Trampın İran siyasəti necə olacaq? – TƏHLİL

Trampın İran siyasəti necə olacaq? – TƏHLİL
  16 Yanvar 2017    Oxunub:5789
Məşhur amerikalı strateq Zbiqnev Bjezinskinin Robert M.Qeyts ilə birlikdə yazdığı "İranın Zamanı Gəldi" adlı kitabında deyilir: "İran fiziki və simvolik baxımdan Orta Şərqin mərkəzi rola sahib ölkəsidir. Bu nöqtədən baxdıqda, İran beynəlxalq müstəvidə elə bölgənin özü deməkdir. ABŞ-ın regional maraqları baxımından geniş geosiyasi imkanlara malikdir. İran Orta Şərq böhranın tam mərkəzində yerləşir".

Bjezinski "Böyük Şahmat Taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri" adlı kitabında İranın əhəmiyyətinə toxunaraq, yazır ki, ABŞ davamlı olaraq İranla düşmən mövqeyində qala bilməz, milli maraqların tələbinə uyğun şəkildə bu ölkəyə qartşı davranışlarda yumşalma olmalıdır.

Amma deyəsən, bu məsələt elə kağız üzərində də qalacaq.

Trampın İran xətti

2 il əvvəl Tehranla "altılıq ölkələri" (ABŞ, Britaniya, Fransa, Almaniya, Rusiya, Çin) arasında aparılan danışıqların yekunu olaraq, Vyanada İranın nüvə proqramına dair razılaşma əldə edildi. Ümid yarandı ki, İranın nüvə proqramı ətrafındakı gərginlik səngiyəcək. Lakin anlaşma ilə bağlı ABŞ Prezidenti Barak Obamanın fikirləri müəyyən tərəddüdlərə yol açırdı. O, demişdi ki, "Vaşinqton Tehrana qarşı sanksiyaları qüvvədə saxlayacaq. Sanksiyalar insan haqlarının pozulması və ballistik raketlərin hazırlanması proqramı ilə bağlıdır”.

Prezident seçkilərində qalib gələn respublikaçı namizəd Donald Tramp isə anlaşmaya münasibətində bildirirdi ki, bu razılaşmanın nəticəsində İran özünü dünyanın iri neft ehtiyatlarına malik ölkələrindən biri sayılan İraqa nəzarəti ələ keçirmək üçün hazırlayacaq.

Maraqlıdır ki, Zbiqnev Bjezinski "İranın zamanı gəldi" kitabında vəziyyətin özü-özünə dəyişəcəyinə inanaraq, belə yazır: "Birləşmiş Ştatlar İran xalqı və dünyanın digər xalqları arasında mədəni, siyasi və iqtisadi əlaqələri genişləndirəcək addımlar atmalıdır. Bu məqsədlə ABŞ İrandakı ictimai təşkilatları siyasi dövriyyəyə salmalı və İranın Dünya Ticarət Təşkilatına üzvlüyünə müsbət yanaşmalıdır. İranın təcrid edilməsi oradakı mühafizəkarları gücləndirər. İranın rəsmi orqanları, təşkilatları ilə birlikdə onun xalqlara qaynayıb-qarışmasını və beynəlxalq ictimaiyyətlə ünsiyyətini təmin etmək lazımdır. Beləliklə, ölkə daxilində daha yaxşı liberal idarəçilik, demokratiyaya meyl güclənəcək".

Donald Tramp çıxışlarında dəfələrlə bildirib ki, İranla nüvə razılaşmasını ləğv edəcək. Sözsüz ki, bu kimi fikirlər İran mühafizəkarlarının anti-Amerika siyasətini bir qədər də gücləndirdi, nəticədə daxildə radikal islamçıların mövqeyi möhkəmləndi. Elə bunun nəticəsi idi ki, Trampın müqaviləni ləğv edəcəyi ilə bağlı açıqlamasında dərhal sonra prezident Həsən Ruhaninin "Biz bu müqavilənin pozulmasına icazə verməyəcəyik" deməsi, əslində “islahatçılar”ın daxildən güclü təzyiqlə qarşılaşacaqlarına dəlalət edirdi. Ruhaninin əsas dəstəkçisi Rəfsəncaninin vəfat etməsi nüvə razılaşmasını bir qədər də zərbə altında qoydu.

Təbii ki, Trampın razılaşmanı pozması başda Həsən Ruhani olmaqla, islahatçıların mühafizəkarlar qarşısında məğlub olması deməkdir. Trampın anti-İran baxışlı Maykl Pompeonu CİA rəhbəri, Maykl Flinni müdafiə naziri görmək istəyi də artıq bir sıra gedişatlardan xəbər verir. Respublikaçılar Trampın İranla bağlı atacağı hər bir addımı tam dəstəkləyirlər.

Beynəlxalq səviyyədə ancaq Çin Donald Trampın İranla əldə olunmuş nüvə razılaşmasını ləğv edəcəyi barədə açıqlamasına sərt reaksiya göstərib. Bu da Çinin İranın dərdinə qalmasından irəli gəlmir. Bu, əslində Trampın vaxtilə Çini sərt tənqid etməsindən qaynaqlanır. Bunun nəticəsi idi ki, Tramp prezident seçildikdən sonra əksər dövlət rəhbərindən təbrik məktubları aldığı halda, bircə Çin rəhbərliyindən nə şifahi, nə də yazılı təbrik almışdı.

Respublikaçıların yeni xarici siyasət konsepsiyasında İranın yeri

İrana qarşı 1996-cı ildən tətbiq edilən sanksiyalar 2016-cı ildə daha 10 il uzadıldı. Bu, 2015-ci ildə əldə olunmuş nüvə razılaşmasını zərbə altında qoyan ilk addım idi. Amma 2016-cı ilin dekabr ayında ABŞ-ın "Boeing" və İranın "İran Air" şirkəti arasında saziş imzalandı. Sazişə görə, İran ABŞ-dan 80 ədəd "Boeing" təyyarəsi alacaq.

Amma respublikaçıların İranla əlaqədar fərqli xarici siyasət yürüdəcəyini təxmin etmək o qədər də çətin deyil. Böyük ehtimalla, respublikçıların İran xətti demokratlarınkından tamamilə fərqlənəcək. Söhbət siyasi, iqtisadi və mədəni sahələrdə sərt addımların atılmasından gedir. Ehtimal etmək olar ki, Tramp administrasiyası İranı sıxışdıracaq, ciddi təzyiq göstərəcək. Hərbi təzyiq çox güman ki, olmayacaq. İranı təcrid etmək, bacardıqca Tehranı bir sıra regional və subregional məsələlərdə offsayd vəziyyətində saxlamaq kursu yürüdüləcək.

Bütün bunların fonunda Avropa Birliyi-nin lider ölkərinin 2015-ci ildə İranla imzaladıqları iqtisadi müqavilələri ciddi sual altında düşür.

Ümumilikdə, ABŞ-ın yeni xarici siyasət konsepsiyasında İran `düşmən ölkə` sayılır və onunla hansısa pozitiv əməkdaşlıqdan söhbət gedə bilməz.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti