`Üzən məzənnə` necə olur? – TƏHLİL

`Üzən məzənnə` necə olur? – TƏHLİL
  21 Yanvar 2017    Oxunub:5379
Son günlər yeni müzakirə və mübahisə mövzusu ortaya çıxıb ki, Mərkəzi Bankın (AMB) cari ilin yanvarın 12-dən etibarən valyuta hərraclarının keçirilməsi qaydalarını növbəti dəfə dəyişdirməsi, yəni daha yeni formaya doğru təkmilləşdirməsindən, həmçinin kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı ləğv etməsindən sonra manat "tam üzən məzənnə" rejiminə keçib, ya yox... Qeyd olunan məsələyə dair AMB İdarə Heyəti sədrinin müavini Aftandil Babayev aydınlıq gətirərək söyləyib ki, artıq, manatın məzənnəsini banklar müəyyən edir və bu isə o deməkdir, məzənnə tam liberal əsasda formalaşır.

Bəs, əslində vəziyyət necədir? Manatın dəyəri həqiqətənmi tam sərbəst buraxılıb? Yeri gəlmişkən, yanvarın 12-dən sonra manatın ucuzlaşması prosesinin daha da sürətləndiyi göz qabağındadır.

Məsələ bundadır ki, Azərbaycan şəraitində bir sıra proseslərin özünəməxsus xarakter daşıdığını nəzərə alsaq, o cümlədən, iqtisadiyyatımızda mövcud olan bir sıra xüsusiyyətlər fonunda manatın dəyərinin əslində, 2015-ci ilin dekabrın 21-i tarixdən, yəni ikinci devalvasiyadan sonra sərbəst buraxıldığını deyə bilərik. Sadəcə olaraq, AMB tərəfindən keçirilən hərracların mexanizmində bir bəsitlik var idi ki, bu da birdən-birə deyil, getdikcə təkmilləşdirilə bilərdi.

Bundan əlavə, sözsüz ki, kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanın özü də ciddi məhdudiyyətlər yaradırdı ki, bunu da birdən-birə ləğv etmək qətiyyən olmazdı. Yəni, bütün bunlar üçün vaxt tələb olunurdu.

Təəssüf ki, bəzi "iqtisadçı-ekspertlər" isə bunu belə izah etmir və əksər halda bilərəkdək səhv, yanlış izahat irəli sürürlər. Məsələn, tez-tez Rusiyanı, Qazaxıstanı, Ukraynanı misal gətirən bu nəzəriyyəçi iqtisadçı `mütəxəssislər` Azərbaycanda milli pul vahidinin dəyərini xeyli əvvəldən, hətta 2014-cü ilin yayından neftin qiyməti düşməyə başladıqdan bir az sonra dərhal buraxılmalı olduğu fikrini təkrar edirlər. Və AMB-nin 11 milyard dollardan çox ehtiyatını itirdiyini tez-tez misal gətirərək, öz qərəzli və savadsız mülahizələrini içtimaiyyətin beyninə yeritməyə çalışırlar.

Halbuki, AMB-nin valyuta ehtiyatlarının göstərilən həcmdə əriməsi ilə manatın dəyərinin vaxtında sərbəst buraxılmaması arasında heç bir ciddi əlaqə yoxdur və ola da bilməzdi. Yəni ki, manat əgər, hələ 2 il öncədən - 2015-ci ilin əvvəlindən sərbəst buraxılsa idi, Mərkəzi Bankımızın rəsmi valyuta ehtiyatları yenə əriməkdə davam edəcəkdi. Bunu elə həmin "iqtisadçı-ekspertlərin" misal çəkdikləri Rusiya, Qazaxıstan və Ukraynanın da təcrübələri sübut edir. Belə ki, neftin qiyməti enməyə başladıqdan sonra demək olar, bütün ölkələrin valyuta ehtiyatları əridi. Və bunların əksəriyyəti valyuta bazarları sərbəst tənzimlənən, o cümlədən kəskin devalvasiyaya gedən ölkələr oldu.

