Monapoliyalara hədd qoyuldu

Monapoliyalara hədd qoyuldu
  25 Fevral 2013    Oxunub:5859
Bu gün Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Rəqabət Məcəlləsi müzakirə olunub.
Tədbirdə ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, əsas məqsəd hələ layihə şəklində olan Rəqabət Məcəlləsinin hazırlanmasında sahibkarların təkliflərini dinləmək və onların əsasında sənədi təkmilləşdirməkdir.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək Rəqabət Məcəlləsi ilə bağlı məlumat verib. Qeyd edilib ki, sənəd artıq bir neçə dəfə Milli Məclisin komitələrində deputatların və mütəxəssislərin iştirakı ilə geniş müzakirə olunub. Məcəllənin geniş ictimai müzakirəsini təşkil etməkdə əsas məqsəd bazar iqtisadiyyatı, ölkəmizdə azad, rəqabətə davamlı sahibkarlıq mühitinin yaradılması üçün mükəmməl, bütün tələblərə cavab verən qanun hazırlamaqdır. Bazar iqtisadiyyatı ilə bağlı bir neçə qanun mövcud olsa da, Rəqabət Məcəlləsi bu məsələləri daha liberal, daha dəqiq formada tənzimləyəcəkdir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev vurğulayıb ki, Rəqabət Məcəlləsi həm sahibkarların hüquqlarının qorunmasında, əmtəə bazarlarında sağlam rəqabət mühitinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Əmtəə bazarlarında sağlam rəqabət istehlakçıların daha ucuz və keyfiyyətli məhsul əldə etməsi əsas şərtlərdən biridir. 18 fəsildən və 82 maddədən ibarət sənədin qəbulu ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin formalaşdırılması çox vacibdir.

Müzakirələrdə bir sıra təkliflər irəli sürülüb. Diqqətə çatdırılıb ki, Rəqabət Məcəlləsində hər hansı şirkətin bazarın 35 faizinə nəzarət etdiyi müəyyənləşərsə, bu rəqabətin pozulması hesab olunur. Bu zaman təbii inhisar mütləq nəzərə alınmalıdır. Çünki 35 faizlik göstəricini bütün hallarda rəqabətin pozulması kimi qəbul etmək olmaz. Hər hansı sahibkar elə bir istehsalla məşğul ola bilər ki, həmin istehsalla heç kim məşğul olmur. Bu zaman həmin sahibkarın istehsal və yaxud idxal etdiyi məhsulun bazarda çəkisinin yüksək olması təbiidir və bunun rəqabətin pozulması ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, Rəqabət Məcəlləsinin Milli Məclisin payız sessiyasında 3-cü oxunuşda müzakirəyə çıxarılması nəzərdə tutulub.



Teqlər:  





Xəbər lenti