"Azərbaycanda ailə modeli milli identikliyin və dini dəyərlərin üzərində qurulub" -Komitə sədri

"Azərbaycanda ailə modeli milli identikliyin və dini dəyərlərin üzərində qurulub"   -Komitə sədri
  23 Dekabr 2024    Oxunub:447
Bakıda “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimləri Forumu keçirilir.
Bakıda "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər" mövzusunda forum keçirilir.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, konfrans cəmiyyətin mənəvi inkişafına töhfə verəcək.

"Bu bir həqiqətdir ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insani resursları ilə zəngin olan əhəmiyyətli bir coğragiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. Ölkəmizdə müxtəlif dinlər və konfessiyalara məxsus xalqlar və etnik qruplar daim sülh şəraitində mövcud olmuş və bu əsasda formalaşmış birgəyaşayış modelinin özünəməxsus unikallığı qorunub saxlanılmışdır.
Bu isə öz növbəsində bizim malik olduğumuz və haqlı olaraq hər zaman qürur duyduğumuz multikulturalizm və tolerantlıq dəyərlərinin əsasını təşkil etmişdir.

Azərbaycanın görkəmli dövlət və din xadimləri, yaradıcı ziyalıları və elm adamları bu ənənələrin yaşadılmasında əsaslı rol oynamış onları nəsildən nəsilə ötürmüşlər.

Azərbaycan Respublikası dünyəvi dövlət və demokratik cəmiyyət modelinə uyğun olaraq, dinin cəmiyyət həyatında oynadığı mühüm rolu hər zaman tanımış və dəstəkləmişdir.

Ölkəmizdə konstitusiya və qanunvericilik çərçivəsində bütün dinlərə bərabər inkişaf, fərqli mədəniyyətlərə mənsub insanlara isə birgə bə yanaşı yaşamaq imkanları təmin edilmişdir.

Azərbaycan Respublikas ənənəvi multikulturalizm və tolerantlıq siyasətini bu gün də davam etdirərək müxtəlif dinlərə və mədəniyyətlərə mənsub insanların harmoniya şəraitində bir-birini zənginləşdirməsini təmin etməkdədir.

Azərbaycan dövlətinin əsaslandığı dünyəvilik prinsipləri milli və dini dəyərlərin əhəmiyyətini xüsusi vurğulamaqla onu həyatımızın əsas məzmunu, ailə institutunun isə dayağı kimi müəyyən edir.

Bu baxımdan Azərbaycan ailə modeli də milli identikliyin və dini dəyərlərin üzərində qurulmuşdur.

Bu dəyərlərin düzgün təbliği isə ailə institutunu hər cür kənar təsirlərdən qorumaqla, onu cəmiyyətin əsası, insan hüquqları və azadlıqlarının ailə və cəmiyyət üzərindən müdafiəsi, həmçinin uşaq və gənclərimizin sağlam və təhlükəsiz şəraitdə ahəngdar inkişafına yönəlmişdir.

Odur ki, dini maarifləndirmə işi yalnız dini icmalar və ibadət ocaqları ilə məhdudlaşmayaraq müvafiq dövlət orqanlarının da fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.

Hazırda ölkəmizdə daha geniş kütlələri əhatə etmək üçün ənənəvi üsullara istinad etməklə yanaşı, müasir metodlar tətbiq edilir, digər ölkələrin müsbət təcrübəsinə də diqqət yetirilir".

Komitə sədri qeyd edib ki, ailə məsələləri, qadın və kişilər arasında bərabərliyin təmin edilməsi sahəsində problemlərin həllinə din xadimlərinin də cəlb olunmasıyla müxtəlif seminar və treninqlər təşkil edilir bu sahədə müvafiq dövlət orqanları və ictimaiyyətin imkanları səfərbər olunur:

"Məktəblərdə və tədris müəssisələrində uşaqlara milli-mənəvi dəyərlərin aşılanması üçün xüsusi proqramlar təşkil olunur. Lakin son onilliklərdə insanlıq dünyanın müxtəlif mərkəzlərində hazırlanaraq bizim də daxil olduğumuz regionlarda reallaşdırılmasına xüsusi səylər göstərilməkldə olan rəngarəng layihələr həyata keçirməyə, radikal dini təmayülləri yaymağa çalışan qrupların intensiv fəaliyyətinin zərərli təsirləri ilə üz-üzədir.

Millətlərin identikliyi, dini dəyərləri və inancları, hər şeydən daha çox isə ənənəvi ailə dəyərlərinin dayaqlarının zəiflədilməsinə külli miqdarda maddi, siyasi və insani resurslar sərf edilməsi bizi daha sayıq olmağa və daxili gücümüzü səfərbər etməyə vadar edir.
Bu sayaq cəhdlərin, radikal dini təsirlərin qarşısını almaq üçün cəmiyyətin müxtəlif təbəqələri, xüsusilə də uşaqlar və gənclər arasında düzgün dini savadlılığın artırılması diqqətdə saxlanılmalı, aidiyyəti dövlət orqanları maarifləndirici tədbirlərə üstünlük verməlidirlər.