Məsələn, qeyd edilir ki, şimal qonşumuzda hökumət çox ağıllı iş görərək, 2014-cü ilin noyabrından rublun məzənnəsini sərbəst buraxdı və gərək, biz də o cür edərdik. Bu cür məntiqsiz fikir irəli sürənlərdən soruşmaq istəyirəm: Rusiya 2015-ci il ərzində öz valyuta ehtiyatlarından az vəsait itirdimi? Konkret statistika gətirib oxuyucuları yormaq istəmirəm. Amma təkcə bir faktı nəzərə çatdırım ki, 2014-cü ilin noyabr ayının sonuna Rusiya Federasiyasının Beynəlxalq ehtiyatları 420,5 milyard ABŞ dolları həcmində idisə, 2015-ci ilin əvvəlinə bu rəqəm 386,2 milyard, həmin ilin noyabrına isə 364,5 milyard, bu ilin yanvarın 6-na 377,7 milyard dollar təşkil etmişdi.

Digər tərəfdən, bir cəhəti də qeyd edim ki, adları çəkilən ölkələrin iqtisadiyyatları ilə Azərbaycan iqtisadiyyatını müqayisə etmək özü də sadəcə olaraq, axmaqlıqdır. Əgər bizdə də hökumət və AMB milli valyutanın məzənnəsini ilk gündən sərbəst buraxsaydı, indiyədək sonuncu adı çəkilən qurumun valyuta ehtiyatları tamamilə tükənmiş, üstəlik Neft Fondunun da vəsaitlərindən yarıdan çoxu xərcləmiş olardı.

Odur ki, Azərbaycanda hökumət manatın məzənnəsini əvvəl idarəolunan, hazırda isə yuxarıda qeyd etdiyimiz kimi valyuta hərraclarının keçirilməsi mexanizmini yavaş-yavaş təkmilləşdirmək, sonda isə kommersiya bankları üçün xarici valyuta alışı və satışı üzrə tədbiq olunan -/+4-lik marjanı da ləğv etmək yolu ilə tam sərbəst tənzimlənən rejimə keçirtməklə əslində, valyuta ehtiyatlarımızı bacardıqca qorumaq siyasəti yürütdü. Və buna əhəmiyyətli dərəcədə də nail olub.

Bu, məsələnin birinci tərəfi… İkincisi, AMB İdarə Heyəti sədrinin müavini A.Babayev qeyd edib ki, manatın orta çəkili məzənnəsi həm hərracda, həm də elə həmin gün hərracdan kənar banklararası açıq bazarda aparılan əməliyyatlar nəticəsində müəyyən olunur ki, həmin məzənnə də rəsmi məzənnə kimi elan olunsa da, bu, onun məhz inzibati yolla təyin edildiyini göstərmir. Yəni ki, manatın orta çəkili məzənnəsinə təkcə hərracdakı qiymət deyil, ondan kənar əməliyyatların nəticələri də təsir edir. Sual edirəm ki, "tam üzən məzənnə" rejimi məgər, necə olur?

Sözün qısası, ölkəmizdə "tam üzən məzənnə" rejimi məhz bu mexanizmdən ibarətdir. Bundan artıq, tələb və təklif nisbəti üzrə müvafiq nəticələr gözləməyə dəyməz və bu, tamamilə absurd fikirdir. AMB məhz uzunmüddətli hazırlıqdan sonra bu mərhələyə gəlib çatıb ki, Azərbaycanda manatın öz real məzənnəsini bundan sonra da məhz bu cür mexanizm çərçivəsində tapacağını gözləmək lazımdır.

O ki qaldı valyuta bazarı iştirakçılarına, başqa sözlə desəm, xarici valyuta - dollar təklifi ilə yalnız Neft Fondunun çıxış etməsi məsələsinə, banklar iqtisadiyyatın real sektoruyla qarşılıqlı əlaqəyə nail olduqca və bu sahədə tələb olunan müvafiq əməkdaşlıq prosesi bərpa olunduqca bu müstəvidə də müsbət dəyişikliklərin, yəni tədricən alternativ imkanların təşəkkül tapacağının şahidi ola biləcəyik...

Ancaq hazırda əsas fakt odur ki, manatın məzənnəsi üzrə son günlər ərzindəki dəyişikliklər tempi və dinamika onun arxasında hələki yalnız neft amilinin durmasına baxmayaraq, hər halda səbəst şəkildə üzə bildiyini göstərir.

Və sonda… Manatın, -/+4-lik marja ləğv olunduqdan sonra isə daha sürətlə ucuzlaşması prosesi müvəqqəti haldır. Belə ki, hələ heç də bütün banklar vəziyyətə uyğunlaşmayıblar. Bu, bir qədər vaxt aparacaq. Odur ki, narahatlığa heç bir əsas yoxdur.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti