ABŞ tarixinə düşən azərbaycanlı: `Küçələrdə pizza satırdım...` (FOTOLAR)
Con Nəimi Əmirəl əslən Naxçıvanın Babək rayonunun Nehrəm kəndindəndir. O, uzun müddətdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır və Amerika ordusunda xidmət edir. ABŞ Hərbi Dəniz Qüvvələrində Xarici Əlaqələr üzrə Komandir vəzifəsində çalışır.
Pentaqonda F35 tipli Qırıcı təyyarələrin baş ofisində məsul vəzifədə işləyib. Həmçinin, İnsan Hüquqları üzrə Vircinia Dövlət Şurasının İdarə Heyətinin keçmiş üzvü, NATO-nun Əfqanıstan üzrə Təlim Misssiyasında yüksək vəzifələrdə çalışıb.
ABŞ-ın Respublikaçılar Partiyasının nümayəndəsi olan Nəimi Əmirəl Amerika tarixində ilk azərbaycanlı olaraq Vircinia Əyalət Məclisinə daxil olmaq üçün partiya namizədi olub. O, Vaşinqton Milli Müdafiə Universitetinin məzunudur. ABŞ Hərbi Dəniz Qüvvələri Zabitlərinin hazırlandığı hərbi məktəblərdə də təhsil alıb. Bununla yanaşı, Nyu-Yorkda yerləşən nüfuzlu universitetlərdə siyasi əlaqələr, biznes və maliyyə ixtisaları üzrə təhsilini davam etdirib.
AzVision.az-ın əməkdaşı ABŞ tarixinə düşən azərbaycanlı Nəimi Əsgər oğlu Əmirəllə həmsöhbət olub. Söhbət zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb:
“Naxçıvanda həkim ailəsində dünyaya gəlmişəm. Sadə, zəhmətkeş bir ailənin nümayəndəsiyəm. Atam dünyasını dəyişib. Valideynlərim heç vaxt məmur olmayıblar. Normal həyat yaşamışıq”.
Nəimi uşaqlıq illərində idmanın müxtəlif növləri ilə, daha çox karate ilə məşğul olub. O, daha sonra həkim, hüquqşünas və iqtisadçı olmaq istəyib. Həmsöhbətimiz orta məktəbi bitirdikdən sonra xarici ölkədə təhsilini davam etdirmək qərarına gəlib.
“O, vaxtlar çox az adam Amerikaya gedirdi. Mən də təhsil almaq, işləmək üçün Amerikaya getmək qərarına gəldim. Fikirləşirdim ki, həm işləyib ali təhsil alaram, həm də pul qazanaram. Amerikaya gedəndə cibimdə cəmi 700 dollar pulum var idi. Amerikada heç kimi tanımırdım. Məni ayaqda saxlayan məqsədim idi. Bütün çətinliklərə baxmayaraq, məqsədimə çatmalı idim”.
Amerikada yaşamaq, təhsil almaq uğurunda mübarizə aparan həmyerlimiz qərib ölkədə ilk günlər çox çətinliklərlə üzləşdiyini etiraf edib. İlk vaxtlar yarı ac, yarı tox həyat sürdüyünü deyən Nəimi bir müddət Amerika küçələrində pizza satmaqla məşğul olub. O, qazandığı pulla təhsil almağa çalışdığın söyləyib:
“Nyu-Yorkda universitetdə təhsil almağa başladım. Gündüz oxuyurdum, gecələr isə işləyirdim.
2001-ci il sentyabr ayının 11-i idi. Yatırdım. Birdən telefonuma gələn zəngin səsinə oyandım. Dostlarım idi. Amerikada dəhşətli terror hadisəsinin törədildiyini, insanların öldüklərini dedilər. Çox dərin sarsıntı keçirdim. Artıq Amerika mənə doğma bir yer idi. Orada baş verən dəhşətli hadisələr mənə pis təsir edirdi”
Yüzlərlə insanın həyatını itirdiyi terror hadisəsindən sonra dərin sarsıntı keçirən Nəimi Amerika qarşısındakı mənəvi öhdəliklər daşıdığını bildirib. Bu mənəvi öhdəliklər onun yolunu Amerika ordusunda hərbi xidmətə qədər gətirib çıxarıb. Beləliklə, Nəimi ABŞ ordusunda xidmət etmək üçün müvafiq dövlət qurumlarına müraciət edib: “Təsadüfən mənim müraciət etdiyim dövlət qurumu hərbi dəniz qüvvələri oldu. Sənədlərimi təqdim etdim. Nəhayət, mən də dənizçi oldum. Hərbi xidmətdə olan zaman təhsilimi davam etdirirdim”
Üç il ABŞ Hərbi Dəniz Qüvvələrində sıravi dənizçi kimi xidmət edən Nəimi ovaxtki ABŞ prezidenti Corc Buşun sərəncamı ilə zabit təyin olunub. Bununla yanaşı, o, nüfuzlu zabit məktəblərində təhsil alıb. Roket gəmisində xidmət etməyə başlayan zabit Nəimi Əmiral bir müddət sonra batalyon komandiri seçilib.
Nəimi Əsgər oğlu Əmirəl John Naimi Amiral adını götürməsinin səbəbini izah edib: “Amerikaya gəldiyim ilk günlərdə heç kəs adımı deyə bilmirdi. Hamı mənə Con (John) deyirdi. Ona görə də bu sözü təxəllüs kimi götürdüm. Nəimi adını isə mənə rəhmətlik atam qoyub. Şair Nəsiminin müəllimi Fəyzullah Nəiminin adıdır”.
Bir vaxtlar “Əmirəliyev” soyadını daşıyan həmyerlimiz daha sonra “ov-yev” sonluqlarından imtina edib.
