Səfəvilərə güllə atmayaq

Səfəvilərə güllə atmayaq
  04 Oktyabr 2016    Oxunub:3302
Fərəh Hüseyn
Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

Səfəvilər dövləti Azərbaycan, Cənubi Qafqaz, Dağıstan, İran, Xorasan, İraq-i Əcəm, müəyyən dönəmlərdə İraq-i Ərəb coğrafiyasında iki yüz ildən artıq bir dönəmdə hökmranlıq etmiş, bütün dövlət aparatı ilə, yəni baş vəkildən tutmuş canişinlər qismində olan bəylərbəyilərə qədər, xarici dövlətlərə diplomatik missiya ilə göndərilən elçilərdən tutmuş əsərlərilə orta əsr tarixçiliyinə ün salmış görkəmli salnaməçilərinə qədər Azərbaycan Türklüyünü təmsil edən mərkəzləşdirilmiş dövlət olub.

Bu dövlət idarə sistemi, ordusu, tarixi və mədəni irsi ilə Azərbaycan dövlətçilik tarixinin zirvəsini təşkil edib. Səfəvilər dövlətini yaradan Türkman əşirətlərinin etnik təməli üzərində sonradan Azərbaycan milləti təşəkkül tapmışdır.

Azərbaycan türkünün yaratdığı bu dövlət kimlər üçünsə qürur mənbəyi, kimlər üçünsə göz dağı oldu. Gözləri götürməyənlər bu dövləti gözdən salmaq, müxtəlif bəhanələrlə qaralamaq, tariximizdən silib farsın əlinə vermək, bir İran dövləti kimi qələmə vermək məqsədilə bir sıra “arqumentlərdən” istifadə etdilər və edirlər də, o cümlədən Səfəvilər sülaləsinin mənşəyinə dair əsassız iddialar, paytaxt seçimi üzərindən aparılan spekulyativ mülahizələr, fars dilinin işlədilməsi faktorunun istismarı və s. bəhanələrlə dövlətin mənşəyinə, ideologiyasına, tarixi roluna haqsız hücumlar təşkil edirlər. Bunların bir çoxu, xüsusilə Azərbaycan tarixçilərinin tədqiqatları sayəsində elmi dəlillərlə təkzib olunub və hətta xarici tarixçilərə də bunları qəbul etdirməkdə müəyyən nəticələr əldə olunub.

Son illərdə isə Səfəvi dövlətinin diskreditasiyası istiqamətində daha çox şiəlik faktorundan istifadə edilir, bu, sırf fars millətçiliyinin təzahürü kimi qələmə verilir. Səfəvi dövlətinin tarixini də məhz şiəlik faktoruna “qurban verib” bütünlüklə heçə endirməyə çalışırlar. Lakin tarixi gerçəklik bundan ibarətdir ki, Səfəvi dövlətinin yaranmasının ideoloji bazasını təşkil edən qızılbaşlıq dini-siyasi hərəkatının nə coğrafi məkan və etnik mühit, nə də inanc sistemi baxımından farsa aidiyyatı yoxdur. Bu məsələ dəyərli tədqiqatlarda (Faruk Sümer, Oqtay Əfəndiyev, İren Məlikova və b.) əsaslı şəkildə tədqiq olunub və sübuta yetirilib.

Tarixşünaslıqda qəbul olunmuş bu tarixi faktlarla hesablaşmamaq, bunlara meydan oxumaqla öz keyfinə görə şərh etmək yolverilməzdir! Millət vəkili Fazil Mustafanın Teleqraf.com-da “Səfəvilər fəlakət tariximizdir” adlı qərəzli müsahibəsi bu qəbildən olan çıxışlardandır. Ən təəssüfedici hal ondan ibarətdir ki, özünün tendensioz fikirlərinə haqq qazandırmaq üçün Fazil Mustafa Məhəmməd Əmin Rəsulzadə kimi nəhəng şəxsiyyətin adından istifadə edir və öz səthi mülahizələrini ona “sırımağa” çalışır.

