Xaricdə hazırlıq klublarımıza nə verib? – TƏHLİL

Xaricdə hazırlıq klublarımıza nə verib? – TƏHLİL
  02 Avqust 2013    Oxunub:1556
Bu gün futbol üzrə Topaz premyer-liqasının yeni mövsümünə start veriləcək. Uzun müddət mövsümlərarası fasilədə olan elita təmsilçiləri artıq bir neçə gündür ölkə çempionatına hazırlıq mərhələsini başa vurub. Məlum olduğu kimi, bu dəfə də klublarımızın əksəriyyəti Türkiyəyə və Avstriyaya üz tutmuşdu. Amma bununla yanaşı, Sloveniya və Gürcüstan kimi ölkələr də elita təmsilçilərimizin hazırlıq keçdiyi ölkələr sırasında idi. Xatırladaq ki, yeni mövsümdə elitada mübarizə aparacaq komandalardan yalnız AZAL hazırlığı ölkə daxilində keçmişdi.
Komandalarımız ölkə xaricindəki hazırlıq çərçivəsində ümumilikdə 42 oyun keçiriblər. Hazırlıq qarşılaşmalarında 14 qələbə qazanan komandalarımızın heç-heçə və məğlubiyyət sayı isə müvafiq olaraq 16 və 12-dir. Məlumat üçün bildirək ki, hazırlıq mərhələsində komandalarımız arasında ən çox oyunu “Qəbələ” və “Simurq” keçirib. Ümumilikdə 7 oyunda meydana çıxan sözügedən komandalardan “Qəbələ”nin aktivində 4, “Simurq”un hesabında isə cəmi bir qələbə var. Mövsümlərarası hazırlıq çərçivəsində ən yaxşı nəticə isə Gürcüstandakı hazırlıq prosesində məğlubiyyət acısı dadmayan “Sumqayıt”a məxsusdur.
Hər halda, klublarımızın ölkə hüdudlarından kənardakı hazırlıq mərhələsini necə keçirdiyinə ayrı-ayrılıqda nəzər salmaq maraqlı olar.

“Neftçi”

İyunun 18-də Avstriyaya yola düşən və bu ölkədə 6 hazırlıq matçı keçirən son çempion hazırlıq qarşılaşmalarında uğursuzluqla yadda qaldı. İlk oyunda Rusiya “Volqa”sına minimal hesabla yenilən flaqman Avstriyadakı ikinci matçında isə hazırlıq mərhələsi çərçivəsindəki birinci və sonuncu qələbəsini qazandı. Almaniyanın aşağı dəstə komandası olan “Vakker Burqhauzen” komandasına üç cavabsız qolla qalib gələn “xalq komandası” sonrakı dörd görüşdə isə qələbəyə həsrət qaldı. Sırası ilə Almaniya“Enerji”sinə (0:2), İsrail “Makkabi”sinə (0:3) yenilən “ağ-qaralar” Rusiya ”Terek”i ilə qolsuz bərabərliyə imza atdı. Toplanış çərçivəsində “Neftçi”nin son rəqibi isə“Dinamo” (Drezden, Almaniya) komandası idi. Qarşılaşmadan 1:2 hesablı məğlubiyyətlə ayrılan “ağ-qaralar”Avstriyadakı hazırlıq prosesini ümumilikdə 4 yenilgi ilə başa vurdu və bu qarşılaşmalarda əldə olunan uğursuz nəticələr son çempionun Çempionlar Liqasında arzulanan hədəfə çatmamasını şərtləndirdi.

“Qarabağ”

İyunun 8-də paytaxtda hazırlığa başlayan və bundan beş gün sonra Türkiyənin Qızılcahamam bölgəsinə yola düşən “Qarabağ”da mövsümlərarası dönəmin uğursuzlarındandır. Qardaş ölkədə cəmi iki qarşılaşmaya çıxan və hər iki halda Rusiyanın “Mordoviya” kollektivi ilə qarşılaşan “köhlən atlar” ilk oyunda 3:1 hesabı ilə uduzduğu rəqibi ilə ikinci qarşılaşmada “sülh” bağladı- 1:1

“İnter”

Yeni mövsümüm hazırlıqlarına ən erkən start verən “İnter” hazırlığın ilk mərhələsini, Türkiyədə, ikinci hissəsini isə Avstriyada keçdi. İyun ayının 2-dən etibarən Türkiyənin Koceli şəhərində hazırlıq keçən “bankirlər” burda cəmi bir yoldaşlıq matçına çıxdı. Qardaş ölkənin aşağı dəstə təmsilçisi “Kartalspor”u böyükhesabla məğlub edən (13:0) paytaxt klubu daha sonra yollandığı Avstriyada da pis çıxış etmədi. Bu ölkədə yerli “İnsbruk” komandasını 8:0 hesabı ilə yenən “bank təmsilçisi” sonrakı iki qarşılaşmada isə heç-heçə oynadı. Öncə Rusiyanın “Krasnodar” (0:0), ardınca isə Çexiyanın “Slaviya” kollektivi ilə (1:1) “sülh” bağlayan Kaxaber Tsxadadzenin “drujinası” son görüşdə isə Rusiyanın “Anji” komandasına minimal hesabla uduzdu.

