Ermənistanda dövlət çevrilişi gözlənilir

 Ermənistanda dövlət çevrilişi gözlənilir
  05 Avqust 2013    Oxunub:1732
`Sərkisyan hökumətinin gözü qorxub`.
Bir müddət əvvəl Ermənistanın paytaxtı Yerevanda nəqliyyatda gediş haqlarının qaldırılmasına etiraz əlaməti olaraq keçirilən səs-küylü “avtobus aksiyası” uğurla nəticələndi: şəhər meri Taron Marqaryan keçmiş tarifləri bərpa etdi. Bəs görəsən, bu etiraz aksiyası erməni tərəzisini tarazlaya bildimi, başqa sözlə desək görəsən siyasətçilər ilə cəmiyyət həqiqətən də razılaşdılarmı?

Xatırladaq ki, 1955-ci ildə Alabama ştatının Montqomeri şəhərində avtobus xəttində boykot Birləşmiş Ştatlarda vətəndaş hüquqları uğrunda mübarizə hərəkatının katalizatoru oldu. Ermənistandakı vəziyyəti yaxından izləyən bir sıra ekspertlər, analoji halın Ermənistanda da təkrarlanacağını istisna etmirlər, yəni “avtobus aksiyası ” Sərkisyan hakimiyyətinin sonu ola bilər.

Qeyd edək ki, Yerevan ictimai nəqliyyatında boykot iyulun 20-də, Ermənistan hökuməti gediş haqlarının azı 50 faiz qaldırılması ilə bağlı qərarı qüvvəyə minəndən sonra başladı. Əksəriyyəti gənclər olan yüzlərlə erməni bu qərara etiraz əlaməti olaraq küçələrə çıxdı. Onlar avtobus dayanacaqlarında əllərində plakatlarla baykot elan etdilər. Onlar hökumətdən gediş haqlarının 150 dram deyil, əvvəlki kimi 100 drama endirilməsini tələb etdilər. Mitinq iştirakçılarına dəstək əlaməti olaraq bir sıra məşhur simalar, camaatı öz avtomobilləri ilə pulsuz aparıb- gətirməyə başladılar. Yerevan meriyası, hökumət binası qarşısında kütləvi aksiyalar keçirildi.

“Taktika” alındı. 5 gündən sonra Yerevan meri, Ermənistanın hakim Respublika Partiyasının rəhbərlərindən biri Taron Marqaryan yeni tariflərin ləğv olunduğunu bildirdi. Lakin o, gələcəkdə qiymətlərin yenidən qaldırılacağını da istisna etmədi.

Müxalifət isə belə bir vəziyyəti hökumət üzərində qələbə kimi dəyərləndirdi. “-Cəmiyyət hökuməti başa saldı ki, xalqın malının mənimsənilməsinə, oğurluğa, hüquqlarının tapdalanmasına imkan verməyəcək. Gənclər nəyə qadir olduqlarını anlayıb”.

Aksiya iştirakçıları qələbələrini küçələrdə şampan şərabı içməklə qeyd etdilər. Elə hökumət də aksiyaçıları susdura bildiyi üçün bayram havasına girmişdi. Lakin bu bayram havası çox çəkmədi, yenidən tutuldu. Bir gün sonra Ermənistanın “azadlıq döyüşçüləri” nin Sərkisyan hökuməti əleyhinə aksiyaları başladı. Bu gün də davam edən aksiyalarda etirazçılar sosial şəraitlərinin yaxşılaşdırılmasını tələb edirlər. Bütün bunlar belə bir sual doğurur, bu baykotlar Ermənistanın siyasi həyatında konkret dəyişikliklər gətirdimi?!

Aksiyaçıların sözlərinə görə hökumətin gözü qorxub, odur ki, onlar haqlarını tələb etməyə davam edəcəklər, əks halda Sərkisyan hökumətinin sonu olacaq. Bəzi aksiya təşkilatçıları iddia edirlər ki, hökumət baş verənlərdən bir nənicə çıxaracaq və gələcəkdə bu kimi etirazların baş qaldırmasına yol verməyəcək. “Ermənistan ordusunun əsl üzü ”təşkilatının fəalı Tsovinar Nazaryan ( o, Ermənistan ordusunda zorakılıq hallarının barədə məlumatları yaymaqla məşğuldur-red.) iddia edir ki, ötən aksiyalarla müqayisədə, bugünki aksiyalar hökumət tərəfindən göstərilə biləcək hər cür təzyiqə dayanıqlıdır.

Avtobus aksiyalarını qələbə kimi qəbul etməyən Nazaryan mütləq qələbənin hələ qabaqda olduğunu bildirir: “Hökumət əlbəttə ki, hərəkatı öz xüsusi adamları, xüsusi üsulları ilə idarə etməyə çalışacaq, ancaq çətin ki, bacarsın. Bu qədər problemlər, onların həllini tələb edən çoxsaylı gənclər ordusunun qarşısında tab gətirə bilməyəcək və sonda çökəcək”.

Bununla yanaşı, demək olar ki, Ermənistanın bütün analitikləri boykotun vətəndaş cəmiyyətinin inkişafında bir dönüş nöqtəsi olduğu qənaətindədirlər. Müstəqil politoploq Armen Badalyanın fikrincə son zamanlar bir-birinin ardınca baş verən etiraz aksiyaları ictimai narazılığın kortəbii ifadəsindən çox Yerevan Meri Maqaryanın siyasi mövqeyini zəiflətmək üçün təşkil olunmuş bir təşəbbüs idi. Deyilənlərə görə, Taron Marqaryan hakim Respublika Partiyasının rəhbərliyinə, yəni prezident Serj Sərkisyanın sələfi kimi onun “kreslosuna” potensial namizəddir. Buradan belə nəticə çıxarmaq olar ki, bu qədər erməninin eyni vaxta məhz Marqaryana qarşı çıxması dolayı yolla Serj Sərkisyana qarşı yönəlib.

“Mümkün deyil ki, bu qədər insan birdən-birə küçələrə çıxsın və səliqə ilə təşkil olunmuş qaydada şüarlar səsləndirsinlər. Bu sadəcə olaraq Taron Marqaryanı və dolayı yolla Sərkisyanı sarsıtmaq məqsədi daşıyırdı...”-deyə Badalyan fikirlərini izah edir.

Müxalif “İrs” Partiyasından olan Stepan Səfəryan isə yaxın gələcəkdə ölkənin siyasi həyatında ciddi dəyişikliklərin olcağını bildirir: “ Sözlə deməsək də, aydındır ki, Ermənistanda vətəndaş cəmiyyəti formalaşıb, artıq deyə bilərik ki, cəmiyyət hakimiyyət çevrilişinə necə nail olacağını bilir.”

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti