Nazirlik əməkdaşı rüşvətə görə həbs edildi

Nazirlik əməkdaşı rüşvətə görə həbs edildi
  27 Fevral 2013    Oxunub:1981
Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktı ilə bağlı saxlanılıb.
. Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Şabran rayon sakininin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial Ekspert Komissiyasının sədri İmran Məmmədovun əlillik dərəcəsinin təyin edilməsi üçün rayon sakinlərindən rüşvət alması barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.

İdarənin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən komissiyanın inzibati binasında məhkəmənin müvafiq qərarına əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallarla vətəndaşın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapıb.

Müəyyən edilib ki, fevralın 20-də TSEK-in sədri İ.Məmmədov xidməti vəzifəsinin icrası ilə əlaqədar xidməti otağında Şabran şəhər sakini Mircabbar Hüseynovdan bacısı Yeganə Abdullayevaya ömürlük əlillik dərəcəsinin təyini üçün 1.500 manat məbləğində pul tələb edib, M.Hüseynov da öz növbəsində həmin məbləği ona rüşvət kimi verib.

Cinayətkar fəaliyyətini davam etdirən İ.Məmmədov eyni məqsədlə ona müraciət edən M.Hüseynovun digər bacısı Qərənfil Abdullayevadan da 1.000 manat məbləğində pulu təkrarən rüşvət kimi alıb.

Baxış zamanı İ.Məmmədovun xidməti otağından 3.600 manat pul, müxtəlif şəxslərin adına olan müayinə işləri və digər sənədlər, yaşadığı evdən isə 31 ədəd bankomat kartları və 15.340 manat məbləğində pul aşkar edilərək maddi sübut kimi götürülüb.

Törətdiyi cinayət əməlinə görə İ.Məmmədov Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. M.Hüseynov isə həmin məcəllənin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda hər iki cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  





Xəbər lenti