“Sinəsini və yanını böyütmək istəyən kişilər də var” – MÜSAHİBƏ (VİDEO)

“Sinəsini və yanını böyütmək istəyən kişilər də var” – MÜSAHİBƏ (VİDEO)
  01 May 2018    Oxunub:10376
"Saatlarla güzgünün qarşısında dururlar, insanların arasına çıxmağa utanırlar”
Plastik, rekonstruktiv və estetik cərrah İlyas Axundzadənin AzVision.az-a müsahibəsi:

- Plastik-estetik cərrahiyə deyəndə insanların gözü önünə burun, dodaq, sinə böyütmə, kiçiltmə əməliyyatları gəlir. Amma cərrahiyənin bu növü daha geniş anlamdadır. Niyə insanların beynində məhz plastik cərrahiyə formalaşıb?



- Təəssüf ki, plastik cərrah dedikdə ilk növbədə burun, yağ çıxartma, piy çıxartma əməliyyatları insanların və hətta həkimlərin ağlına gəlir. Halbuki, plastik, rekonstruktiv və estetik cərrahiyyə adlandırıdığımız sahə çox böyükdür və mübaliğəsiz deyə bilərik ki, günümüzün ümumi cərrahiyəsi qədər geniş məfhumdur. Bizim ixtisasımıza aid sahələr bunlardır: yanıqlar və onların fəsadlarının aradan qaldırılması, dəri və yumuşaq toxumaların törəmələri və cərrahi xəstəlikləri, kəllə və üz-çənə cərrahiyəsi, mikro və əl cərrahiyəsi, uşaqların anadan gəlmə qüsurlarının cərrahiyəsi və estetik-gözəlləşdirmə cərrahiyası. Kifayət qədər geniş və sahədir.



- Etiraf edək ki, bunların arasında estetik cərrahiyə daha çox inkişaf edib. Sizcə, bunun səbəbi nədir?

- Səbəbin dərin kökləri var. Bu, ölkəmizdə yeni sahədir. Tibb Universitetində və Səhiyyə Nazirliyinin planında bununla bağlı müvafiq kafedralar yoxdur. Ona görə də nə xəstələr, hətta həkimlər sahəmizi yaxşı tanıyır. Məncə, ən böyük səbəb bundadır.

- Sizə müraciətlər daha çox nə ilə bağlı olur?

- Plastik, rekonstruktiv və estetik cərraha ən çox müraciətlər burun əməliyyatları ilə bağlı olur. Bundan əlavə üz dartma, bədəndə, xüsusilə də qadınlarda süd vəzilərinin problemləri, liposaksiya-piylərin çəkilməsi kimi məsələlərlə əlaqədar müraciət edənlər də var.



- Yəqin ki, müştəriləriniz arasında kişilər də var...

- Qadınlar gözəl görünməyə can atırlar. Amma son zamanlar kişilər də bu mövzuya maraq göstərirlər. Kişilər ginokomastiya - yəni döşlərin həddindən artıq böyük olması və sallanması ilə bağlı müraciətlər edirlər. Həmçinin burun şəklinin dəyişdirilməsi ilə bağlı kişilərdən daxil olan müraciətlər artıb. Bundan əlavə sinə və yan nahiyələrin böyüdülməsi üçün də müraciət edənlər var.

- Bəs, cinsiyyətin dəyişdirilməsi ilə bağlı müraciətlər edilirmi?

- Hazırda bu sahədə ən böyük problem legitim məsələlərdir, yəqin buna icazə verən qanun yoxdur. Amma hər plastik cərrahin tədrisində bu əməliyyatlar keçirilir. Ege Universitetində rezident olduğumuz dövrdə belə əməliyyatları icra etmişik. Cərrahi yönünü bilirik. Əlbəttə, cinsiyyət dəyişilmə əməliyyatı üçün bizə də müraciətlər olur, lakin hüquqi baza olmadığı üçün biz onları qəbul etmirik.



- Son vaxtlar hansı yeni plastik cərrahiyə növləri tətbiq edilir?

- Yeni istifadə olunan plastik cərrahiyədən biri də arxanın – sağrıların böyüdülməsidir. Bu, iki növ əməliyyatla mümkündür. Birincisində silikon protezdir. İkinci metodda isə xəstənin bədən və ya bud nahiyyəsindən piy çəkilərək vurulur. Belə əməliyyatlıar ilk növbədə Brazilyada inkişaf etdirilib, daha sonra Avropa ölkələrinə və nəhayət, bizə gəlib çıxıb. Amma bu əməliyyatda bizdə çox böyük tələb görmürəm. Ara-sıra müraciət edən xəstələrimiz olur.

- Sizcə, gözəllik naminə əməliyyatlara girmək lazımdırmı?

- Burada professional davranışdan danışmaq istəyirəm. Plastik cərrahiyə Azərbaycanda yeni sahədir və bir çox sahələrdə çatışmazlıqlar var. Həmçinin mediada insanların beyninə yeridilən fikirlər normadan kənardır. Estetik əməliyyat olmaq istəyən xəstənin öz istəyi olmalıdır. Başqa bir kəs, hətta həkim bu mövzuda məsləhət verməməlidir. Həkim xəstənin istəyini real və ya qeyri-real, qeyri-mümkün olduğunu deməlidir. Xəstə mütləq öz istəyindən əmin olmalıdır və istəyini tam səlis ifadə etməlidir. Plastik cərrahların ən çox qarşılaşdığı və ən böyük problemlərdən biri odur ki, çox vaxt bizə ruhən xəstə insanlar müraciət edir. Bizim əsas məqsədimiz onları vaxtında seçmək, əməliyyat etməmək və psixiatra göndərməkdir.

- Ruhən xəstə deyəndə, kimləri nəzərdə tutursunuz?

- Onların istədikləri gerçək olmur. Məsələn, düzgün motivasiya çox önəmlidir. Xəstə niyə əməliyyat olmaq istəyir? Kifayət qədər əyri burunla nəfəs problemi varsa, əməliyyat olmaq istəyirsə, bu, normaldır. Yoxsa cüzi deformasiyası olan burunla əməliyyat olmaq istəyi anormaldır. Xəstə deyir ki, “bundan çox əziyyət çəkirəm, gündə saatlarla güzgünün qarşısında vaxt keçirirəm. İnsanların arasına çıxmağa utanıram”. Bu zaman başqa problemin olduğu sezilir. Kiçik 2 mm-lik əyrilik problem deyil, problem psixi xəstəliyidir. Biz bunları seçmək məcburiyyətindəyik. Özünü kimlərəsə də oxşatmaq istəyənlər olub. Bunlar gənc yaşlarında olan və tamamilə ciddi fikri olmayan insanlardır. Bu yaxınlarda 18 yaşında oğlan müraciət etmişdi. Kanadanın rok qrupun üzvünün şəklini göstərib deyir ki, mən belə olmaq istəyirəm. Bu şəkildə müraciət edən xəstələr normal istək sərgiləmirlər.









Aytən Zəhra
Foto:Elvin Abdulla
Video:Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Plastikcerrah  





Xəbər lenti