“Qarabağ”ın şansları – TƏHLİL

 “Qarabağ”ın şansları – TƏHLİL
  01 Avqust 2013    Oxunub:1626
Bu gün UEFA Avropa Liqasındakı yeganə təmsilçimiz olan Ağdamın “Qarabağ” komandası növbəti matçına çıxacaq. İkinci dərəcəli klub turnirinin üçüncü təsnifat mərhələsində komandamızın rəqibi isə İsveçin “Gafle” kollektivi olacaq.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı fransalı hakim Nikolas Rainvili idarə edəcək.

Rəqibi yaxından tanıyaq

Ötən həftə Ağdam təmsilçisinin Avropa Liqasının üçüncü təsnifat mərhələsinə adlamasından sonra yerli futbol ictimaiyyətində rəqib haqqında informasiyalar dolaşmağa başladı.Təbii ki, İsveç təmsilçisinin necə komanda olması maraq doğurmaya bilməzdi. Odur ki, “Gefle”ni daha yaxından tanımaq yerinə düşərdi.

Əsası 1882-ci ildə “Gefle Sportklubb” kimi qoyulan komanda 1983-cü ildən “Gefle İdrottsförening” adı altımda çıxış edir. İlk futbol matçını 1898-ci ildə keçirən sözügedən komanda qədim tarixə malik olsa da, heç bir ciddi uğur qazana bilməyib.Təsadüfi deyil ki, ilk dəfə 1933-də İsveçin əsas çempionatında mübarizəyə qoşulan “Gafle” iki ildən sonra yenidən II diviziona yuvarlanıb. Elə komandanın növbəti dəfə elitaya qayıtması üçün 48 il gözləməsi də klubun səviyyəsindən xəbər verir. 1983-cü ildə yüksək dəstəyə qayıdan “Gefle” 1984-cü ildə yenidən gəldiyi yerə - aşağı diviziona yollanıb.

Növbəti dəfə 20 ildən sonra Allsvenskana vəsiqə qazanan “Gefle” 2006-cı ildə ilk dəfə İsveçrə kubokunun finalında oynayıb. Elə həmin il də komanda “FairPlay” çərçivəsi ilə birinci dəfə UEFA Kubokunun, 2010-2011-ci ildə isə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edib. Bu mövsüm isə onların avrokuboklarda ümumilikdə 3-cü cəhdidir. Xatırladaq ki, “ağ-göylər Avroliqaya "feyr-pley" sayəsində vəsiqə qazanan komandalardan biridir. Maraqlıdır ki, Avropa Liqasına bu yolla vəsiqə qazanmış digər iki komanda isə bu mövsüm “İnter”ə rəqib olmuşdu. Belə ki, paytaxt klubunun həm ilkin mərhələdə üstələdiyi Finlandiyanın “Mariehamn” komandası, həm də ikinci mərhələdə məğlub olduğu Norveç “Tromse”si “feyr pley”ə görə sözügedən turnirin iştirakçıları sırasına qoşulmuşdu.

Bura kim necə gəlib?

Avrokubokların cari mövsümünə hər iki komanda ilkin təsnifat mərhələsindən başlamışdı. Püşk birinci təsnifat mərhələsində ”Qarabağ”a Makedoniya “Metallurq”unu, “Gefle”yə isə ötən mövsüm “İnter”in üstələdiyi “Trans”ı rəqib seçmişdi. Maraqldır ki, həm təmsilçimiz makedoniyalıları (1:0;1:0), həm də İsveç klubu estonları (3:0; 5:1) hər iki oyunda məğlub etməklə növbəti mərhələyə yüksəlmişdi. Ötən həftə baş tutan ikinci təsnifat mərhələsinin oyunlarında isə “Qarabağ” doğma meydanda məğlub etdiyi (2:1) Polşa “Pyast”ı ilə səfərdə 2:2 bərabərə qalaraq mərhələ adladığı halda, “Gefle” ilk matçda 3:0 yenildiyi Kipir “Anortosis”ini doğma publika qarşısında 4 cavabsız qolla məğlub edərək “Qarabağ”a rəqib olmuşdu.