“Simurq”

Əksər elita klubları kimi “Simurq”da hazırlıq prosesini iki ölkədə keçən klublarımız sırasındadır. Hazırlığın ilkin mərhələsini Türkiyənin Kartəpə bölgəsində keçirən “sarı-qaralar” buradakı ilk yoldaşlıq görüşündə Rusiyanın “Nalçik” komandasına minimal hesabla məğlub oldu. Daha sonra ardıcıl olaraq iki dəfə Gürcüstanın “Dila” kollektivi ilə qarşılaşdı və hər iki qarşılaşma heç-heçə (3:3;1:1) yekunlaşdı. Daha sonra Avstriyaya yola düşən Georgi Çixaridzenin komandası bu ölkədə də uğursuz seriyanı davam etdirdi. Yunanıstanın “Olimpiakos” (1:2) və Türkiyənin “Beşiktaş” komandalarına məğlub olan, digər Türkiyə təmsilçisi “İstanbul BŞB” klubuyla isə bərabərə qalan (1:1) Zaqatala klubu yeni mövsüm ərəfəsində yeganə qələbəsini isə Macarıstanın “Zalaeqerseq” kollektivini minimal hesabla üstələməklə qazandı.

“Bakı”

Yeni mövsümöncəsi baş məşqçi postuna serbiyalı Milinka Pantiçi gətirən paytaxtın eyniadlı komandası hazırlığın ilkin mərhələsini Terkiyənin İzmit şəhərində keçməsi pkanlaşdırsa da, sonradan Avstriyaya üz tutdu. Burda yerli “Hermaqor” (4:1), “Penik” (8:0) və “Spins” (2:1) komandalarını üstələyən “Bakı” Avstriyadakı son qarşılaşmada isə Serbiya “Donji Srem”inə 4:1 hesabı ilə məğlub oldu. “Zolaqlılar”ın hazırlıq prosesi çərçivəsində qarşılaşdığı sonuncu komanda isə daha adlı-sanlı idi. İtaliyada bu ölkənin məşhur “Udineze” komandası ilə qarşılaşan və görüşdən 1:1 hesablı bərabərliklə ayrılan paytaxt klubu hazırlıq dönəmini major notlarla başa vurdu.

“Qəbələ”

Mövsümöncəsi ən çox hazırlıq qarşılaşmasına çıxan iki komandamızdan biri olan “Qəbələ” həm də ən çox qalib gələn elita təmsilçisi oldu. Ümumilikdə keçirilən 7 görüşdən dördündə qalib olan “qırmızı-qaralar” həm də ən az məğlub olan komandalarımızdan biridir. Qələbə qazandığı matçlarda Türkiyənin “İspartaspor” və “Gənclərbirliyi” komandaları ilə yanaşı, Macarıstanın “Zalaeqerseq” və Sloveniyanın “Smartno” komandalarını yenən Yuri Syominin yetirmələri Ukraynanın “Metallurq” (1:1) və Türkiyənin “Antalyaspor” (2:2) komandalarıyla isə heç-heçə oynadı. Bölgə təmsilçisinin hazırlıq qarşılaşmalarındakı yeganə məğlubiyyətini isə “Trabzonspor” qarşısında aldı-2:0.

“Xəzər Lənkəran”

Avropa Liqasına biabırçı “Makkabi” məğlubiyyəti ilə başlayan cənub təmsilçisi hazırlıq mərhələsini də o qədər yaxşı keçirməmişdi. Almaniyada bu ölkənin aşağı dəstə təmsilçisi “İnqolştadt”ın ikinci komandasına 6:1 hesabı ilə qalib gəlsə də, sonrakı oyunlarda qələbəyə sevinmək mümkün olmamışdı. Maltada “Birkirkara” ilə heç-heçə oynayan (1:1) “ağ-yaşıllar” son yoldaşlıq matçında isə doğma publika qarşısında Türkiyənin “Fənərbaxça” komandasına 0:4 hesabı ilə məğlub olmuşdu.

“Rəvan”

İyunun 18-də paytaxtda hazırlıqlara başlayan və 20 gün ölkə daxilində məşq prosesini sürdürən “Rəvan” məhz bundan sonra Sloveniyaya yollanmışdı. Bu ölkədə dörd qarşılılaşmaya çıxan “uçan aslanlar”ın hazırlıq mərhələsi ilə bağlı diqqət çəkən məqam isə paytaxt klubunun Sloveniyadan qələbə qazanmadan dönməsi oldu. Qeyd edək ki, “Rəvan” hazırlıq çərçivəsində keçirdiyi matçlarda Sloveniyanın “Aluminiy” (1:1), Serbiyanın “Çukariçki” (0:0) və Türkiyənin “Karabükspor” (2:2) komandaları ilə heç-heçə oynadığı halda, Serbiyanın “Donji Srem” komandasına məğlub olmuşdu- 2:0.

“Sumqayıt”

Hazırlığa ən gec başlayan Premyer-liqa komandası olan “Sumqayıt” isə Gürcüstana üz tutnuşdu. Bu ölkədə keçirdiyi üç qarşılaşmada məğlubuyyət acısı dadmayan “gənclik şəhəri”nin komandası bu nəticə ilə mövsümöncəsi hazırlıq mərhələsində məğlub olmayan yeganə Azərbaycan klubu adını qazandı. Xatırladaq ki, Gürcüstanda hazırlıq matçları zamanı “Mersxali” (3:0) və “Merani” (2:1) komandalarını üstələyən sumqayıtlılar “Quriya” kollektiviylə isə qolsuz heç-heçə etmişdi.

Tural Məmmədov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər:  





Xəbər lenti