıq-saçıq geyməyi qadağan etdiyimiz üçün bizi qınadılar. Lakin onu deyim ki, mən müasir düşüncəli bir insanam,ancaq qızlarımızı gələcəkdə xanım kimi görmək istəyirəm. Axı bu qız gələcəkdə bir evin xanımı olacaq. Qızlarımız son vaxtlar dözümsüz olublar, hamısı rahatlıq axtarırlar, rahatlığı yaradan qadın özü olur.

- Hazırda gənclərin bilik və kitab oxuma səviyyələrini necə dəyərləndirirsiniz?

- İnternet hər şeyi əvəz edib. Universitetlərin çoxunda imtahanlar komputerlə test üsulu ilə aparılır. Bizdə belə bir üsul yoxdur. Bütün imtahanlar yazılıdır, çünki tələbənin yazı vərdişi olmalıdır. Əksər imatahanlar isə şifahidir.

Ümumiyyətlə gənclərin kitab oxuması və bilik səviyyələri məni qane etmir. Gənclər daha çox internetə meyl salıblar. Dərsliklərə üstünlük verirlər, amma klassikləri oxumurlar.

-İnstutunuzun filialları barədə bəzən xoşagəlməz fikirlər səslənir. Bu barədə nə deyə bilərsiniz?

- Bu söhbətlərin yaranmasında jurnalistlərin də böyük nöqsanı var. Bir qrup jurnalistlər var ki, artıq onlar bəzi filiallara donor kimi baxırlar, yəni hər dəfə o filialdan sifarişlər olur, nə isə gözləyirlər, kimlərəsə qiymət yazdırmaq istəyirlər, istəkləri yerinə yetirilməzə “gör səndən nə yazaram” deyə hədələyirlər. Maraqlısı budur ki,bu qədər yazıların müqabilində bir dənə dəlil, fakt görməmişəm ki, araşdırılsın.

Yazırlar ki, hansısa filiallarda saxta diplom var. Onu mən sizdən yaxşı bilirəm. Amma desinlər kim, adını, soyadını göstərsinlər. Bazarda oturub eşitməklə filial , müəllim kollektivi haqqında yazı yazmaq olmaz, adi bir məsələni şişirdib danışmaq düzgün deyil.

-Yeni nazirdən nə kimi yeniliklər gözləyirsiniz?

-Yaradıcı düşüncəli bir insandır, cavandır, onun müsahibəsinə baxdım, cavablarından çox məmnun oldum. Apardığı islahatlardan, bir çox insanları nazirlikdən uzaqlaşdırmağından məmnunam, çünki biz uzun müddət onlarla işləmişik, kimin nəyə qadir olduğunu bilirik. Bir rektor, təhsil sahəsinin adamı kimi deyə bilərəm ki, onun iş üslubu çox xoşuma gəlir.



– Milli Məclisdə kimlərlə dostluq edirsiniz? Hansı xanım deputatı özünüzə yaxın hesab edirsiniz?

-Hamı ilə münasibətlərim xoşdur. Ora bir ailədir, elə bilirəm ki, mən də onun üzvüyəm. Ona görə hamısı mənim üçün əziz insanlardır. Hətta müxalifət düşərgəsindən olan insanlarla da xoş münasibətin tərəfdarıyam. Əgər xalq onlara etimad göstəribsə, onlar orada oturubsa, deməli, hamısı layiqli insanlardır.

-Bəs şəxsi həyatınızda yaxın rəfiqəniz var?

-Yox, ümumiyyətlə, sevdiyim, yaxın münasibətdə olduğum insanlar var, ancaq son vaxtlar onu da məhdudlaşdırmışam. Çünki rəfiqələrinlə, yaxın insanlarla ünsiyyətdə olmaq üçün yetərincə boş vaxt lazımdır. Mənim isə o qədər də boş vaxtım olur. Asudə vaxtlarımı ailəmə ayırıram.

-Ailənizə gəlincə, bilmək olar, həyat yoldaşınız, övladlarınız hansı sahənin adamlarıdır?

- Həyat yoldaşım dövlət qulluqçusudur, uzun illərdir ki, Prezident Aparatında işləyir.
İki qızım var, onlar mənim rəfiqələrimdir, biri-birimizə ehtiyacımız var. 3 nəvəm var, onlara da diqqət ayırmaq lazımdır. Biri məktəbə gedəcək, biri üç yaşındadır, biri isə hələ 4 aylıqdır.

Qızlarımın biri bank işçisidir, “Beynəlxalq Münasibətlər” fakültəsini bitirib. Biri isə dizaynerdir. O, Qərb universitetində işləyir. Hər ikisi ali məktəbi Azərbaycanda bitirib. Övladlarım seçimlərində azaddırlar. Mən onların nə ailə, nə də ki peşə seçimlərinə müdaxilə etməmişəm. Ailədə çox demokratik insanam, hər bir insanın fikri mənim üçün vacibdir .

-Millət vəkili, rektor, yoxsa ev xanımı olmaq çətindir?

-Ən çətini ev xanımı olmaqdır, çünki məlum səbəblərdən ev işlərini çatdıra bilmirəm. Bu isə öz növbəsində , danlaq obyektinə çevrilməyə səbəb olur.



-Köməkçiniz yoxdur?

-Ev işlərinin hamısını özüm edirəm, köməkçim yoxdur. Artıq belə öyrənmişəm. Ailə üzvlərim kənar şəxsin bişirdiyi xörəkləri qəbul etmir.

-Mütaliə ilə məşğul olmağa vaxtınız qalırmı? Ən son oxuduğunuz kitab hansıdır?

-Mütailə deyəndə ,hansısa romanları qarşıma qoyub oxuya bilmərəm, ancaq hər gün qəzetlərə, saytlara baxmalıyam. Boş vaxtım olanda Milli Məclisin sənədlərinə baxıram. Hərdən ehtiyac olur, bir psixoloji , pedaqoji kitab oxuyuram.

- Musiqi dinləməyi xoşlayırsınız?

- Musiqini çox sevirəm, mütləq musiqi dinləyirəm. Lirik musiqi dinləyəndə çox sakitləşirəm.. İşdən sonra Teymur Əmrahın diskini qoyub, qulaq asıram.

-İstirahətinizi necə keçirirsiniz?

-Uşaqlarla bağda oluram, həmin günü müxtəlif xörəklər bişirirəm. Hansısa ev işlərini görürəm. Mətbəxi çox sevirəm. Yayda yorğan- döşək tökmək, xalçaları yumaq lazımdır. Bu işləri etməsəm də ancaq nəzarət edirəm.

-Özünüzü baxımlı xanım hesab edirsinizmi?
- Özümə çox baxımlı deyiləm, bu, genetik məsələdir, ancaq işə gələndə nə olur-olsun, 40 dərəcə qızıdrmam olsa da, formada gəlməliyəm. Burada tələbələr, müəllimlər var, hamı mənə baxır, hətta özümü çox pis hiss etmiş olsam da, onu bildirmirəm. Heç kəsə sızıldamağımı hiss etdirmərəm.

Nihadə Eyyubova
Günəş Fərhadlı
AzVision.az



Teqlər:  





Xəbər lenti