“İkinci mərtəbə”də oynamaq olmaz

İlk təsnifat mərhələsində “Metallurq”u birnəfəsə keçən “köhlən atlar” ikinci mərhələdə isə çətinliklə üzləşdi. Bakıda 2:1 hesablı qələbəyə sevinən Qurban Qurbanovun komandası səfər matçında yalnız əlavə 30 dəqiqədə vurduğu qolla “Pyast”ı mübarizədən kənarlaşdırdı. Xüsusən ilk qarşılaşmada ucaboy polşalılara qarşı “ikinci mərtəbə”dən oynamağa çalışan və oyunun gedişində hesabda geriyə düşən “Qarabağ”ın oyun üslubunu dəyişənə qədər çətin vəziyyətdə qalması bu taktiki gedişin yanlışlığını isbatladı.

Komandamızın bu gün qarşılaşacağı “Gefle”də hübdür boylu futbolçulardan təşkil olunduğundan ağdamlılar yenə yerlə oynamaq məcburiyyətindədir. Hər halda, “köhlən atlar”ın ucaboy hücumameyilli futbolçulardan qurulmadığını, rəqibin isə əksinə, Par Asp (1,81 sm), Olsson Jones (1,84 sm), David Fällman (1,87 sm), Jens Portin (1,88 sm) və Olof Mård (1,92 sm) kimi hava toplarında yüksək səviyyədə çıxış edə biləcək müdafiəçilərə sahib olması sıradan fakt sayılmamalıdır.

“Qarabağ”ın ehtiyat qüvvəsi yoxdur

Ağdam klubunun oyunlarını mütamadi izləyənlər bölgə təmsilçisinin geniş heyətə malik olmadığından xəbərdardır. Təsadüfi deyil ki, Quraban Qurbanov geridə qalan Avroliqa matçlarında cəmi 15 futbolçuya güvənib ki. onlardan da Muarem Muarem vətəni makedoniyada “Metallurq” qarşısına çıxdıqdan sonra ehtiyatda qaldığı halda, digəri Murad Səttarlı ötən mərhələ oyunlarında sona doğru oynamaq imkanı qazanıb. İş o yerə çatıb ki, artıq “Qarabağ”ın azarkeşləri komandanın hansı heyətlə meydana çıxacağını təxmin etməklə yanaşı, oyunun gedişində Leroy Corcun mərkəz yarımmüdafiəçilərindən birini, Ulriş Kapolonqonun isə Nikolas Geaşvilini əvəzləyəcəyini proqnozlaşdırmaqda çətinlik çəkmir.

Komandanın ehtiyat qüvvəsinin kəsad olmasını göstərən daha bir məqam isə ötən birincilikdə yarımmüdafiəçi İlqar Qurbanovun cinah müdafiəçilərinin əvəzləyicisi kimi çıxış etməsi idi. Hər halda, beynəlxalq oyunlar zamanı Kamil Hüseynov, Bilal Abbaszadə, Təmkin Xəlilzadə, Eltun Yaqublu kimi futbolçulara bel bağlamaq dəryada balıq sevdası sayılmalıdır. Ehtiyat qüvvə kimi bu baxımdan yalnız az-çox Bədavi Hüseynovu fərqləndirmək olar.

Elə yarımmüdafiə və hücum xəttində də layiqli əvəzləyicilərin olmasından söhbət gedə bilməz. Düzdür, bu oyun ərəfəsində komandaya qoşulan və adı UEFA-ya göndərilən iştirak ərizəsinə daxil edilən braziliyalı yarımmüdafiəçi Marinaldo Çiçero da Silva (Çumbinyo) baş məşqçinin alternativlərini artırsa da, bununla belə, “sambaçı”nın hələ komandaya uyğunlaşmaması onun bu gün meydana çıxmasına əngəl ola bilər.

Oyunöncəsi problemlər

Komandaların oyunu ərəfəsində “Gefle”nin heyətlə bağlı hər hansı problemi gözə dəymir. Rəqibin heyətində ağdamlılara qarşı yalnız yarımmüdafiəçi Jonas Lonatto forma geyməyəcək ki, o da hər hansı bir zədə səbəbindən yox, baş məşqçi Pel Olssonun etimadını qazana bilmədiyindən matçı buraxacaq. İsveç təmsilçisi üçün yeganə narahatlıq mənbəyi komandanın oyunçularında yorğunluğun olmasıdır.

