Bayraqçılar olaqmı?

Bayraqçılar olaqmı?
  07 Oktyabr 2013    Oxunub:1448
Cavidan

Təhsil Nazirimiz bu yaxınlarda Lənkərana səfər edəcək.
Azərbaycan Valideyn Müəllim Assosasiyası filialı nümayəndələri olaraq, qəbula yazılmışıq.
Elə bu görüşün necə keçəcəyini iş yoldaşım Vüsalə xanımla otağımızda götür-qoy etdiyimiz vaxtda tənəffüs başlayır və açıq qapımızın önündən keçən məktəblilərin səliqəli, xoş görünüşləri göz oxşayır.

- Oğlanlı-qızlı, hamı qara rəsmi qalstuk taxır, - deyirəm, - biz amma pioner qalstuku taxardıq, hər halda, məktəblinin bir fərqi olmalıdır böyüklərdən.
- Biz isə sonuncu pionerlər olduq, - deyir Vüsalə və ardından tarixi bir xatirə danışmağa başlayır...

***

1990-cı ilin Qanlı Yanvar olayı vaxtlarında baş verib bu hadisə.
Onlarla məktəblinin pioner sıralarına qəbul olunması tədbiri zamanı, hamının cərgə ilə düzüldüyü vaxtda, ağappaq zərflər ortalığa gətirilib və zərflərin içindən qırmızı rəngli, sovet pioneri qalstukları əvəzinə, ayparalı-ulduzlu üçrəngli Azərbaycan bayrağı kimi hazırlanmış qalstuklar çıxır.

Bu sürpriz qanları dondurur həmin anlarda, gözlənilməz olduğu qədər də, riskli və xoş olur, hamının gözləri yaşla, köksü qürurla dolur.

Həmin məktəblilər, Sovet imperiyasının hələ var olduğu günlərdə boyunlarına Azərbaycan bayrağı taxmış ilklər, birincilər olmuşdu.

Bu qalstukları isə valideynlər öz əlləri ilə tikib hazırlamışdılar.

***

Vüsalə öz xatirəsini danışıb bitirən kimi dillənirəm:
- Gəl edək bunu!
- Necə gözəl olar! – gözləri sevinclə dolur, - elə Bayraq günü edə bilərik, gözəl bir tədbir, sonda da uşaqlara üçrəngli bayraq kimi qalstukların təqdimatı.
- Simvolik olaraq, ibtidaini bitirmiş uşaqlardan təhsili və nizam-intizamı ilə seçilənlərindən bir qrupunu ayıraq ilk olaraq, onları bayraqçılar elan edək, məktəbin nümunəvi şagirdləri kimi elan edək.
- Həə, hamı onlar kimi olmağa can atsın, bayrağa, vətənə, dövlətçiliyə sevgi hissləri, boynunda bayraq gəzdirməyin verdiyi qürur, daha nələr...
- Mən bunu təklif kimi mətbuata çıxaracam.
- Əla! İlk bayraqçılar bizim məktəbdən olsunlar, sonra bütün məktəblərdə hər bayraq günündə ən seçilən şagirdlər təltif olunsunlar beləcə.
- Yuxarı siniflərdə isə Dövlət gerbi və üçrəngli alov şəklində döş nişanları.
- Demək, bayraqçılar?
- Bayraqçılar!

***

Bu, sadəcə bir ideyadır, bir təklifdir, Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli Humanitar Təmayüllü Məktəb-Liseyin Valideyn Müəllim Assosasiyasıın üzvləri tərəfindən irəli sürülür, imkanımız daxilində, qarşıda gələn Bayraq günü münasibəti ilə məktəbimizdə tədbir və təqdimat keçirməyə çalışacağıq.
Yeni əsrin ilk bayraqçılarını seçəcəyik.
Şagirdlərimizi vətənpərvər, dövlətçi, bayraqçı görmək diləyilə!


Teqlər:





Xəbər lenti