Hərdən istirahət etmək, ailəsini görmək üçün Azərbaycana gəldiyini deyən Nəimi ölkəmizdəki inkişafdan söhbət açıb. Onun fikrincə, Azərbaycan, xüsusi ilə paytaxt Bakı öz gözəlliyi müasirliyi ilə dünyanın məşhur şəhərlərindən geridə qalmır: “Azərbaycan inkişaf edir, Bakı ilbəil gözəlləşir. Yeni-yeni müasir binalar, geniş yol örtükləri, Xəzər sahili boyunca uzunan möhtəşəm Bakı Bulvarı, fəvvarələr, yaşıl parklar insanın ürəyini oxşayır. İnsanlar səmimi, mehribandırlar”.
Həmsöhbətimiz Bakıda yerli sakinlərin ana dilimizə biganəliyindən gileylənib: “Bakıda olduğum zaman xeyli insanla qarşılaşır, ünsiyyətdə oluram. İnsanlar dogma dildə deyil, daha çox rus dilində danışmağa üstünlük verirlər. Hər kəs mənə rus dilində müraciət edir. Fikirimcə, bu narahatlıq doğurmalıdır. Çünki insanları torpaq, vətənlə yanaşı doğma dil birləşdirir. Doğma dildə nə qədər çox danısşaq bir o qədər xalqın birliyini, bütövlüyünü və tarixini qoruyub saxlaya bilərik”.
Həmsöhbətimizin fikrincə, ölkədə doğma dildə təhsilə daha çox yer ayrılmalıdır: “Bizdə valideynlər övladlarının daha çox rus dilli məktəblərdə təhsil almasını istəyir. Fikirləşirlər ki, xarici dildə təhsil alan övladları gələcəkdə yaxşı iş sahibi olacaq. Amma unudurlar ki, həmin övladları öz dilini bilmir. Dili unutmaq, həmin dildə danışmaqdan utanmağın axırı heç də yaxşı olmur. Dili yaşatmaq lazımdır ki, xalqın varlığı əbədi olsun! Niyə axı rus dilli təhsil pulsuzdur, ingilis dilli təhsil pulludur? İngilis dilində təhsil pulsuz olsa, əlbəttə, valideynlər övladlarına ingilis dilində təhsil verəcəklər. Ya bütün xarici dillərdə təhsil pullu olmalıdır, ya da hamısı pulsuz olmalıdır. Əgər uşağın valideynlərindən heç olmasa biri rusdursa, dövlət onları ödənişdən azad edilə bilər. İnsanlar özləri seçim etməlidirlər. Mən rus dilində mükəmməl danışıram. Amma öz doğma dilimə hörmət edirəm, Azərbaycanda ana dilimdə danışıram. Rus dilində mənə müraciət edən soydaşlarımıza doğma dildə cavab verirəm. Əgər öz dilimizdə danışmaq “çuşqalıq”dırsa, xahiş edirəm məni o “çuşkaların siyahısında” birinci yazın.
Ailədə də doğma dildə danışıram. Ona görə də oğlum Kamal bu gün xarici dillərlə yanaşı, Azərbaycan dilində də mükəmməl şəkildə danışa bilir”.
Dünyanın bir sıra ölkələrində səfərdə olan həmsöhbətimizin ən böyük arzularından biri də Azərbaycanın ərazi-bütövlüyünün bərpasıdır. O, Dağlıq Qarabağın yenidən Azərbaycana birləşəcəyi günü səbirsizliklə gözləyir. Söhbətimiz zamanı, o, Azərbaycan əsgərinin gücündən danışıb:
“Azərbaycan ordusunun, əsgərlərin gücünə inanıram. Ordumuz günü-günüdən güclənir, rəhbərlikdə peşəkarlar təmsil olunur. İnanıram ki, bir gün Azərbaycanın ərazi bütövlüyü yenidən bərpa olunacaq.
“Qarabağ mənim ürəyimdir” - deyən Nəimi Əmirəl azərbacanlı olması ilə fəxr etdiyini söyləyib.
“Azərbaycan və Türkiyə ata-ana vətənimdir. Ailə üzvlərinin müəyyən çətinlikləri ola bilər. Bu zaman bütün ailə bir olmalı və bir-birlərinə dəstək olmalıdırlar. Azərbaycan-Türkiyə bir ailədir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün şərəfinə övladımın adını Kamal qoymuşam. Uşaq vaxtı Azərbaycanın müstəqil bir dövlət olmasını arzulayırdım. Müstəqilliyin nə olduğu haqda valideynlərim mənə tez-tez danışırdılar. Vaxt gəld, SSRİ dağıldı və Şimali Azərbaycan müstəqil oldu. Buna çox sevinirdim”.
Nəiminin sözlərinə görə, insanda şəxsi qürur hissləri ilə yanaşı, milli qürur hissləri də olmalıdır: “Əgər insanda şəxsi qürur hissləri varsa, demək onda milli qürur hissləri də mövcuddur. Milli qürur hisslərinə malik olmayan insanın şəxsi qüruru da yoxdur. Şəxsi qürura sahib olan insanlar xalqının başqa xalqa tabe olmasını heç vaxt qəbul etməzlər”.
Həmsöhbətimiz Azərbacan xalqının Ümummilli lideri Heydər Əliyevin əvəzsiz siyasətçi olduğunu vurğulayıb: “Heydər Əliyev çox uzaq görən insan idi. Əgər azyaşlı bir uşaq barmağı ilə şəkili göstərib deyirsə, mən onun kimi olacağam, demək o, şəkildəki şəxs liderdir!”.
Hafiz Əhmədov
AzVision.az