Bakının yeni `Sevirəm` parkı – Fotosessiya

Bakının yeni `Sevirəm` parkı – Fotosessiya
  07 Oktyabr 2016    Oxunub:18577
Bu gün Bakının Xətai rayonunda yeni yaradılan “Sevirəm” park kompleksinin açılışı olub.
Yeni park kompleksinin ümumi ərazisi 3,2 hektardır. Ərazidə aparılan geoloji işlərin nəticəsində neft tullantıları və mərmər tozu aşkar edilib. Ərazinin torpağı mərmər tozundan və neft tullantılarından təmizlənəndən sonra 2016-cı ilin iyunundan parkın yaradılmasına və tikinti işlərinə başlanılıb. Burada işlər sentyabrda başa çatıb.

Ərazidə 4 mindən artıq müxtəlif növ ağac, o cümlədən 30 illik Eldar şamı, 35 illik sərv, 12 illik tuya ağacları əkilib. Yaşıllaşdırma zamanı IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin təşəbbüsü ilə parkda ağacəkmə kampaniyası keçirilib.

Ərazidə təbii daşlardan yonulmuş heykəllər landşaftla vəhdət təşkil edir. Parkda qoyulmuş 14 heykəlin hər biri xüsusi dizaynı və üslubu ilə fərqlənir. Müxtəlif mövzularda olan bu heykəllər Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilmiş “Daşın nəğməsi” birinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində müxtəlif ölkələrdən olan heykəltəraşların yaratdıqları əsərlərdir.

Parkda eləcə də Heydər Əliyev Fondunun dəstəyi ilə “Ürəklər” kompozisiyası təqdim olunur. Bu kompozisiya Bakıya, təbiətə, insanlara olan sevgini əks etdirir. Təqdim olunan “Ürəklər” Azərbaycanın müxtəlif rəssamlarının əl işləri ilə bəzədilib.

Yeni yaradılan park forma və məzmunu, kompozisiyaları ilə seçilir. Məhz bu məzmun zənginliyi parkın ilk gündən sakinlər və qonaqların sevimli məkanına çevriləcəyini deyir. İnsanlar burada həm dincələ, həm də asudə vaxtlarını mənalı keçirə biləcəklər.

Ərazidə velosipedçilər üçün hərəkət zolağı da salınıb.

Parkın gecə mənzərəsi xüsusilə seçilir.

Parkdan fotosessiyanı, eləcə də bu ərazinin köhnə vəziyyətini, necə abadlaşdığını əks etdirən fotoları təqdim edirik:


Qalereya




Teqlər:  





Xəbər lenti