Məsələn, Fazil Mustafanın “mövcud Azərbaycan Respublikasının qurucuları məhz bu dövləti antisəfəvi tezislər üzərində qurmuşlar” ifadəsi adamda çaşqınlıq yaradır. Aydındır ki, ADR-ın ideoloji təməlini millətçilik, demokratiya kimi məfhumlar təşkil edirdi. Təbii ki, XX əsin əvvəllərində ictimai fikirdə formalaşan məfkurə orta əsrlərdə hakim olan dini-ideoloji düşüncədən tamamilə fərqli idi. Yəni ADR məfkurəsinin orta əsrlər şəraitində yaranmasınımı gözləyirdi Fazil bəy?

Bu kimi anlayışları orta əsr ideologiyasında axtarmaq obyektivlikdən və tarixi anlayışdan uzaq bir düşüncədir. ADR məfkurəsini məhz Səfəvilərə qarşı yönəldilmiş olduğunu bəyan etmək, bunu “antisəfəvi” ifadəsilə xarakterizə etmək dövlətçilik tariximizdə iki möhtəşəm dövrü qarşı-qarşıya qoymaq deməkdir. Bu təxribat kimi görünür və bu ilk növbədə ADR-ın qurucularına qarşı haqsızlıqdır. Çünki Fazil Mustafadan fərqli olaraq M.Ə.Rəsulzadənin həm Şah İsmayılın şəxsiyyətinə, həm də qurduğu dövlətə hörmətlə yanaşdığı şübhə doğurmur.

“Azərbaycan mədəniyyət ənənələri” adlı əsərində M.Ə.Rəsulzadə Şah İsmayılı “həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şair” kimi səciyyələndirərək dövlətçilik və mədəniyyət tariximizdə müstəsna rolunu nəzərə çatdırır və onun qurduğu dövləti məhz Türk varlığının təsis olunması kimi qiymətləndirir. M.Ə.Rəsulzadənin fikirlərini olduğu kimi təqdim edirik: “İllərdən bəri çevrələrindəki xalq kütlələri üzərində, bütün türk ellərindəki dədələr kimi dərin nüfuz və təsir sahibi olan Ərdəbildəki Şeyx Səfi ocağından zühur edən Şah İsmayıl şiə dövlətini qurmaq üzrə hərəkətə keçir. Avropalılarca xalis bir İran sülaləsi sayılan Səfəvi dövlətinin bu müəssisi isə həqiqətdə bir türk sufisi və azərbaycanlı bir şairdi. İstinad etdiyi qüvvət də tamamilə türk qüvvəti idi. Bu məzhəb türkmən qəbilələri, bu qüvvətin kökünü təşkil edirdi. Onun sadə bir türkcə ilə yazılan ilahiləri rəsmi hüdudların çox irəlilərində belə türk topluluqlarının ruhları üzərində müəssir olurdu. Şah İsmayılın sarayı Azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şerdə Xətai təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı.

Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi.

Rəsmi Türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi” (M.Ə.Rəsulzadə. Bolşeviklərin Şərq siyasəti. Bakı: Sabah, 1994).

Fazil Mustafanın müsahibəsində təəccüb doğuran bir başqa tezis: “M.Rəsulzadə ADR-ə “Azərbaycan” adı verməklə guya məhz İran-Səfəvi arealından ayrılmağa çalışırdı” ifadəsidir. Doğrudanmı Fazil Mustafa Cənubi Azərbaycan faktorunu tamamilə heçə sayır? M.Rəsulzadə bu uzaqgörən və müdrik qərarı ilə ayırmaq deyil, əksinə bu gün “Cənubi” adlandırdığımız o taylı Azərbaycanla eyni varlığa sahib olduğumuzu təsdiq etmək, ayrılmaq deyil, əksinə bu bağı tarixdə təsbit etmək üçün seçməmişdirmi?

Bu qəbildən olan fikirlər müsahibədə kifayət qədərdir. Onların tək-tək şərhini verməyi lüzumsuz hesab edirik. Fazil Mustafadan bir millət vəkili kimi təmənnamız odur ki, 500 il əvvələ aid olan tariximizə həvəskarlıq səviyyəsində göstərdiyi “təəssübkeşliyi” Azərbaycan dövlətinin bu günkü problemlərinə yönəltsin. Axı bu, tarixi məsələlərdən fərqli olaraq onun həm də bilavasitə vəzifə borcudur. Axı bizim bugünkü əməllərimiz də tarixə düşəcək. Bu gün biz tariximizə güllə atırıqsa, sabah gələcək bizi topa tutacaq.


Teqlər:





Xəbər lenti