Vatikan yeni Papanın seçilməsi üçün hazırlıqlara başlayıb

Vatikan yeni Papanın seçilməsi üçün hazırlıqlara başlayıb
  03 May 2025    Oxunub:551
Müqəddəs Taxt-Tacda 267-ci Roma Papasının seçilməsi üçün hazırlıqlar görülür.
AzVision.az bildirir ki, Vatikandakı Sikstin Kapellasının damında baca quraşdırılması işlərinə başlanılıb. Bu bacadan çıxan tüstünün rəngi dünyaya yeni Papanın seçilib-seçilmədiyindən xəbər verəcək.

Ənənəyə görə, kardinallar səsvermə turunun başa çatıb-çatmadığını dünyaya bildirmək üçün bacadan çıxan tüstüdən istifadə edirlər. Səsvermə qəti nəticə verməsə, bacadan çıxan tüstü qara olacaq. Əgər Papa seçilərsə tüstünün rəngi ağ olacaq və kilsə zəngləri çalınacaq.

Mayın 7-də Sikstin Kapellasında başlayacaq konklavda 133 kardinal səs verəcək və verilən hər bir səs yandırılacaq. Namizəd üçdə iki səs çoxluğu alana qədər kardinallar gündə 4 dəfəyə qədər səs verəcəklər. Yeni Papanın seçilmək üçün ən azı 89 kardinalın dəstəyinə ehtiyacı olacaq.

Konklav başlayandan sonra izdiham Müqəddəs Pyotr meydanına toplaşaraq bacadan çıxan tüstünün rəngini yaxından izləyəcək. Hazırda dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsi gözləyir.

Xatırladaq ki, katoliklərin ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk aprelin 21-i Vatikanın Müqəddəs Marta Evindəki iqamətgahında 88 yaşında vəfat edib. Mərhum Xorxe Mario Berqolyo Amerika və Cənub yarımkürəsindən seçilən ilk Papa olub.

AzVision.az


Teqlər: Vatikan   Papa   hazırlıq  





Xəbər lenti