“Qarabağ”a gəlincə, Avrokuboklarda uzun müddətdir uduzmayan “Qarabağ”da əhval-ruhiyyə yüksəkdir. İki il öncə mərkəzi arenada “Brügge” üzərində 1:0 hesablı qələbə ilə başlayan bu seriya cari mövsümdəki matçları nəzərə alsaq 5-ə çatıb ki, bu da “köhlən atlar” üçün əlavə motivasiya qaynağıdır.

Amma Qurban Qurbanovun “drujinası”nda problemlər də yox deyil. Belə ki, komandanın oyunöncəsi son məşqində zədələnərək sıradan çıxan Vüqar Nadirovun forma geyməyəcək olması “Qarabağ” üçün ciddi itkidir. Bundan başqa, Maksim Medvedev və Reynaldo Silvanın da yüngül zədəsinin olması məşqçilər korpusunu düşündürən məqamlardandır.

“Qarabağ”ın menyusuna
Və ya rəqibin oyun üslubu necədir?

“Gefle”ni İsveçin iddialı komandalarından biri hesab etmək olmaz. Hazırda yüksək liqada 11-ci pillədə qərarlaşan Pel Olssonun “drujinası”nın cəmi 3 qələbə qazanması da dediklərimizin təsdiqi sayıla bilər. Əsasən güc futboluna üstünlük verən sözügedən komanda praqmatik oyun üslubuna üstünlük verməsi ilə seçilir. Taktiki baxımdan güclü təsir bağışlamayan komanda oyunu əsasən əks-hücumlar üzərində qurur ki, bu da “Gefle”nin üstün cəhəti sayılır. Bundan başqa, “Gefle”nin standard vəziyyətlər zamanı təhlükəli ilmasını qeyd etmək olar. Digər qabardılmalı məqam isə “Gefle”nin doğma publika önündə daha yaxşı çıxış etməsidir.

Komandaların ilk “onbirliyi” necə ola bilər?

Oyunöncəsi maraq doğuran məsələlərdən biri də komandaların matça hansı “onbirlik”lə başlayacağıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, “köhlən atlar” əsasən eyni oyunçulara bel bağladığından bu dəfə də Qurban Qurbanovun “drujinası”nda ciddi dəyişiklik gözlənilmir. “Çərçivə”də Miro Varvodiçin forma geyməsi şübhə doğurmur. Arxa xəttdə də ötən matçlarda olduğu kimi, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli və Ansi Aqoli çıxış etməlidir.

Yarımmüdafiədə isə son oyunla müqayisədə dəyişiklik qaşılmazdır. Oyunöncəsi son məşqdə zədələnərək sıradan çıxan Vüqar Nadirovu Muarem Muarem, İlqar Qurbanov və ya Murad Səttarlı əvəz edə bilər. Digər cinahda isə Reynaldo Silvanın oynaması ehtimal olunur. Oyun qurucusu kimi isə Riçard Almeydanın çıxış etməsi gözləniləndir. Dayaq yarımüdafiəçisi Qara Qarayevlə yanaşı, orta xəttdə Namiq Yusifovun meydana çıxması mümkündür. Amma Qurban Qurbanov Riçard Almeydaya pleymeyker kimi yox, dayaq yarımmüdafiəçisi kimi də şans verə bilər ki, belə olduqda ehtiyatda qalacaq Namiq Yusifovun əvəzinə hücumameyilli oyunçu kimi Leroy Corc forma şansı qazana bilər. Hücum xəttində isə Nikolas Geaşvilini ötən matçın qəhrəmanlarından olan Ulriş Kapolonqoya ehtimad göstərilə bilər.

Rəqibə gəlincə, Bakıya 19 nəfərlik heyətlə gələn və bu gün 4-4-2 sixemi ilə meydana çıxması proqnozlaşdırılan “Gefle”nin qapısını Mattias Hugosson qoruyacaq. Müdafiə xəttində Olof Mård, Jonas Olsson, Pär Asp və Jens Portinin, orta xəttdə isə Marcus Hansson, Alexander Faltsetas, Simon Lundevall və Johan Oremonun ilk dəqiqələrdən meydanda olması ehtimal olunur. “Gefle”nin baş məşqçisi Pel Olssonun hücum xəttində isə Jakob Orlov və Mikael Dahlberg şans verməsi ehtimallar arasındadır.

Tural Məmmədov
AzVision.az üçün


Teqlər:





Xəbər lenti