Həyat bədbəxtləri bağışlamır!

Həyat bədbəxtləri bağışlamır!
  25 Fevral 2013    Oxunub:2258
Əsəd Qaraqaplan

Murad Köhnəqalanın anatomiyası

Dostumuz Murad Köhnəqalanın bədbəxtliyi ondadı ki, o, həmişə elə bilir hər şeyi, hər yeniliyi ədəbiyyatımızda birinci özü edib. Halbuki, onun elədikləri sadəcə bir söz olaraq keçərli olur, ya da ən yaxşı halda dedikləri “başlanğıc” olaraq qalır. Tarixsə çox amansızdı. O, yalnız sona qədər prinsipial olanları sevər və ancaq danışanlarısa bağışlamaz.
Murad Köhnəqala nə qədər düşünsə ki, bütün yaxşı şeyləri birinci o eləyib, mən də belə düşünürəm ki, o, həm də ən pis şeyləri də birinci edənlərdəndi. Yəni ikitirəlik onun qanındadı.
O, eyni bir şeyi həm söyə, həm də biraz sonra təyifləyə bilər. Həm də yaşının bu çağlarında.
O, eyni bir şeyi “qəti etməyin” deyə bilər, ama biraz sonra bunu nəinki “edin” deyər, həm də birinci özü edər.
Murad Köhnəqala, məsələn, bir zamanlar əlindən öpməyə hazır olduğu adamın bir az sonra qulağını kəsməyə və üzünə tüpürməyə də hazır olar.
Murad öz xalqını, millətini aşağılayar və bir müddət sonra böyük bir xalqsevər və millətsevər kimi ortaya çıxa bilər.
Murad kütləni amansızca qamçılaya bilər, amma bir müddət sonra kütlədən də betər düşünə bilər.
Murad özünü gənc sayıb, gənclərə məsləhət veriməyin mənasız olduğunu da bağıra bilər, amma bir müddət sonra gənclərə məsləhət verməklə qalmaz, onların önünə bir ağsaqqal səddi də çəkməyə hazır olar və yeri gəlsə, onları dediklərini etmədiyinə görə söyüb-təhqir də edə bilər.
Murad “qızlarımız fahişədir” deyə bilər, ama bir müddət sonra namusdan, qeyrətdən ağızdolusu danışa bilər.
Murad özünü anti-mentalitetçi göstərə bilər, amma mental damarına basılanda ilan kimi adamı çala bilər.
O, həm dini mətn, həm də ateist mətn yazan ilk müəllifimizdi.
O, həm dindar ola bilməyən, həm də ateist ola bilməyən yeganə adamdı.
O, nə dinə tapınar, nə də dinsizliyə...
O, məsələn, şifahi təfəkkürlü biri olaraq həmişə özünü yazılı ədəbiyyatda sınamağa cəhd eləyən biridi.
O, məsələn, yaza bilmədiyi böyük mətnlərin qisasını balaca köşə yazılarıyla almaq istəyən biridi.
O, məsələn, içində aşıq ola-ola, aşıqlığa üzdə lağ edən, bu tip şeylərə anektod qoşan biridi.
O, məsələn, doğulduğu torpağın genetik koduna uyğun olaraq başı kəsilmiş ot olmaqdansa, həmişə boyundan yuxarı tullanmaq – “uzun” görünmək istəyən biridi.
O, həmişə söyər və bunu “söz azadlığı” bilər, ama kimsənin onu söyməsinə dözə bilməz və bunu “tərbiyəsizlik” hesab edər...
Amma dedim ya, tarixsə çox amansızdı. O, yalnız sona qədər prinsipial olanları sevər və ancaq danışanlarısa bağışlamaz...
Həyat bədbəxtləri bağışlamır!
P.S. Bu yazını Murad Köhnəqalanın Əkrəm Əylisliylə bağlı səsləndirdiyi fikirlərə, bu fikirlərdəki özünü ələvermə, ifşaetmə və əvvəllər dedikləriylə üst-üstə düşməyən ikitirəli fikirlərinə, mövqeyinə görə yazdım. Muradın, yaşı 50-ni çoxdan keçmiş bu yazarın Əkrəm Əylisliyə qısqanclıqdan doğan fikirləri təkcə onu ələ verib, ifşa etmədi, həm də yaşlandıqca bu adamın üzə çıxan iç üzünü, əsl mahiyyətini də göstərdi. Şəxsən mən Murad Köhnəqalanı belə tanımırdım, düzünü deyim, belə tanımaq da istəmirdim. O, axı doğrudan da başqa biri idi biz gənclərçün... Bu fikirlərdən sonra isə sadəcə yerimdə donub qaldım və onun bugünə qədər dediklərinə, etdiklərinə bir də diqqqətlə baxmağa, gördüyüm ikitirəliyi yazmağa qərar verdim.


Teqlər:





Xəbər lenti