Müvafiq dövlət orqanları arasında əlaqələndirilmiş maarifləndirmə proqramlarnın icrası ilə yanaşı, qadınların hüquqlarının təmin edilməsinə, onların ailədə və cəmiyyətdə getdikcə artan roluna uyğun mövqelərə əlçatanlığının təmin olması üçün dinlərin mütərəqqi mesajları da geniş təbliğ edilməlidir.

Dini maarifləndirmə qadınların təhsili və iqtisadi gücləndirilməsi imkanlarının artırılmasına dair məlumatlandırılmasında da istifadə edilə bilər.

Multikultural və Tolerant Cəmiyyətin Gücləndirilməsi sahəsində Azərbaycanın indiyədək mövcud təcrübəsi də eyni dərəcədə dini və milli dəyərlərin harmoniyasına əsaslanaraq, dinlərarası dialoq vasitəsilə ailə institutunun gücləndirilməsini dəstəkləyir.

Etnik və dini müxtəlifliyə malik ailələrin hüquqları həm qanunla, həm də adət və ənənələrimiz vasitəsilə qorunmaqdadır.

Bu çərçivədə maarifləndirmə sahəsində əldə edilən təcrübəmiz bir çox aspektinə görə uğurlu hesab edilməkdədir.
Lakin Müasir dövrdə ən zərərli meyllərdən olan dəyərsisləşdirmə, dini radikalizm və savadsızlığın yayılmasının qarşısını almaq üçün dini təhsili müasirləşdirmək və gənclər arasında düzgün dini dəyərləri müasir metodlarla təbliğ etmək vacibdir.

Sosial media və onlayn platformalardan istifadə etməklə gənc nəslə düzgün dini biliklər çatdırıla bilər. Həmçinin dini maarifləndirmə tədbirləri qadınların hüquq və azadlıqlarını dəstəkləməli, onların cəmiyyətdəki rolunu gücləndirməyə yönəlik mesajlara üstünlük verməlidir.

Ailə, qadın və uşaq məsələlərində dini liderlərin maarifləndirici rolu artırılmalıdır. Din adı altında ailələrə və uşaqlara mənfi təsir göstərən ideologiyaların qarşısının alınması üçün ictimaiyyətlə işə xüsusi diqqət edilməli, gənclərin dini radikal qrupların təsirinə düşməsinin qarşısını almaq üçün tədbirlərə Dini liderlər də cəlb olunmalıdır.

Əlaqədar dövlət qurumları və vətəndaş cəmiyyəti orqanlarının birgə fəaliyyəti dini radikalizmlə mübarizədə effektiv nəticələr verə bilər.

Ciddi nəticələr verəcəyinə ümid etdiyimiz təsirli maarifləndirmə proqramları üzərində işləmək üçünsə ilk növbədə mövcud vəziyyətin təhlili və obyektiv hesabatlar tərtib olunması sahəsində birgə layihələr reallaşdırılmalı, onların nəticələrini qiymətləndirmək və təkmilləşdirmək üçün mütəmadi tədqiqatlar aparılmalıdır. Digər ölkələrin ailə və dini maarifləndirmə sahəsində təcrübələrindən faydalanaraq yerli modellər inkişaf etdirilməlidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin indiyədək mövcud olan birgə fəaliyyəti Azərbaycan cəmiyyətində mənəvi və sosial inkişafın təmin olunmasında mühüm rol oynayır.

Bir daha vurğulamaq ustərdim ki, Dini maarifləndirmə yalnız dini biliklərin çatdırılması üçün deyil, eyni zamanda ailənin, qadın və uşaqların hüquqlarının qorunması üçün güclü bir vasitədir.

Bu ilin iyun ayında milli qanunvericiliyimizə, o cümlədən Cinayət və İnzibati Xətalar Məcəllələrinə erkən nikah (176-2)və yaxın qohumları arasında nikahların qadağan edilməsinə dair(12 maddə) müvafiq dəyişikliklərin, həmçinin Dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutan(189-2 və 189-3 cü) maddələrin əlavə edilməsinin erkən evlilik və qohumlar arasında nikahlarla mübarizədə əhəmiyyətli addım olmasını vurğulamaq istərdim.

Həmçinin Dini Etiqad Azadlığı haqda qanunun 29 cu maddəsi ilə müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi üçün DQİDK ni maarifləndirməni həyata keçirəcək 15 qurum siyahısına daxil edilməsini və dini təhsil müəssisələrində erkən və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üçün müvafiq vəzifələr qoyulması bu sahədə din xadimlərinin də geniş cəlb olunmasını şərtləndirir.

Bu vəzifələrin icrasıyla dövlət orqanları vətəndaş cəmiyyəti qurumları, media quruluşlarının və din xadimlərimizin əməkdaşlığı nəticəsində ailə dəyərlərimiz daha yaxşı qorunacaq, qadın və uşaqların hüquqları təmin ediləcək və cəmiyyətimiz radikal təsirlərdən daha uzaq saxlanılacaqdır.
Qarşımızda isə bu əməkdaşlığı daha da genişləndirmək və cəmiyyətimizin bütün təbəqələrini daha təsirli şəkildə əhatə etmək vəzifəsi dayanır".

AzVision.az


Teqlər:





Xəbər lenti